“İNSAN HÜQUQLARI VƏ ƏSAS AZADLIQLARIN MÜDAFİƏSİ HAQQINDA” KONVENSİYAYA DAİR AZƏRBAYCAN RESPUBLİKASININ BƏYANATI
Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur).
“İNSAN HÜQUQLARININ VƏ ƏSAS AZADLIQLARIN MÜDAFİƏSİ HAQQINDA” KONVENSİYANIN 5-Cİ VƏ 6-CI MADDƏLƏRİNƏ DAİR AZƏRBAYCAN RESPUBLİKASININ QEYD-ŞƏRTİ
Konvensiyanın 57-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Konvensiyanın 5-ci və 6-cı maddələrinə dair belə bir qeyd-şərt irəli sürür ki, həmin maddələrin müddəaları Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 48, 49, 50, 56-60-cı maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı məhkəmədən kənar intizam cəzalarının tətbiqinə mane olmur.
Qeyd-şərtə əlavə:
Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi (“Azərbaycan Respublikası Ali Sovetinin məlumatı”, 1995-ci il, № 5-6, maddə 93) “48. Əsgərlərə və matroslara:
…d) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs… verilə bilər.
49. Müddətli xidmət çavuşlarına:
…ğ) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs… verilə bilər.
50. Müddətindən artıq xidmət çavuşlarına:
…q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs… verilə bilər.
56. Bölük (4-cü dərəcəli gəmi) komandirinin:
…q) əsgərləri, matrosları və çavuşları 3 sutkayadək həbs etmək hüququ vardır.
57. Tabor (3-cü dərəcəli gəmi) komandirinin:
…q) əsgərləri, matrosları və çavuşları 5 sutkayadək həbs etmək hüququ vardır.
58. Alay (briqada) komandirinin:
…q) əsgərləri, matrosları və çavuşları 7 sutkayadək həbs etmək hüququ vardır.
59. Diviziya, əlahiddə briqada (gəmilər briqadası) komandirlərinin alay (briqada) komandirlərinə verilmiş hüquqlardan əlavə:
a) əsgərləri, matrosları və çavuşları 10 sutkayadək həbs etmək hüququ vardır.
60. Korpus komandirləri, qoşun növü, silahlı qüvvələr növlərinin komandanları, eləcə də müdafiə nazirinin müavinləri onların tabeliklərində olan əsgərlər, matroslar və çavuşlar barədə bu Nizamnamənin müəyyən etdiyi intizam cəzaları tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malikdirlər”.
“İNSAN HÜQUQLARININ VƏ ƏSAS AZADLIQLARIN MÜDAFİƏSİ HAQQINDA” KONVENSİYANIN 10-CU MADDƏSİNİN 1-Cİ BƏNDİNƏ DAİR AZƏRBAYCAN RESPUBLİKASININ QEYD-ŞƏRTİ
Konvensiyanın 57-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinə dair belə bir qeyd-şərt irəli sürür ki, həmin bəndin müddəaları “Kütləvi informasiya vasitələri haqqında” 1999-cu il 7 dekabr tarixli Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun təfsir və tətbiq olunacaqdır.
Qeyd-şərtə əlavə:
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 2, maddə 82) “maddə 14:
Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində kütləvi informasiya vasitəsi təsis etməsi Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilə ilə tənzimlənir (xarici dövlətin hüquqi şəxsi dedikdə, hüquqi şəxsin nizamnamə kapitalının və ya səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə və ya vətəndaşlarına məxsus olduqda və ya təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür)”.
“İNSAN HÜQUQLARININ VƏ ƏSAS AZADLIQLARIN MÜDAFİƏSİ HAQQINDA” KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNA DAIR AZƏRBAYCAN RESPUBLİKASININ BƏYANATI
Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.
“İNSAN HÜQUQLARININ VƏ ƏSAS AZADLIQLARIN MÜDAFİƏSİ HAQQINDA” KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 2-Cİ MADDƏSİNƏ DAİR AZƏRBAYCAN RESPUBLİKASININ BƏYANATI
Azərbaycan Respublikası Protokolun 2-ci maddəsinin ikinci cümləsini belə təfsir edir ki, bu müddəa dini təhsilin maliyyələşdirilməsi ilə bağlı dövlətin üzərinə hər hansı öhdəlik qoymur.
“İNSAN HÜQUQLARININ VƏ ƏSAS AZADLIQLARIN MÜDAFİƏSİ HAQQINDA” KONVENSİYANIN 4 SAYLI PROTOKOLUNA DAİR AZƏRBAYCAN RESPUBLİKASININ BƏYANATI
Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.
“İNSAN HÜQUQLARININ VƏ ƏSAS AZADLIQLARIN MÜDAFİƏSİ HAQQINDA” KONVENSİYANIN 6 SAYLI PROTOKOLUNA DAİR AZƏRBAYCAN RESPUBLİKASININ BƏYANATI
Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.
“İNSAN HÜQUQLARININ VƏ ƏSAS AZADLIQLARIN MÜDAFİƏSİ HAQQINDA” AVROPA KONVENSİYASININ 7 SAYLI PROTOKOLUNA DAİR AZƏRBAYCAN RESPUBLİKASININ BƏYANATI:
“Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir”.