Bu gün, sentyabrın 1-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş şikayətlər üzrə 4 yeni qərarını elan edib. Məhkəmə 3 işdə pozuntu iddialarını tanıyıb, 1 işdə ərizəni qəbul edilməz sayıb.
Yadigar Sadıqlı Azərbaycana qarşı
Avropa Məhkəməsi məhkəməyə qədər həbsin qanunsuzluğu mübahisələndirilən bu işdə iddia olunan pozuntunu tanıyıb. Qərara görə, milli məhkəmələr Y.Sadıqlıya münasibətdə Konvensiyanın 5.3-cü maddəsinin pozuntusuna yol veriblər. Hökumət ərizəçiyə 3500 avro təzminat ödəməlidir.
Bu iş hadisələrin baş verdiyi vaxt müxalif Müsavat Partiyasının başqanının müşaviri olan Yadigar Sadıqlının Lənkəran şəhərində təxribata məruz qalması olayı ilə bağlı idi. Olay 2013-cü ilin iyun ayında baş vermişdi. İşin faktlarına görə, kimliyi bilinməyən şəxs dostları ilə çay içən ərizəçiyə yaxınlaşıb, onu təhqir etməyə başlamış, baş verənlərin təxribat olduğunu anlayan ərizəçi mübahisə etməyib, çay evini tərk etmişdi. Ertəsi gün hökumətə bağlı medialarda, eləcə də “Azərtac” Dövlət İnformasiya Agentliyində “Müsavat Partiyası başqanının müşaviri müharibə veteranı R.S.-ni döyüb” başlıqlı xəbərlər dərc edilmişdi. Xəbərin dərcindən sonra ərizəçi təxribatla üzləşdiyini, barəsində cinayət işi açılacağını güman etdiyini bildirmişdi. Səhərisi gün polis əməkdaşları ərizəçinin evinə gəlib, onu polis idarəsinə aparmışdı. Şübhəli şəxs qismində tutulan ərizəçiyə 2 gün sonra xuliqanlığa görə cinayət işi açılmış, barəsində məhkəməyə qədər 2 aylıq həbs qəti imkan tədbiri seçilmişdi. Yuxarı məhkəmələrə şikayət etsə də həbs tədbiri dəyidirilməyən ərizəçinin həbsin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətləri də rədd edilmişdi. Ərizəçinin məhkəməyə qədər həbsdə saxlanılması müddəti sonradan bir neçə dəfə artırılmış, həmin qərarardan verilən şikayətləri də yuxarı məhkəmələr tərəfindən rədd olunmuşdu.
Xatirə Quliyeva Azərbaycana qarşı
Bu iş ərizəçinin xırda xuliqanlıqda və polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılması, inzibati məsuliyyətə cəlb olunması ilə bağlı idi. Ərizəçi iddia edirdi ki, barəsindəki icraatlar zamanı onun azadlıq və toxunlumazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə baş verib.
Avropa Məhkəməsi ərizəçinin iddialarını əsaslı sayıb, oan münasibətdə Konvensiyanın 5.1-ci maddəsinin pozuntusunu tanıyıb. Məhkəmə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu iddialarını araşdırmağa lüzum görməyib. Qərara əsasən, ərizəçiyə 3500 avro təminat ödəniləcək.
Rafiq Səfərov Azərbaycana qarşı
Bu işdə AİHM Ərizəçinin mülkiyyət hüququna müdaxilənin baş verdiyinə qərar verib. Qərara görə, hökumət ərizəçiyə 5000 avro təzminat ödəməlidir.
Bu işin faktlarına görə, ərizəçi Rafiq Səfərov 2009-cu ildə Azərbaycan tarixinə dair kitabını nəşr etdirmişdi. Məhkəmə mübahisəsi həmin kitabın ərizəçinin icazəsi olmadan, ona hər hansı qonorar ödənilmədən çoxaldılması və onlayn qaydada yayılması ilə müəllif hüquqlarının pozulması iddiaları ilə bağlıydı. Ərizəçi məhkəmədə mülki iddia qaldırsa da yerli məhkəmələr onu rədd etmişdilər. 1 saylı Protokolun 1-ci maddəsinə (mülkiyyət hüququ) və 6-cı maddəyə (ədalətli məhkəmə araşdırması hüququ) əsaslanan ərizəçi AİHM-ə dövlətin onun əqli mülkiyyət maraqlarını qorumamasından və daxili məhkəmələrin onun iddiası üzrə qərarlarının əsaslandırlmamasından şikayət edirdi.
Rəşid Rəhimov Azərbaycana qarşı
Bu iş ərizəçiyə məxsus mülkiyyətin sökülməsi mübahisəsi ilə bağlı idi. Mülk Bakı şəhəri, Tolstoy küçəsi 83/23 ünvanında yerləşən, 1896-cı ildə tikilmiş çoxmərtəbəli ev olub. Yasamal Rayon İcra Hakimiyyəti həmin mülkü “Təzə Pir” məscidinin ətrafının abadlaşdırılması layihəsi çərçivəsində söküb. Mübahisə ərizəçiyə ödənilən kompensasiyanın məbləği ilə bağlıydı – ərizəçi məhkəmə vasitəsilə 297 000 manat məbləğində kompensasiya tələb etmiş, (həm yaşayış, həm də torpaq sahəsinə görə), məhkəmə isə 111.375 manat kompensasiya təyin etmişdi. Ərizəçi iddia edirdi ki, ona münasibətdə mülkiyyət, şəxsi həyata hörmət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu baş verib.
AİHM bu şikayəti qəbul edilməz elan edib.