Avropa Məhkəməsi 2 işdə Azərbaycanı cərimələdi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, martın 23-də Azərbaycandan göndərilmiş ərizələr üzrə 2 yekun qərarını elan edib.

Fədayə QAYIBOVA (33085/12) Azərbaycana qarşı

Bu iş Avropa Məhkəməsinə 2012-ci ildə təqdim edilmişdi. Şikayət ərizəçinin mənzilində onun kürəkəninə açılmış cinayət işi çərçivəsində axtarış aparılmasının qanunsuzluğu iddiaları ilə bağlı idi. Ərizəçi iddia edirdi ki, əlaqəli qurumların axtarış aparması, axtarış zamanı ona məxsus xeyli miqdarda pul vəsaitinin götürülməsi qanunsuz olub. Ərizəçi AİHM qarşısında iddia edirdi ki, evində axtarış aparılması, həmin axtarış zamanı ona məxsus pul vəsaitinin götürülüməsi, onun Konvensiyanın 8-ci maddəsi və 1 saylı Protokolun 1-ci maddəsi ilə təminat altına alınan şəxsi həyata hörmət və mülkiyyət hüquqlarına müdaxilə təşkil edib.

AİHM bu işdə ərizəçinin bütün iddialarını əsaslı hesab edib. Məhkəmə ərizəçinin şəxsi həyata hörmət və mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyi qənaətinə gəlib. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 6 min, xərc və məsrəflərə görə 1 500 avro ödəməlidir.

Vüqar ABİŞOV (46419/16) Azərbaycana qarşı

Bu məhkəmə işi ərizəçinin saxlanılması, həbsi zamanı kobud rəftara, hədə-qorxuya məruz qalması iddiası ilə bağlı idi. AİHM-ə 2016-cı ildə göndərilmiş işin hallarına görə, ərizəçi tutularkən döyülüb, polisdə saxlanarkən etirafedici ifadələr verməsi üçün kobud rəftara və hədə-qorxuya məruz qalıb, müxtəlif bədən xəsarətləri alıb. Ərizəçi istintaq zamanı verdiyi etirafedici ifadələri məhkəmədə rədd edib. Tənqidi düşüncələrinə görə saxlanılıb həbs edildiyini bildirən ərizəçi həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunla müəyyən edilmiş müddətdən artıq saxlanıldığını, öz seçdiyi vəkilə çatımına imkan verilmədiyini də iddia edirdi. Ərizəçi AİHM qarşısında onun Konvensiyanın 3-cü, 6-cı və 10-cu maddələri ilə qorunan işgəncəyə məruz qalmamaq, ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdi.

Bu işdə də AİHM iddia olunan pozuntuların əksəriyyətini əsaslı sayıb – ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü maddəsi həm prosedural, həm də maddi baxımdan pozulub. Hökumət ərizəçiyə ümumilikdə 11 min avro mənəvi zərər və xərc, məsrəf əvəzi ödəməlidir.