Avropa Məhkəməsi Ədliyyə Nazirliyinin SMDT-ni qeydiyyata almamasını qanunsuz saydı

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvarın 12-də Azərbaycandan göndərilmiş 10-dan artıq şikayət üzrə 4 qərarını elan edib. Ərizələrdə mülkiyyət, ədalətli məhkəmə araşdırması, ayrı – seçkiliyin yolverilməzliyi, birləşmək hüquqlarının pozuntuları mübahisələndirilirdi.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycana qarşı

Bu məhkəmə işində ərizəçilər qeyri-hökumət təşkilatı olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və onun təsisçiləri Anar Məmmədli və Bəşir Süleymanlıdır. Ərizəçilər 2009-cu ildə SMDT-nin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət ediblər. Ancaq nazirlik qeydiyyat haqda qərar qəbul etmədən, çatışmazlıq olması əsası ilə sənədləri geri qaytarıb. Ardınca, ərizəçilər nazirliyin hərəkətinin qanunsuzluğundan məhkəməyə şikayət ediblər. İddia ediblər ki, onların birləşmək hüquqlarına müdaxilə baş verib. Ərizəçilər paralel olaraq, nazirliyin iddia etdiyi çatışmazlıqları aradan qaldırıb, yenidən qeydiyyat üçün müraciət edib. Məhkəmə ərizəçilərin şikayətini rədd edib, apelyasiya instansiyası həmin qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə ərizəçilərin kassasiya şikayətinə baxış zamanı aşağı məhkəmələrin qərarlarını ləğv edib, işi yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarsa da həmin instansiya qərarını dəyişməyib. Ali Məhkəmə növbəti dəfə apelyasiya instansiyasının qərarını qüvvədə saxlayıb.

Ərizəçilər AİHM qarşısında birləşmək azadlığı hüquqlarına müdaxilə baş verdiyini iddia edirdilər.

AİHM bu işdə ərəziəçilərin birləşmək (11-ci maddə) hüququna müdaxilənin baş verdiyinə, habelə, ərizəçilərin fərdi şikayət etmək hüququna (34-cü maddə) hörmət göstərilmədiyinə qərar verib. Qərara əsasən, hökumət ərizəçilərə (Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, Anar Məmmədli və Bəşir Süleymanlı) mənəvi zərər əvəzi 4500 avro, tərcümə məsrəflərinə görə 200 avro, ərizəçilərin hüquqni təmsilçisi İntiqam Əliyevə 500 avro ödəməlidir.

Günel Yusifli və Başqaları Azərbaycana qarşı

Bu məhkəmə işi çərçivəsində 8 ərizə hökumətlə kommunikasiya edilib. Ərizəçilər Günel Yusifli, Vidadi İnsanov, Ayla Əliyeva, Nazim İsmayılov, Xalidə Məsimova, Fərhad Məmmədov, Yeganə Hüseynova, Məhərləm Musayev olub. Ərizəçilər əsasən, dövlət əmlakının özəlləşdirilməsi kontekstində üzləşdiklərini iddia etdikləri qanunsuzluqdan şikayətçi olublar.

2008-ci ildə AİHM-ə şikayət edən ərizəçilər məhkəmə qarşısında mülkiyyət, ədalətli məhkəmə araşdırması və ayrı-seçkiliyin yolverilməzliyi hüquqlarının pozuntusunu qaldırmışdıblar.

AİHM bu şikayətləri qəbuledilməz sayıb.

Miriyev və Başqaları Azərbaycana qarşı

Bu işdə 11 ərizəçi milli məhkəmə qərarlarının icra edilməməsindən şikayət etmişdi.

Ərizənin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçilərdən Oruc Miriyevə 2050, Hidayət Qarayevə 2650, Kərim Yasinova 2050, Qasım Qasımova 3850, Arif Həşimova 2050, Allahqulu İmanova 2050, Ramiz Nəcəfova 2050, İradə Aşurovaya 2050, Həcər Məmmədovaya 2050, Mətləb Nəzərova 1750, Saray Səftərovaya 3850 avro təzminat ödəyəcək, icrası mübahisələndirilən milli məhkəmələrin qərarlarını icra edəcək.

Səmədov Azərbaycana qarşı

Bu məhkəmə işi ictima toplantı iştirakçılarına qarşı qeyri-mütənasib tədbirlərin görülməsi iddiaları ilə bağlı idi. Ərizəçi birləşmək və ədalətli məhkəmə araşdırması hüquqularınıln pozulduğunu iddia edirdi. Kommunikasiya zamanı tərəflərin dostca anlaşma ilə bağlı danışıqları uğursuz olduqdan sonra, hökumət iddia olunan pozuntuları etiraf edib, məhkəməyə birtərəfli bəyannamə təqdim edib. AİHM bu bəyannaməni nəzərə alıb və ərizəni baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Hökumət ərizəçiyə 2850 avro mənəvi zərər və hüquqi xərc əvəzi ödəməlidir.