Avropa Məhkəməsi Azərbaycanla bağlı 2 qərardad elan edib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sentyabr ayının 28-də Azərbaycanla bağlı 2 qərarardad elan edib.

Sirac Kərimli Azərbaycana qarşı

Bu iş narkotik vasitələrin qeyri-qanuni ticarəti ittihamı ilə mühakimə olunan ərizəçinin milli məhkəmələrdəki icraatlar zamanı metal qəfəsdə saxlanılmasının qanunsuzluğu iddiaları ilə bağlı idi. Ərizəçi AİHM qarşısında Konvensiyanın 3-cü maddəsinin pozuntusuna – qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qaldığını iddia edirdi.

Araz Quliyev Azərbaycana qarşı

Bu işdə jurnalist olan ərizəçi qanunsuz silah saxlama, dini nifrətin qızışdırılması, ictimai iğtişaşların təşkili, dövlət bayrağına qarşı təhqiramiz hərəkətlər və dövlət rəsmilərinə qarşı zorakılıqda ittiham edilməsinin ardınca 8 illiyə məhkum edilmişdi. İddiaya görə, hadisələr digərləri ilə yanaşı ərizəçinin Masallı rayonunda keçirilən folklor festivalına etiraz etməsi, bu kontekstdəki digər hərəkətlərindən sonra baş verib. Ərizəçi iddia edirdi ki, onun məhkəməsi ədalətli olmayıb – onun məhkum edilməsində əsas rolu oynayan şəxslərlə – zərərçəkmiş şəxslə, habelə, evində silah tapılması ilə yekunlaşmış axtarış zamanı ruhi xəstə olduğu iddia edilən şahidlə üzləşdirilməsinə imkan yaradılmayıb, məhkəmə onun ifadələrini mötəbər qəbul edib. Ərizəçi AİHM qarşısında Konvensiyanın 6.1 və 6.3-cü maddələrinin pozuntusunu qaldırmışdı.

AİHM hər iki ərizəni qəbuledilməz sayıb.