Avropa Məhkəməsi Azərbaycanı 17350 avro cərimələyib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabrın 13-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə 2 yekun qərarını elan edib.

Heydərzadə və başqa 2 ərizəçinin işində ərizəçilər azadlıq və toxunulmazlıq hüququnun pozuntusunu mübahisələndirmişdilər.

Ərizəçilər Konvensiyanın 5.1 və 5.2-ci maddələrinə söykənərək, bir müddət məhkəmə qərarı olmadan həbsdə saxlanılmalarının, eyni zamanda barələrindəki məhkəmə qərarlarının əsaslandırlmamasından şikayət edirdilər. Ərizəçilərdən biri həmçinin Konvensiyanın 6-cı maddəsinin – təqsirsizlik prezumpsiyası hüququnun pozuntusunu qaldırmışdı.

Bu işlərdə tərəflər kommunikasiya mərhələsində anlaşdıqları üçün AİHM şikayəti baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Anlaşmaya əsasən, hökumət 2 ərizəçiyə 4250, 1 ərizəçiyə isə ümumilikdə, 4750 avro təzminat ödəyəcək.

Əmirov Azərbaycana qarşı işi məhkəmə qərarının icra edilməməsinə görə ərizəçinin İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən 10 sutka inzibati həbs cəzasına məhkum edilməsi ilə bağlı idi.

Ərizəçi ona münasibətdə Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) və 4 Saylı Protokolun 1-ci maddəsinin (Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması) pozuntusunun baş verdiyini iddia edirdi.

Bu işdə də tərəflər kommunikasiya mərhələsində anlaşdıqları üçün AİHM şikayəti baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 4100 avro təzminat ödəyəcək.