Avropa Məhkəməsi Azərbaycanla bağlı 10 qərar və qərardad elan edib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabr ayının 19-da Azərbaycandan göndərilmiş 15-dən artıq ərizə üzrə 10 qərar və qərardadını elan edib.

Samir Əliyev Azərbaycana qarşı

Bu məhkəmə işi ərizəçinin məhkəməyəqədər həbs edilməsi ilə bağlı idi. Ərizəçi onun məhkəməyə qədər həbs edilməsi və həbs müddətinin uzadılması barədə qərarlardan daxili məhkəmələrə şikayət edib. Daxili məhkəmələrsə məhkəməyəqədər həbsdə saxlanılması üçün əsasların olmaması ilə bağlı ərizəçinin şikayətlərini rədd etmişdi. Ərizəçi ona münasibətdə 5.3-cü maddənin pozulduğunu iddia edirdi.

AİHM bu işdə hesdab edib ki, ərizəçinin məhkəməyəqədər 1 il 6 ay 22 gün həbs edilməsi üçün əsaslar olmayıb və beləliklə, ərizəçinin azadlıq və toxunulmazlıq hüququna müdaxilə baş verib. Qərara görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 5100 avro, 500 hüquqi xidmət əvəzi ödəməlidir.

Mehman Hüseynov Azərbaycana qarşı

Bu məhkəmə işi tanınmış bloqer olan ərizəçinin ölkədən çıxışına yerli hakimiyyət orqanları tərəfindən qadağa qoyulması ilə bağlı idi. Ərizəçi AİHM qarşısında hərəkət azadlığı hüququ ilə yanaşı, Konvensiyanın 10-cu və 18-ci maddələri ilə təminat altına alınan hüquqlarının pozulduğunu iddia edirdi.

Kommunikasiya zamanı hökumət ərizəçinin hərəkət azadlığı hüququnun pozuntusu iddiasını etiraf edib, buna görə, ərizəçiyə 5 min avro mənəvi zərər əvəzi ödəməyi təklif edib. Ərizəçi bundan imtina edib. Ancaq AİHM hökumətin bəyannaməsini yetərli sayıb – ərizəçiyə mənəvi zərər əvəzi ödəniləcək. Ərizəçini vəkillər Elçin və Zibeydə Sadıqovlar təmsil edib.

Əlövsət Osmanlı Azərbaycana qarşı

Bu işdə ərizəçi təhsil məsələləri üzrə tanınmış ekspert idi. Məhkəmə işi 2013-cü ildə qəflətən vəfat edən ərizəçinin məqalələri ilə bağlı idi. İşin hallarına görə, “Azadlıq” qəzetində ərizəçinin “Mərdanovun qaraguruhları” sərlövhəli məqaləsi dərc edilmişdi. Həmin məqalədə təhsil sahəsindəki problemlər sərt tənqid edilirdi. Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu həmin məqaləyə görə,ərizəçini mülki qaydada məhkəməyə vermis, iddiası təmin edilmiş, milli məhkəmələr ərizəçinin üzərinə ictimai qaydada üzr istəmək və ifadələrini təkzib etmək vəzifəsi qoymuşdu. Ərizəçi AİHM-ə şikayətində ifadə azadlığı hüququna müdaxilə baş verdiyini, milli məhkəmələrin faktlarla qiymətləndirici mülahizələr arasında fərq qoymamasından, dövlət orqanının işgüzar nüfuzunun olub-olmamasına layiqli qiymət verməməsindən şikayət edirdi.

Kommunikasiya zamanı Hökumət mərhum ərizəçinin doğmalarının ərizənin araşdırılması ilə bağlı aydın niyyət ifadə etmədiyini iddia edərək, ərizəni baxılacaq işlərin siyahısından çıxarmağı xahiş edib. Məhkəmə bunu nəzərə alaraq, ərizənin baxılacaq işlərin siyahısından çıxarılması haqda qərardad qəbul edib.

Şakir Əhmədov və başqaları Azərbaycana qarşı

Ərizələr Konvensiyanın 11-ci maddəsinin pozuntusu iddiaları – ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqi ilə bağlı idi. Bu işdə tərəflər kommunikasiya zamanı dostca anlaşıblar.

AİHM-in qərardadına görə, hökumət ərizəçilərdən Şakir Əhmədov, Bəxtiyar Hüseynov, İsmayıl Həsənovun hər birinə 3900, Araz Məmmədov, Ramiz Cəfərov, Cabbar Savalanlı, Nemət Abbasov, və Nurlan Eldarovun hər birinə isə 2600 avro mənəvi zərər əvəzi ödəməlidir. Ərizəçilərin hər birinə həmçinin, 250 avro hüquqi xərc əvəzi ödənilməlidir. Bu işdə ərizəçiləri hüquşunaslar Tural Ağayev təmsil edib.

