Avropa Məhkəməsi Azərbaycanı 15 min avrodan artıq cərimələyib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, sentyabr ayının 26-da Azərbaycanla bağlı 3 qərar və qərardadını elan edib. Məhkəmə iki işdə iddia edilən pozuntuları tanıyıb.

Hilal MƏMMƏDOV Azərbaycana qarşı

Bu məhkəmə işi jurnalist və vətəndaş cəmiyyəti fəalı olan ərizəçinin narkotik vasitələrin satışı, dövlətə xəyanət və etnik, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılmasına görə cinayət məsuliyyətinə cəlb edilməsinin qanunsuzluğu iddiaları ilə bağlıdır.

İşin hallarına görə, Hilal Məmmədov 21 iyun 2012-ci il tarixdə mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılıb, yoxlamaya məruz qalıb, götürmə həyata keçirilib, həmin gün həbs edilib. Təxminən 15 gün daxilində ərizəçiyə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, istehsal etmə, saxlama, saxlama, daşıma və satma), 274-cü (dövlətə xəyanət) və 283.2.2-ci (milli və dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb. Qapalı keçirilən məhkəmə dinləmələrinin sonunda ərizəçi beş il müddətinə azadlıqdan məhrum edilib. Onun yuxarı instansiyalara şikayətləri təmin edilməyib.

Ərizəçi AİHM-ə şikayətində iddia edib ki, ona qarşı cinayət işi uydurma olub, o, hüquq mühafizə orqanlarının əvvəlcədən yerləşdirdiyi qurama sübutlar əsasında məhkum edilib. O, həmçinin iddia edirdi ki, cinayət məsuliyyətinə cəlb edilməsi zamanı müxtəlif yazılarından, müsahibələrindən və məqalələrindən sübut kimi istifadə edilib ki, bu da onun ifadə azadlığı hüququna müdaxilə təşkil edib.

AİHM məhkəmə dinləmələrinin qapalı keçirilməsinin ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnu pozduğu qənaətinə gəlib. Məhkəmə qərarında vurğulayıb ki, iş materiallarında hansısa məxfi məlumatların olması avtomatik olaraq məhkəmə prosesinin ictimaiyyət üçün qapalı keçirilməsinə əsas vermir. Bunun üçün ilk növbədə açıqlıq prinsipi ilə milli təhlükəsizlik məsələlərinin detallı balanslaşdırılması tələb olunur. Ancaq məhkəmələr bu balanslaşdırmanı aparmayıblar. Digər tərəfdən, nə məhkəmələr, nə də hökumət iş materiallarındakı hansı sənədlərin, dövlət sirri və ya digər məxfi məkumatları ehtiva etdiyini, yaxud, həmin məlumatların ərizəçiyə qarşı irəli sürülən ittihamların xarakteri ilə necə əlaqəli olduğunu da göstərməyiblər. Beləliklə, Konvensiyanın 6.1-ci maddəsi pozulub. Məhkəmə, digər pozuntu iddialarını araşdırmağa ehtiyac görməyib.

Qərara əsasən, ərizəçiyə ümumilikdə, mənəvi zərər, xərc və məsrəflər əvəzi 6200 avro ödənilməlidir.

Ərizəçi məhkəmə qarşısında hüquqşunas Xalid Bağırov və vəkil Cavad Cavad tərəfindən təmsil edilib.

İxtiyar İBRAHİMOV Azərbaycana qarşı

Bu işdə ərizəçi dələduzluq ittihamı ilə məhkum edilmişdi. Onun iddiasına görə, cinayət ittihamı ilə bağlı icraatin gedişində, 19 aprel 2016-cı il tarixində Ali Məhkəmədə keçirilən dinləmələr zamanı ona məlumat verilmədiyindən prosesdə iştirak edə bilməyib, bu da onun Konvensiyanın 6.1-cı maddəsi ilə qoruma altına alınan hüquqlarını pozub.

Ərizənin kommunikasiyası zamanı hökumət ərizəçinin barəsindəki məhkəmə dinləməsinin vaxtı və yeri barədə məlumatlandırəldığını iddia edib. Məhkəmə isə qərarında vurğulayıb ki, hökumət penitensiar müəssisənin əməkdaşı tərəfindən məhkəmə bildirişinin alındığını təsdiq edən protokolun surətini təqdim eedib, ancaq bildirişin faktiki olaraq ərizəçiyə çatdırılmasına dair heç bir sübut təqdim etməyib. Digər tərəfdən, cəzaçəkmə müəssisəsinin rəisinin məktubunda da ərizəçinin bildirişi almasını isbat edən heç bir sübut yoxdur. Belə olan halda, məhkəmə, hökumətin təqdim etdiyi sübutlara inana bilməz. Digər rərəfdən, iş materiallarında Ali Məhkəmənin bildirişin ərizəçiyə çatıb-çatmadığını yoxlamasına dair də hər hansı əlamət mövcud deyil. “Məhkəmə, qeyd edilənlərin işığında belə nəticəyə gəlir ki, ərizəçinin sözügedən məhkəmə dinləmələri barədə məlumatlandırlması hüququna hörmət edilməyib, ona prosesdə iştirak etmək, şifahi təqdimat vermək, prosesdə iştirakın başqa üsulunu seçmək və ya iclasın təxirə salınmasını xahiş etmək hüququndan istifadə etmək imkanı verilməyib və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub”, qərarda vurğulanır.

Ərizəçini AİHM qarşısında vəkil T.Xanəliyev təmsil edib, maddi tələb irəli sürülməyib.

Brilyant Əliyeva və başqa 4 ərizəçi Azərbaycana qarşı

Ərizəçilər Konvensiyanın 11-ci maddəsinə əsasən, dinc toplantıların keçirilməsinin qadağan edilməsi və ya kütləvi tədbirlərin keçirilmə yeri, vaxtı və ya keçirilmə üsulu ilə bağlı məhdudiyyətlərin qanunsuzluğundan şikayət etmişdilər.

Ərizələrin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Məhkəmənin həmin anlaşmaya əsaslanan qərarına görə, ərizəçilərin (B.Əliyeva, Səadət Qədirova, Dünya Əliyeva, Səkinəxanım Güləliyeva, Natiq Ələsgərov) hər birinə 1750 avro məbləğində mənəvi zərər, xərc və məsrəf əvəzi ödənilməlidir.