Avropa Məhkəməsi: Azərbaycandan göndərilən şikayətlərin sayında artım müşahidə olunur

Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) göndərilən, baxılmasını gözləyən şikayətlərin sayında artım tempi müşahidə olunur.

AİHM-in yeni açıqlanmış statistik bilgilərinə görə, hazırda (oktyabr ayının sonuna) məhkəmə qarşısında Azərbaycandan göndərilmiş 2200 ərizə baxılmasını gözləyir. Bu göstərici əvvəlki illərin rəqəmləri ilə müqayisədə çoxdur. 2021-ci ilin sonunda Azərbycandan göndərilmiş 2092, 2020-ci ilin sonunda 2040, 2019-cu ilin sonunda isə 1950 ərizə baxılmasını gözləyirdi. Azərbaycan bu göstərici üzrə Avropa Şurasına üzv ölkələr sıralamasında 8-cidir.

Baxılmasını gözləyən ərizələrin sayına görə Türkiyə ilk sıradadır. Türkiyədən göndərilmiş 19 min 850 ərizə məhkəmənin icraatındadır. Bu göstərici AİHM-ə daxil olmuş, icraata qəbul edilmiş ərizələrin hamısının 26,3 faizi deməkdir.

İkinci sırada 17 min 50 ərizə (22,6 faiz) ilə Rusiya, 3-cü yerdə isə 10 min 750 ərizə (14,3 faiz) ilə Ukrayna gəlir. Rumıniyadan 4950, İtaliyadan 3850, Yunanıstandan 2850, Polşadan 2600 şikayət baxış gözləyir. 8-ci pillədəki Azərbaycandan sonra Serbiya (1700 şikayət) və Ermənistan (1250) gəlir.

Yerdə qalan 37 Avropa Şurası ölkəsinin payına düşən şikayətlərin birlikdə sayı 8300-dür.

Ümumilikdə, AİHM-ə daxil olan şikayətlərin sayında artım nəzərə çarpır. Hazırda məhkəmə qarşısında ümumilikdə 75350 şikayət baxılmasını gözləyir. 2021-ci ilin sonunda 70150 ərizə, 2020-ci ilin sonunda isə 62 min ərizə məhkəmə baxışını gözləyirdi.