Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, fevral ayının 11-də Azərbaycandan göndərilmiş 3 ərizə ilə bağlı qərarını elan edib.Məhkəmə, oxşar pozuntu iddialarının qaldırldığı ərizələri birləşdirib.
Taleh Bağırov və başqaları Azərbaycana qarşı
Məhkəmə işi dini lider olan ərizəçinin və dindarlar Zülfüqar Mikayılov və Elman Ağayevin 2015-ci ildə saxlanılmaları və məhkəməyə qədər həbs edilmələri ilə bağlı idi.
Ərizəçilər 2015-ci ilin noyabr ayında müxtəlif ağır cinayətləri törətməkdə şübhəli bilinərək həbs edilmişdilər. Rayon məhkəmələrinin qərarları ilə ərizəçilər barəsində məhkəməyə qədər 4 aylıq həbs qəti imkan tədbiri seçilmiş, daha sonra həmin həbsin müddəti daha 4 aylığına uzadılmışdı. Birinci instansiya məhkəməsinin həbs qəti imkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərarlarını apellyasiya instansiyası qüvvədə saxlamışdı. Ərizəçilər həm birinci instansiya, həm də apellyasiya məhkəmələrindəki icraatlarda iclas zalındakı metal qəfəsdə saxlanılmışdı.
Konvensiyanın 3-cü maddəsinə əsaslanan ərizəçilər iddia edirdilər ki, barələrində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə iclasları zamanı metal qəfəsdə saxlanılmaları ilə ləyaqəti alçaldan rəftara məruz qalıblar. Bundan başqa ərizəçilər digər məsələlərlə yanaşı, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsaslanaraq, məhkəməyə qədər həbsdə saxlanılmaları üçün yetərli və müvafiq səbəblərin olmamasından şikayət etmişdilər.
Ərizəçilər həmçinin, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsaslanaraq, məhkum olunmalarından əvvəl Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun KİV-ə verdiyi bəyanatında onları cinayətkar kimi təsvir etməsinin təqsirsizlik prezumpsiyası hüququnu pozduğunu iddia edirdi.
AİHM ərizəçilərin sonuncu iddialarını qəbuledilməz sayıb, hesab edib ki, ərizəçilər bu kontekstdə şikayət vermə müddəti ilə bağlı şərtlərə əməl etməyiblər.
AİHM ərizəçilərin digər iddialarını qəbul edib – qərara görə, ərizəçilərin məhkəmə zamanı iclas zalındakı metal qəfəsdə saxlanılması onların Konvensiyanın 3-cü maddəsi ilə təminat altına alınan ləyaqəti alçaldan rəftara məruz qalmamaq haqlarını pozub.
Ərizəçilərin məhkəməyə qədər həbsdə saxlanılmaları üçün yetərli və müvafiq səbəblərin olmadığı qənaətinə gələn AİHM, bunun ərizəçilərin Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi ilə qorunan hüquqlarına zidd olduğuna qərar verib.
Qərara əsasən, hökumət ərizəçilərin hər birinə 3900 avro məbləğində mənəvi zərər, 500 avro məbləğində hüquqi məsrəflər əvəzi ödəməlidir.
Ərizəçiləri AİHM qarşısında vəkil Cavad Cavadov təmsil edib.