Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mart ayının 28-də Azərbaycandan göndərilmiş 21 ərizə ilə bağlı qərar və qərardadlarını elan edib. Bir ərizə üzrə mahiyyəti üzrə qərar elan edilib. Digər işlər tərəflərin dostca anlaşmalarına əsasən başa çatıb.
Azad MÜRSƏLİYEV Azərbaycana qarşı
Bu məhkəmə işi böhtan və təhqirə görə şəxsi həyata hörmət hüququnun pozuntusu iddiaları ilə bağlıdır. İşin faktlarına görə, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin hazırda mühacirətdə olan rəhbəri Elşad Abdullayevin yaxın qohumu olan ərizəçi, “Təzadlar” qəzetində “Tanınmış hüquqşünasdan xəbərdarlıq zəngi” sərlövhəsi ilə dərc edilmiş müsahibəyə etiraz edib. Ərizəçinin dayısı, E.Abdullayevin qardaşı Mahir Abdullayev itkin düşmüş, müvafiq cinayət işi açılmışdı. Tanınmış vəkil Ramiz Zeynalovdan götürülmüş müsahibə həmin olaylarla əlaqəli idi, ərizəçi və qohumları dolayısı ilə cinayətdə ittiham olnurdu. Şərəf və ləyaqətinin aşağılandığını iddia edən ərizəçi qəzeti və vəkili həm mülki, həm də xüsusi ittiham qaydasında məhkəməyə verib. Yerli məhkəmələr həmin iddia və şikayətlərin hamısını rədd ediblər. Ərizəçi daxili məhkəmələr qarşısında R.Zeynalovun müsahibəsində onu öz dayısına qarşı ağır cinayət törətməkdə ittiham etməklə ona böhtan atdığını bildirsə də yerli məhkəmələr həmin ifadələrin böhtan xarakterli olmadığını qərar veriblər. Bildiriblər ki, M.Abdullayevin itkin düşməsi ilə bağlı cinayət işinin istintaq davam etdiyindən, vəkilin söylədiklərinin doğru olub-olmadığını müəyyən etmək mümkün olmayıb. Yerli məhkəmələrin yanaşmasından narazı qalan ərizəçi AİHM qarşısında şəxsi həyata hörmət hüququna müdaxilə edildiyini iddia edirdi.
AİHM qərarında qeyd edib ki, hazırkı işdə daxili məhkəmələrin əsaslandırması AİHM-in presedent hüququ ilə müəyyən edilmiş ümumi prinsiplərə uyğun gəlmir və ərizəçi barəsindəki ifadələrin ifadə azadlığı hüququnun ölçülərindən kənara çıxıb-çıxmadığını lazımi qaydada araşdırıldığını nümayiş etdirmir. Digər tərəfdən, yerli məhkəmələr bütün müvafiq halları adekvat qiymətləndirməyiblər və ərizəçinin şəxsi həyatına hörmət hüququnun əhəmiyyətini diqqətə almayıblar. Hansı ki, bu işdə həmin hüquq hazırkı işdə təhlükə altında olan iki Konvensional hüququndan biri idi və hər iki hüquq eyni ölçüdə əhəmiyyətə malik idi. Məhkəmə yekunda dövlətin Konvensiyanın 8-ci maddəsi üzrə pozitiv öhdəliklərini yerinə yetirmədiyinə qərar verib.
Qərara görə, hökumət ərizəçiyə 2 min avro təzminat ödəyəcək.
Mirələm HƏŞİMOV Azərbaycana qarşı
Bu iş jurnalist, onlayn xəbər portalının baş redaktoru olan ərizəçinin Masallı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının mülki defamasiya iddiası üzrə cəzalandırlması ilə bağlıdır. Ərizəçi 2015-ci ildə yerli adminstrasiyada vəsaitlərin mənimsənilməsindən, habelə, adminstrasiya rəhbərinin göstərişi ilə rayon mərkəzində ağacların kəsilməsindən və digər iddialardan bəhs edən 3 məqalə hazırlayıb-yaymışdı.
Rayon İcra Hakimiyyətinin (RİH) başçısının iddiasından sonra yerli məhkəmələr ərizəçini 500 Azərbaycan manatı məbləğində təzminat ödəməsinə qərar vermişdi. Ərizəçi AİHM qarşısında iddia edirdi ki, yerli məhkəmələrin qərarlrı onun ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüququnu pozub.
Bu işdə tərəflər dostca anlaşıblar. Anlaşmanın şərtlərinə görə, hökumət ərizəçiyə 1600 avro mənəvi zərər, 800 hüquqi xərclər əvəzi ödəməlidir.
Elçin Sadıqov və Cavad Cavadov Azərbaycana qarşı
Bu məhkəmə işi dinc toplantıların keçirilməsinin qadağan edilməsi və ya kütləvi tədbirlərin keçirilmə yeri, vaxtı və ya keçirilmə üsulu ilə bağlı məhdudiyyətlərin tətbiqindən verilmiş şikayətlərlə bağlı idi. Ərizəçilər Konvensiyanın 11-ci və 13-cü maddələri ilə təminat altına alınan hüquqlarının pozulduğunu iddia edirdilər.
Bu işdə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçilərin hər birinə 1750 avro mənəvi zərər, hüquqi xərclər əvəzi ödəməlidir.
İsmayılov və başqaları Azərbaycana qarşı
Bu işdə 14 ərizəçi – Cavid İsmayılov, Natiq Ələsgərov, Akif İsgəndərov, Kamran Nurəliyev, Fərhad Həsənov, Səadət Qədirova, Brilyant Əliyeva, Səkinəxanım Quliyeva, Dünya Əliyeva, Cavad Cavadov, Türkan Salmanova, Natiq Ələsgərov, Tural İsmayılov, Dilarə Vəliyeva Konvensiyanın 11-ci və 13-cü maddələri ilə təminat altına alınan hüquqlarının pozulduğunu iddia edirdilər.
Tərəflər dostca anlaşıblar, anlaşmaya əsaslanan qərrdada görə, hökumət ərizəçilərin hər birinə 1750 (1500 avro mənəvi zərər, 250 avro hüquqi xərclər əvəzi) avro məbləğində mənəvi zərər, hüquqi xərclər əvəzi ödəməlidir.
Cəfərov və başqaları Azərbaycana qarşı
Bu işdə 3 ərizəçi – Natiq Cəfərov, Dilarə Vəliyeva və Rəsul Cəfərov dinc toplantıların keçirilməsinin qadağan edilməsi və ya kütləvi tədbirlərin keçirilmə yeri, vaxtı və ya keçirilmə üsulu ilə bağlı onlara məhdudiyyətlərin tətbiq edilməsindən şikayət etmişdilər. Onlar Konvensiyanın 11-ci və 13-cü maddələri ilə təminat altına alınan hüquqlarının pozulduğunu iddia edirdilər.
Bu işdə də tərəflər dostca anlaşıblar. Hökumət ərizəçilərin hər birinə 1750 avro məbləğində mənəvi zərər, hüquqi xərclər əvəzi ödəməlidir.