Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprel ayının 11-də Azərbaycandan göndərilmiş 30-dan artıq ərizə üzrə 7 qərar və qərardadını elan edib.
Fikrət İbişbəyli Azərbaycana qarşı
Bu işdə ərizəçi jurnalist və onlayn xəbər portalının baş redaktorudur. Ərizə ona qarşı inzibati xəta haqqında icraatın başladılması, daxili məhkəmələr tərəfindən 500 Azərbaycan manatı məbləğində cərimə edilməsi ilə bağlı idi. Ərizəçi 2022-ci ilin əvvəlində Qarabağ bölgəsindəki durumla bağlı xəbər paylaşmışdı. Həmin xəbərdə Şuşa şəhərinin “Qarabağdakı erməni separatçıları” tərəfindən davamlı olaraq atəşə tutulmasından bəhs edilirdi. Ərizəçi sözügedən xəbərin “yayılması qanunla qadağan edilən informasiya” olması əsası ilə məsuliyyətə cəlb edilmişdi. Yerli məhkəmələrdə şikayətləri təmin edilməyən ərizəçi, AİHM-də ifadə azadlığı hüququna müdaxilənin baş verdiyini iddia edirdi.
Ərizənin kommunikasiyası zamanı hökumət iddia edilən pozuntuları etiraf edib, ərizəçiyə təzminat ödəməyi öhdəsinə götürüb. Məhkəmənin qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər və xərclər əvəzi 2250 avro ödəyəcək.
Yadigar Sadıqlı və başqaları Azərbaycana qarşı;
Sakit Məmmədov və başqaları Azərbaycana qarşı;
Günel Səfərova Azərbaycana qarşı;
Elan edilmiş qeyd olunan 3 qərar seçki hüququnun pozuntusu iddia edilən ərizələrlə bağlıdır.
Həmin ərizələr 9 fevral 2020-ci il tarixdə keçirilmiş parlament seçkilərində namizəd kimi iştirak etmiş şəxslər tərəfindən təqdim edilmişdi. Ərizəçilər yerli seçki komissiyalarında və məhkəmələrdə iddia etdikləri müxtəlif seçki pozuntularına effektiv baxılmamasının onların seçki və effektiv müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozulmasından şikayət etmişilər.
Bu ərizələrin kommunikasiyası zamanı hökumət ərizəçilərin seçki hüququna müdaxilənin baş verdiyini etiraf edib. Məhkəmənin qərarına görə, 2 işdə ərizəçilərə təzminat ödənilməlidir. 1 işdə isə ərizəçi şikayətini geri götürüb.
Yadigar Sadıqlı və başqaları Azərbaycana qarşı işi üzrə qərara görə, hökumət ərizəçilər – Yadigar Sadıqlı, Fikrət Cəfərli, Oqtay Qasımov, Vəliyəddin Quliyev, Bəxtiyar Hacıyev, Elnur Qasımov, Elşad Musayev, Fərid Salahlı, İlahə Sadıqova, Ziya Quliyev, Toğrul İsmayılov, Toğrul Vəliyev, Vəsilə Hacıyeva, Vüqar Xəlilov və Mütəllim Rəhimovun hər birinə mənəvi zərər, xərc və məsrəf əvəzi 4500 avro ödəməlidir.
Sakit Məmmədov və başqaları Azərbaycana qarşı işi üzrə qərara görə, hökumət ərizəçilər – Sakit Məmmədov, Razim Rzayev, Lətifə Əliyeva, Fərid Eyvazov, Fərhad Mehdiyev, Mahmud Mahmudov, Səməd Rəhimli, Ərəstun Vaxşəliyev və Xalid Bağırovun hər birinə mənəvi zərər, xərc və məsrəf əvəzi 4750 avro ödəməlidir.
Günel Səfərova Azərbaycana qarşı işində ərizəçi şikayətini davam etdirmədiyindən, ərizə baxılacaq işlərin siyahısından çıxarılıb.
Əliyeva və başqaları Azərbaycana qarşı
Bu işdə ərizəçilər Konvensiyanın 11-ci maddəsinə əsasən dinc toplantıların keçirilməsinin qadağan edilməsi və ya kütləvi tədbirlərin keçirilmə yeri, vaxtı və ya keçirilmə üsulu ilə bağlı məhdudiyyətlərdən şikayət etmişdilər.
Məhkəmənin qərardadına görə, hökumət ərizəçilər – Brilyant Əliyeva, Dünya Əliyeva, Kamran Nurəliyev, Cavid İsmayılov, Afaq Nurəliyeva, Səadət Qədirova, Səkinəxanım Quliyeva, Natiq Məhəmmədsoy və Nuranə Abdullayevanın hər birinə mənəvi zərər, xərc və məsrəf əvəzi 1750 avro ödəməlidir.
Ağasif İbrahimov və başqaları Azərbaycana qarşı
Bu iş də kütləvi aksiyaların keçirilməsinə tətbiq edilən məhdudiyyətlərin qeyri-adekvat olması ilə bağlı idi. Ərizəçilər Konvemsiyanın 11 və 13-cü maddələrinin pozuntusunu mübahisə etmişdilır.
Kommunikasiya zamanı tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, ərizəçilərə 1750 avro məbləğində mənəvi zərər, xərc və məsrəf əvəzi ödəniləcək.
A və başqaları (23) Azərbaycana qarşı
Bu işdə ərizəçilər 2017-ci ilin sentyabr ayında polis reydləri zamanı saxlanılmış LGBT icmasının üzvləri idi. Onlar iddia edirlər ki, onların saxlanılması və sonradan inzibati həbs edilmələri qanunsuz və özbaşına olub, yalnız cinsi oriyentasiyalarına əsaslanıb. Onlar həmçinin, polis məmurları və təcridxana əməkdaşlarının onlara qarşı pis rəftar etməsindən, müvafiq orqanların bununla bağlı səmərəli araşdırma aparmamasından, habelə, həbsdə olan zaman məcburi tibbi müayinəyə məruz qalmalarının qanunsuzluğundan şikayət etmişilər.
Ərizəçilər AİHM-də Konvemsiyanın 3, 5, 6, 8 və 14-cü maddələrinin pozuntusuna məruz qaldıqlarını iddia edirdilər. Bu işdə də hökumət kommunikasiya mərhələsində iddia edilən pozuntuların bir qismini etiraf edib. Hökumət ərizəçilərə mənəvi zərər əvəzi 125 min avro, xərc və məsrəflər əvəzi ümumilikdə 3 min avro ödəməyi öhdəliyinə götürüb.
Ərizələrin incələnməsi zamanı məhkəmə 1 ərizəni ərizəçinin vəfat etməsi, daha 4 ərizəni digər səbəblərdən baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Hökumətin təktərfli bəyanatında əksini tapanların məzmununu, habelə təklif olunan kompensasiyanın məbləğlərinin digər oxşar işlərdə təyin edilmiş məbləğlərə uyğun olmasını nəzərə alan AİHM, qalan 19 ərizəyə baxılmasının hökumətin bəyannaməsi əsasında başa çatdırlmasının doğru olmasına qərar verib. Məhkəmənin qərardadına görə, hökumətin təklif etdiyi 125 min avro 19 ərizəçi arasında bölünməli, ərizəçilərin hüquqi təmsilçilərinə isə 3 min avro ödənilməlidir.