Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mayın 11-də Azərbaycandan göndərilmiş ərizələr üzrə 3 qərardadını elan edib.
Bu məhkəmə işi mülkiyyət hüququnun pozuntusu iddiaları ilə bağlı idi. Ərizəçiyə məxsus əmlak Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən özgəninkiləşdirilmişdi. Ərizəçi iddia edirdi ki, əmlakının özgəninkiləşdirilməsinə görə, 20%-lik kompensasiya və digər təzminatlar ona ödənilməyib. Onun yerli məhkəmələr qarşısında qaldırdığı iddialar isə təmin edilməmişdi. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanan ərizəçi, mülkiyyət hüquqlarına qanunsuz müdaxilə edildiyindən şikayət edirdi.
Bu işdə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət Fatma Əsgərovaya maddi ziyana görə 6290, mənəvi zərərə görə 3000, xərc və məsrəflərə görə 500 avro ödəməlidir.
Quliyev və başqaları Azərbaycana qarşı
Bu işdə 5 ərizə birləşdirilib. Ərizəçilərin hamısı Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən onların məhkəməyəqədər həbsdə saxlanmaları üçün əsasların olmamasından şikayət etmişdilər.
Məhkəmənin qərardadına görə, hökumət ərizəçilərdən Cəlal Quliyev, İkram Rəhimov və Elçin İsmayıllının hər birinə mənəvi zərər əvəzi 1750, xərc və məsrəflərə görə 1750, Ruzi İsmayılova mənəvi zərər vəzi 4000, xərc və məsrəflərə görə 2800, Polad Aslanova isə mənəvi zərər əvəzi 1800, xərc və məsrəflərə görə isə 1700 avro təzminat ödəməlidir.
Hacıyev və Zeynalov Azərbaycana qarşı
Bu işdə də ərizəçilər azadlıq və toxunulmazlıq hüququnun pozuntusunu mübahisələndirmişdlər. Hər iki ərizə Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsaslanaraq məhkəməyəqədər həbsdə saxlanmalarının əsassız olduğunu iddia edirdilər.
Qərardada görə, hökumət ərizəçilərdən Yaşar Hacıyevə mənəvi zərər əvəzi 3900, xərc və məsrəflərə görə 500, Firudin Zeynalova isə mənəvi zərər əvəzi 4200, xərc və məsrəflərə görə 500 avro ödəməlidir.