Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mayın 25-də Azərbaycandan göndərilmiş 7 ərizə üzrə 3 qərarını elan edib. Qərarlar mahiyyəti üzrə deyil, hökumətin təqdim etdiyi təktərəfli bəyannamə və dostca anlaşmalar əsasında çıxarılıb.
Hümeyir Əhmədov Azərbaycana qarşı
Bu məhkəmə işi ərizəçinin ölkədən çıxışına hüquq mühafizə orqanları tərəfindən qadağa qoyulması ilə bağlı idi. Ərizəçi AİHM qarşısında iddia edirdi ki, ölkədən çıxışına qadağa qoyulması onun Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi ilə təminat altına alınan hərəkət azadlığı hüququnu pozub. Ərizəçi həmçinin, bu pozuntunu mübahisələndirə bilməsi üçün ölkə daxilində effektiv müdafiə vasitələrinin (Konvensiya, maddə 13) mövcud olmadığını iddia edirdi.
Bu işdə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 5000, xərc və məsrəflərə görəsə 1000 avro ödəməlidir.
Ərizəçini AİHM qarşısında vəkil Ağaveyis Şahverdi təmsil edib.
Rəşad Niftəliyev və başqaları Azərbaycana qarşı
Bu işdəki 4 ərizəçi “Yehova Şahidləri” dini icmasının üzvləri idi. Onların hamısı 2011-ci ildə Gəncə şəhərində keçirilən dini ayin zamanı saxlanılıb, polisə aparılmışdı. Ertəsi gün məhkəmə qarşısına çıxarılan ərizəçilər dini məclislərin təşkili və keçirilməsi qaydalarının pozulmasında günahkar bilinib, inzibati qaydada 500-1500 AZN cərimə olunmuşdular. Yuxarı məhkəmələrə şikayətləri rədd edilən ərizəçilər AİHM qarşısında iddia edirdilər ki, şəxsi həyata hörmət (Maddə 8), dini etiqad azadlığı (Maddə 9), toplaşmaq azadlığı (Maddə 11) və ayrıseçkiliyin qadağan olunması (Maddə 14) hüquqlarına müdaxilə baş verib.
Ərizənin kommunikasiyası zamanı hökumət iddia olunan pozuntuları tanıyıb, mənəvi zərərə və xərclərə görə ərizəçilərin hər birinə 3000 avro ödəməyi təklif edib. Ərizəçilər hökumətin bəyannaməsindəki təklifləri qəbul etməsələr də AİHM bəyannaməni əsas götürüb. Qərara görə, ərizəçilərin hər birinə 3 min avro (cəmi 12 min avro) ödənilməlidir.
Ərizəçiləri əcnəbi hüquqşunaslar Richard Cook, Andre Carbonneau və Jason Wise təmsil edib.
Hüseynov və Mirqasımova Azərbaycana qarşı
Bu məhkəmə işi ərizəçilərlə bağlı yerli məhkəmələrin qərarlarının icra edilməməsi ilə bağlı idi. Ərizəçilər AİHM qarşısında mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusu iddiasını qaldırmışdılar.
Kommunikasiya mərhələsində tərəflər dostca anlaşma bağlayıblar. Anlaşmaya əsasən, hökumət ərizəçilərlə bağlı yerli məhkəmələrin qərarlarının icrasını təmin etməli və birinci ərizəçiyə 2350, ikinci ərizəçiyə isə 3850 avro mənəvi zərər və xərclərin əvəzini ödəməlidir. Ərizəçiləri AİHM-də vəkil Tural Hacıbəyli və Muxtar Mustafayev təmsil edib.