Azər Qasımlı Azərbaycana qarşı

Bu ərizə də Konvensiyanın 11-ci maddəsinin pozuntusu iddiaları – ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqi ilə bağlı idi. Bu işdə tərəflər kommunikasiya zamanı dostca anlaşmadan imtina ediblər, Hökumət məhkəməyə iddia olunan pozuntunun etiraf edildiyi təktərəfli bəyannamə təqdim edib.

AİHM-in qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər və hüquqi xərclər əvəzi 2850 avro ödəməlidir. Bu işdə ərizəçini vəkil Elçin Sadıqov təmsil edib.

Füzuli Hüseynov Azərbaycana qarşı

Bu məhkəmə işi ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqinə görə Konvensiyanın 11-ci maddəsinin pozuntusu iddiaları ilə bağlı idi. Bu işdə tərəflər kommunikasiya zamanı dostca anlaşıblar.

AİHM-in qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər və hüquqi xərclər əvəzi 2850 avro ödəməlidir. Bu işdə ərizəçini hüquqşunas Yalçın İmanov və vəkil Bəhruz Bayramov təmsil edib.

Cavid İbrahimov və Saqif Qurbanov Azərbaycana qarşı

Bu məhkəmə işində də ictimai toplantı iştirakçıları olan ərizəçilərə qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqi səbəbindən Konvensiyanın 11-ci maddəsinin pozuntusu qaldırlmışdı.Tərəflər kommunikasiya zamanı dostca anlaşıblar.

Qərardad ərizəçilərin hər birinə 2500 avro mənəvi zərər, 350 avro hüquqi xərc əvəzi ödənilməsini nəzərdə tutur. Ərizəçiləri AİHM-də vəkil Cavad Cavadov təmsil edib.

Elnur Cabbarov və Kənan Əliyev Azərbaycana qarşı

Bu məhkəmə işi ərizəçilərin məhkəməyə qədər həbs edilməsinin qanunsuzluğu iddiaları ilə bağlı idi.

Kommunikasiya zamanı tərəflərin uğursuz dostca anlaşma müzakirələrinin ardınca hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib. Hökumət, iddia olunan pozuntuları etiraf edib, ərizəçilərə təzminat ödəməyi təklif edib. Həmin bəyannaməyə əsaslanan qərardada görə, hökumət 3 ay ərzində ərizəçilərin hər birinə 3500 avro (mənəvi zərər 3000, hüquqi xərclər üçün 500) təzminat ödəməlidir. Ərizəçiləri AİHM-də vəkillər Azər Rəsulov və Nemət Kərimli təmsil edib.

Maniyev və başqaları Azərbaycana qarşı

Ərizələr inzibati icraatlar zamanı məhkəmələrin ədalətsilziyi (6-cı maddə) iddiaları ilə bağlı idi. Kommunikasiya zamanı tərəflər dostca anlaşıblar.

AİHM-in qərardadına görə, hökumət ərizəçilərdən Emil Maniyev, Emin Axundov, Tərlan Muradov və Rəşad Abbasovun hər birinə mənəvi zərər əvəzi 1000, ərizəçilərdən Bəşir Tarıverdiyev və Cavid Hacıbəylinin hər birinə isə 2000 avro ödəməlidir. Hüquqi xidmətə görə hər ərizəçiyə 250 avro ödənilməlidir. Bu işdə ərizəçiləri hüquşunaslar Samirə Ağayeva, Tural Ağayev və Elvin Ələmov təmsil edib.

Solmaz Ağayeva Azərbaycana qarşı

Bu işdə mülkiyyət hüququnun pozuntusu mübahisələndirilmişdi – ərizəçiyə məxsus əmlak (qaraj) müxtəlif dövlət orqanlarının sərəncamları əsasında sökülmüş, ona kompensasiya verilməsi nəzərdə tutulsa da ödəniş edilməmişdi. Ərizəçi mülkiyyət hüquqlarının pozulmasından, xüsusən də əmlakının sökülməsinin qanunvericiliyə uyğun həyata keçirilməməsindən şikayət edirdi.

Məhkəmə bu ərizəni qəbul edilməz hesab edib – ərizəçi vəfat edib, məhkəmə onun varislərinin şikayəti davam etdirməsi kontekstindəki yazışmaları, ərizəyə baxılmasının davam etdirilməsi üçün yetərli hesab etməyib.