Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, yanvarın 13-də Azərbaycandan göndərilmiş 15-dən çox ərizə üzrə 6 yekun qərar və qərardadlarını elan edib. Qərarlardan biri mahiyyəti üzrədir. Ərizəçilərə ümumilikdə, 126 min avrodan artıq təzminat ödənilməlidir.
Səid Haşemi və başqaları Azərbaycana qarşı
AİHM bu işdə ərizəçilərə münasibətdə şəxsi həyata hörmət hüququna müdaxilənin baş verdiyi qənaətinə gəldi. Hökumət ərizəçilərin hər birinə 2100 avro təzminat ödəməlidir.
Bu işdə əcnəbi vətəndaşlar olan ərizəçilər – Səid Haşemi, Məhəmməd Ehsani, Ruhullah Rüstəmi, Şaimə Əliközie, Nafiza Əhmədzadə, Eyaz Qureşi, Məhəmməd Heydəri Azərbaycan torpaqlarında doğulmuş, doğum haqda şəhadətnamələri olan övladlarına ölkə vətəndaşlığının verilməsindən imtina olunmasından şikayət etmişdilər. Hesab edirdilər ki, onların şəxsi həyata hörmət hüquqlarına müdaxilə baş verib.
Akif Nəsirli və başqaları Azərbaycana qarşı
Bu işdə yekun qərardad iddia olunan pozuntuları etiraf edən hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsasən elan edilib. Ərizəçilər bəyannaməyə münasibət bildirməyiblər. İki ərizəçinin hər birinə 4750 avro təzminat ödənilməlidir.
Hər iki iş qeyri hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından imtina olunması ilə bağlı idi. Ədliyyə Nazirliyi tərəfindən müvafiq müraciətləri dəfələrlə rədd edilən ərizəçilər, birləşmək və ədalətli məhkəmə araşdırması hüquqlarının müdaxiləyə məruz qaldığını iddia edirdilər.
Mehman Ağayev Azərbaycana qarşı
Bu işdə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 11 000 avro təzminat ödəyəcək.
Bu iş mülkiyyət hüququnun pozuntusu iddiaları ilə bağlı idi. Ərizəçinin mənzili, mənzilin yerləşdiyi bina Bakıdakı Qış Parkı bağ-park kompleksinin salınması məqsədi ilə sökülmüşdü. Ona məxsus mülkiyyətin özgəninkiləşdirilməsi prosesinin qanunsuzluğundan şikayət edən ərizəçinin iddiasına görə, şəxsi həyata hörmət, mülkiyyət və səmərəli hüquq müdafiələrinə malik olmaq hüquqlarına müdaxilə baş vermişdi.
Cəlilov və başqaları Azərbaycana qarşı
Bu iş üzrə qərardad hökumətin təktərəfli bəyannaməsinə əsasən, çıxarılıb. Qərardada görə, hökumət 5 ərizəçinin hər birinə 1750 avro təzminat ödəməlidir.
Bu iş məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı idi.
İqbal Ağazadə Azərbaycana qarşı
Bu iş, ərizəçi AİHM-dən şikayətini geri götürdüyü üçün baxılacaq işlərin siyahısından çıxarılıb.
Azərbaycanda 2015-ci ildə keçirilmiş parlament seçkiləri ilə bağlı olan bu işdə ərizəçi Ümid Partiyasının sədri İqbal Ağazadə iddi. Şikayətin detallarına görə, 2015-ci ildə seçkinin sonunda ərizəçinin müşahidəçilərinə yalnız 22 seçki komissiyası üzrə protokolların surəti təqdim edilibmiş. Ərizəçi iddia edirdi ki, əlində olan protokollara və digər məntəqələrdəki müşahidəçilərin ifadələrinə görə, seçkidə ən çox səsi o, toplayıb. Ancaq rəsmi açıqlanmış nəticələrə görə, ərizəçi, 6710 səs alaraq, 2-ci olmuşdu. Səslərin yenidən sayılması üçün müraciətləri rədd edilmiş ərizəçinin şikayətlərini yerli məhkəmələr əsassız hesab etmişdilər. O, iddia edirdi ki, səslərin sayılması, təkrar sayma, nəticələrin ləğvi daxil olmaqla çeşidli seçki prosedurları zamanı, habelə məhkəmə araşdırmaları zamanı onun Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi (Seçki hüququ) və Konvensiyanın 13-cü maddəsi (Səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq) ilə təminat altına alınan hüquqlarına müdaxilə baş verib.
Tural Cəfərov Azərbaycana qarşı
Bu işdə tərəflər dostca anlaşma bağlayıblar. Hökumət ərizəçiyə 8300 avro təzminat ödəməlidir.
Bu iş müxalif yönlü yazıları ilə tanınan jurnalist olan ərizəçinin bir konfransa qatılarkən yerləşdikləri otel otağında gizli kamera ilə şəxsi və intim xarakterli video görüntülərinin çəkilməsi, internetdə və özəl bir telekanalda yayılması ilə bağlıydı. Ərizəçi onun görüntülərini yayan telekanala qarşı üzr istənilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbi ilə mülki iddia qaldırmış, iddia etmişdi ki, gizli çəkilmiş şəxsi videoların yayılması qanunsuz olub, onun ləyaqətinə və nüfuzuna xələl gətirib, şəxsi həyata hörmət və ifadə azadlığı hüquqlarını pozub. Ancaq onun iddiası yerli məhkəmələrdə rədd edilmişdi. Ərizəçi AİHM önündə iddia edirdi ki, onun iddiası üzrə məhkəmə prosesi ədalətsiz olub, onun ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət və ifadə azadlığı hüquqlarını pozub.
Balakişiyev və Surxayev və başqaları Azərbaycana qarşı;
Balakişiyev və Surxayev və başqaları Azərbaycana qarşı işi də tərəflərin dostca anlaşması ilə başa çatıb. Anlaşmaya əsasən, hökumət 16 ərizəçinin 15-nə 4750, 1 ərizəçiyə isə 5000 avro təzminat ödəyəcək.
(Ərizəçilər: Əlövsət Talışxanlı, Qubad İbadoğlu, Hüseyn Məlikov, Ellada Məmmədli, Məlahət Mürşüdlü, Rafiq Abdullalı və Vurğun Əyyub (5000); Mətləb Balakişiyev və Sevinc Surxayeva; Söhrə Həsən və Sevinc İsgəndərova; Cavid Alışov və Arzu Hacıyeva; Rəşad Seyidalıyev və Səidə Rzazadə; Aynura Abdullayeva və Səbinə Səfərli; Dilqəm Təmrazov və Şəlalə Şahmarova; Emin Bəşirli və Rövşən Bəşirov; Taryel Bayramov və Meyxanım Bayramova; Şahbala Dəmirov və Vüsalə Dəmirova; Elşən Allahverdiyev və Gülnarə Allahverdiyeva; Səməd Ağayev və Elnarə Ağayeva; Vəfa Əlizadə və Zaman Bünyadov; Azər Alıyev və Malik Alıyev; Elvin Abdullayev; Şəbnəm Osmanlı )