Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, fevral ayının 4-də Azərbaycandan 14 ərizəçinin göndərdiyi 2 şikayət üzrə qərarını elan edib. Şikayətlər mülkiyyət hüququnun pozuntusu iddiaları ilə bağlı idi.
Tahirə Salamova və başqaları Azərbaycana qarşı
Bu məhkəmə işinin predmeti Bakıdakı “Qış Parkı”nın inşası zamanı gələcək parkın ərazisindəki tikililərin, evlərin sökülməsi kontekstində mülkiyyət hüququ ilə bağlı yaranan mübahisələr idi. Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində 500-dən artıq yaşayış və qeyri-yaşayış sahələri Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 24 sentyabr 2008-ci il tarixli sərəncamı ilə sökülmüş, sakinlər köçürülmüşdü.
Ərizəçilərə məxsus əmlaklar onların iradəsinin ziddinə olaraq söküləndən sonra onlarla müxtəlif fiziki şəxslər arasında müqavilələr bağlanılmışdı. Həmin müqavilərdə ərizəçilərə özgəninkiləşdirilmiş mülkiyyətin hər kvadrat metri üçün 1500 AZN ödənilməsi nəzərdə tutulurdu. Evlərin söküntüsü zamanı ərizəçilərin bəziləri rəsmilərin zorakılığına da məruz qalmışdı.
Ərizəçilər onlara məxsus əmlakların sökülməsi, özgəninkiləşdirilməsi prosesinin qanunsuzluğunu milli məhkəmələrdə mübahisələndirsələr də onların bu cəhdləri uğursuz olmuşdu. Onlar AİHM-ə şikayətlərində ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət, səmərəli müdafiə vasitələrinə malik olmaq, mülkiyyət, habelə, fərdi şikayət vermək hüquqlarına müdaxilənin baş verməsindən şikayət etmişdilər.
AİHM bütün ərizəçilərə – T. Salamova, Tamilla Məmmədova, Nadejda Sandler, Zörə Hacıyeva, Reyhan Hüseynova, Zaman Mahmudov, Ağali Xudayev, Alla Fətəliyeva, İlqar Novruzov, Başxanım Abbasova, Şahbəyim Hüseynova, İkram Mirzəyev, Fira İlkanayeva və Günel İsmixanovaya münasibətdə mülkiyyət hüququnun, ərizəçilərin əksəriyyətinə münasibətdə fərdi şikayət vermək hüquqlarının pozulmasına qərar verib.
Ərizəçilərin ədalətli əvəzlə bağlı tələblərinə gəlincə Məhkəmə qərarında qeyd edib ki, ərizəçiərə təzminatların ödənilməsinə qərar verməyə hazır deyil. Qərara əsasən, məhkəmə ərizəçilərə münasibətdə təzminatın müəyyən edilməsi hüququnu özündə saxlayır, Azərbaycan hökuməti 3 ay ərzində bununla bağlı yazılı təqdimatını AİHM-ə göndərməlidir.
Ərizəçilər AİHM-dən maddi və mənəvi zərərə, xərc və məsrəflərə görə ümumilikdə, 10 milyon 263 min manat və 202 min 500 avro tələb ediblər. Hökumət iddia edilən məbləğin həddindən artıq olduğunu, ərizəçilər öz iddialarını əsaslandıra bilmədiyini AİHM-ə bildirib.
Ərizəçiləri AİHM qarşısında hüquqşunaslar İntiqam Əliyev və Samirə Ağayeva təmsil edib.