Avropa Məhkəməsi Azərbaycanı 80 min avrodan artıq cərimələyib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyun ayının 6-da Azərbaycandan göndərilmiş 13 ərizə ilə bağlı 7 qərar və qərardadını elan edib.

Vüqar ƏLİYEV Azərbaycana qarşı

Bu işdə ərizəçi Vüqar Əliyev Qobustan həbsxanasında ömürlük həbs cəzası çəkən məhkumdur. V.Əliyev keçmiş nişanlısı ilə birlikdə 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilərək həbs olunmuş, ömürlük azadlıqdan məhrum edilmiş, 2021-ci ildə onun bu cəzası 25 il azadlqıdan məhrum etmə cəzasına dəyişdirilmişdi.

O, AİHM qarşısında ədalətli məhkəmə araşdırması və səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusunu mübahisələndirmişdi.

AİHM bu işdə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına qərar verib. Məhkəmə hesab edib ki, məhkəmə dinləmələrinin açıqlığı prinsipi pozulub, habelə, cinayət prosesi həddindən artıq uzun davam edib. Qərara əsasən, ərizəçiyə ümumilikdə, 5500 avro təzminat ödənilməlidir.

Əhmədov və başqaları (2) Azərbaycana qarşı

Bu qərarda 3 iş mahiyyətcə eyni olduğu üçün birləşdirilib. 16 ərizəçi – keçmiş “Texnikabank”ın əmanətçiləri idilər. Əmənat qoyduqları filialın rəhbərinin həbs olunmasından sonra onların aldadıldıqları məlum olmuşdu – onlardan qəbul edilmiş əmanətlər qeyri-rəsmi olaraq başqalarına böyük faizlə kredit şəklində verilib, kreditlərdən qeyri-rəsmi daxil olan faiz məbləqləri isə bank işçiləri arasında bölüşdürülüb, kiçik hissə də əmanətçilərə faiz kimi ödənilib. Milli məhkəmələr əmanətçiləri zərərçəkmiş kimi tanısa, dəymiş zərərin təqsirləndirilən şəxslərdən tutulması barədə qərar qəbul etsə də ərizəçilər bu qərarla razılaşmamışdılar. Onlar bildirirdilər ki, onlar əmanəti rəsmi qaydada banka qoyublar və onlara dəyən zərəri bank ödəməlidir. Ancaq yerli məhkəmələr onların iddialarını təmin etməmiş, bankın xeyrinə qərar vermis, ərizəçilər əmanətlərini geri ala bilməmişdilər. Ərizəçilər AİHM-də ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntusunu mübahisələndirmişdilər.

Məhkəmə ərizəçilərə münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına qərar verib. Qərara görə, 16 ərizəçinin hər birinə mənəvi zərər əvəzi 4 min avro ödənilməlidir. Ərizəçilərin hamısına birlikdə 2 min avro hüquqi xərclər əvəzi də ödənilməlidir.

Anar MƏMMƏDOV Azərbaycana qarşı

Bu işdə ərizəçi jurnalist və onlayn xəbər portalının baş redaktoru idi, məhkəmə işi məktəb müəlliməsi barəsində yalan olduğu iddia olunan məqalənin başqa medialardan götürülüb, ərizəçi tərəfindən təkrar yayılması ilə bağlıdır. Yerli məhkəmələr ərizəçinin və digərlərinin üzərinə həmin məqalənin yayılmasına görə, mülki qaydada 40 min manat təzminat ödəmək vəzifəsi qoyub. Halbuki, maddi zamanda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 62.3-cü maddəsi başqa mediaya aid məlumatı istinadla yayan ərizəçini məsuliyyətdən azad edirdi.

Konvensiyanın 6 və 10-cu maddələrinə əsaslanan ərizəçi, AİHM qarşısında daxili məhkəmə araşdırmalarının ədalətsiz olmasından və məhkəmə qərarlarının onun ifadə azadlığı hüququnu pozmasından şikayət etmişdi.

Ərizənin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 2 min avro təzminat ödəməlidir.

Əhsən NURUZADƏ və başqaları (2) Azərbaycana qarşı

Bu məhkəmə işi ərizəçilər – Əhsən Nuruzadə, Elimdar İsmayılov və Sevda Süleymanovanın inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı idi. Daxili məhkəmələr ərizəçilərin onlara qarşı inzibati xəta haqqında iş üzrə icraatın qanunsuz olması ilə bağlı şikayətlərini təmin etməmişdilər.

Ərizəçilər azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət, ifadə azadlığı hüquqlarının pozulduğunu iddia edirdilər.

Bu məhkəmə işi də tərəflərin dostca anlaşmalarına əsasən, başa çatıb. Anlaşmaya əsasən, hökumət ərizəçilərin hər birinə 3500 avro ödəməlidir.

Xanlar Dadaşov Azərbaycana qarşı

Bu məhkəmə işi də ərizəçinin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı idi. Ərizəçi azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət hüququna Konvemsiyada nəzərdə tutulanlardan fərqli məqsədlərlə müdaxilə edildiyini (Konvemsiyanın 18-ci maddəsi) iddia edirdi.
AİHM-in tərəflərin dostca anlaşmasına əsaslanan qərardadına əsasən, hökumət ərizəçiyə 3500 avro ödəyəcək.

Amil Mahmudov Azərbaycana qarşı;

Bu məhkəmə işi ərizəçi barəsində inzibati icraatın ədalətsiz olması iddiaları ilə bağlı idi. Tərəflərin uğursuz olan dostca anlaşma müzakirələrindən sonra hökumət iddia olunan pozuntuları (ədalətli məhkəmə araşdırması hüququ) etiraf edib, təktərəfli bəyannamə təqdim edib. Həmin bəyannaməyə əsaslanan qərrdada görə, hökumət ərizəçiyə ümumilikdə 1125 avro təzminat ödəməlidir.

Əlövsət Talışxanlı, Ellada Məmmədli və Rövşən Dəmirov Azərbaycana qarşı;

Bu məhkəmə işi dinc toplantıların keçirilməsinə icazə verilməməsi, kütləvi tədbirlərin keçirilmə yeri, vaxtı və ya üsulu ilə bağlı məhdudiyyətlərin qanunsuzluğu iddiaları ilə bağlıdır. Ərizəçilər Konvernisyanın 11 (toplaşmaq hüququ) və 13-cü (effektiv hüquqi müdafiə vasitələrinə malik olmaq) maddələrinin pozulduğunu iddia edirdilər.

Bu işdə də hökumət Məhkəməyə iddia olunan pozuntuların etiraf olunduğu təktərəfli bəyannamə təqdim edib. Məhkəmənin həmin bəyannaməyə əsaslanan qərardadına görə, hökumət ərizəçilərin hər birinə 1575 avro mənəvi zərər, hüquqi xərclər əvəzi ödəməlidir.