Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına nəzarət mexanizmi – Murad Ağazadə

Murad Ağazadə:

Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Hüquqşünaslıq ixtisasını bitirib.

İnsan hüquqları sahəsində çalışır.

PDF yüklə

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına nəzarət mexanizmi

Avropa İnsan Hüquqları Konvensiyası (“AİHK” və ya “Konvensiya”) sisteminin ən əsas elementlərindən biri müqavilə sistemində tərəflərin üzərinə götürdüyü öhdəliklərə əməl etmələrilə bağlı nəzarət mexanizmasının mövcud olmasıdır. Digər beynəlxalq insan hüquqları mexanizmləri AİHK sistemi kimi icra mexanizminə sahib deyillər. Lakin bununla yanaşı AİHK sistemi də qərarların mütləq icrasına təminat verə bilmir. Bu çatışmazlığa baxmayaraq AİHK sistemində digər beynəlxalq insan hüquqları mexanizmlərindən daha səmərəli icra mexanizmi mövcuddur. AİHK sisteminin qeyd edilən icra mexanizmi ümumi aspektlərini və Azərbaycan Respublikası tərəfindən AİHM qərarlarının icrasının mövcud vəziyyətini bu məqalə vasitəsilə nəzərə çatdırmağa çalışırıq.

AİHK sistemində məhkəmə qərarların icrasının təmini

 Belə ki, AİHK-in 1-ci maddəsində göstərildiyi üzrə, razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyanın I Bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. AİHK-in substantiv insan hüquqları normalarının (Konvensiyanın 2-18-ci maddələri və Konvensiyaya əlavə Protokollar üzrə müəyyən edilən hüquqlar) pozulduğu halları müəyyən etmək üçün Konvensiyanın 19-cu maddəsi üzrə tərəflərin bu Konvensiya və ona dair Protokollar ilə öz üzərilərinə götürdükləri öhdəliklərə riayət etmələrini təmin etmək məqsədi ilə Məhkəmə təsis olunur. Başqa sözlə, AİHK üzrə təminat altına alınan insan hüquqlarının müdafiəsi üçün Avropa İnsan Hüquqları Məhkəməsi (“AİHM” və ya “Məhkəmə”) təsis edilib və hazırda da fəaliyyət göstərir.

Avropa Şurası Nazirlər Komitəsinin (“AŞ NK” və ya “Komitə”) son illik hesabatına əsasən, Avropa dövlətləri COVİD-19 pandemiyasına baxmayaraq, AİHM qərarlarının icrası istiqamətində irəliləməyə davam edirlər. Lakin AİHM tərəfindən vurğulanan sistematik problemlərin, o cümlədən təhlükəsizlik qüvvələri tərəfindən törədilmiş pis rəftar və ya ölüm halları, həbsdə saxlanma şəraiti, habelə dövlətlərarası işlər və hüquq və azadlıqların sui-istifadə yolu ilə məhdudlaşdırılması ilə bağlı artan sayda məhkəmə işlərinin həlli üçün əlavə səylərə ehtiyac var.[i]

 Beynəlxalq tribunalların verdiyi qərarların icrası bir sıra mürəkkəb məsələləri ortaya qoyur. Məhkəmə qərarlarının icrasının necə aparılacağına dair aydın qaydalar təmin edən milli sistemlərdən fərqli olaraq, beynəlxalq məhkəmələrdə eyni tipli mexanizmlər yoxdur. Ən əsası, beynəlxalq tribunallar tərəf dövlətə qarşı məcburi hərəkətlər edə bilməzlər: nə məhkəmə icraçısı, nə də qərarlarının icrasını təmin edən vahid polis qüvvəsi yoxdur.

Bəs, AİHM qərarlarının icra edilməsi necə təmin edilə bilər? Bu suala cavab vermək üçün AİHK-in 46-cı maddəsinə nəzər salmalıyıq. Konvensiyanın 46-cı maddəsi müəyyən edir: “Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları hər hansı iş üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər”. Başqa sözlə, 46-cı maddənin dediyi budur ki, bir dövlət Konvensiyaya tərəf olduqda, həmin üzv dövlət Avropa Məhkəməsinin qərarlarına riayət etmək öhdəliyi daşıyır. Bu, beynəlxalq səviyyədə ifadə olunan bir öhdəlikdir və onu yerinə yetirmək üçün bütün dövlət orqanları məsuliyyət daşıyır. Dövlətlər, prinsipcə, bu beynəlxalq öhdəliyi yerinə yetirmək üçün qoyulacaq vasitələri seçməkdə azaddırlar. Ancaq bu sərbəstlik AŞ NK nəzarəti ilə birgə fəaliyyətdə olur.

AİHM qərarlarının icrasını tənzimləyən qaydalar aşağıdakı sənədlərdə öz əksini tapmışdır:

  • 05.2006-cı il tarixli Qərarların icrasına və dostcasına həllə nəzarət üzrə AŞ NK qaydaları
  • 03.2017-ci il tarixli AİHM qərarlarının icrasına nəzarət: AŞ NK İnsan Haqları iclaslarının proseduru və iş üsulları

Nəticə etibarilə, tələb olunan icra tədbirlərinin əhatə dairəsi, hər bir halda AİHM qərarında göstərilənlər əsasında müəyyən edilir. Nazirlər Komitəsinin təcrübəsi və əlaqədar üzv dövlətdəki hüquqi vəziyyət də bu baxımdan nəzərə alınır.

AİHM qərarlarının icrası zamanı görülən tədbirlər

Qərarların icrası üçün üzv dövlətlərin görməli olduğu tədbirlərin iki növü müəyyən olunur: fərdi və ümumi tədbirlər.

Fərdi tədbirlər aşağıdakılar aiddir:

1) əvəzin ədalətli ödənilməsi; 2) digər tədbirlər.

Digər tədbirlərə işə yenidən baxılması, ittiham hökmünün ləğv edilməsi, deportasiya işlərində deportasiyanın qarşısının alınması, daimi yaşayış icazəsinin verilməsi və s. kimi tədbirləri aid etmək olar.

Fərdi tədbirlər beynəlxalq öhdəliklər əsasında icra olunur: məsuliyyət daşıyan dövlət hüquqları pozulmuş şəxsin hüquqlarının bərpa edilməsini təmin edir. Bu, çox zaman, hüquq pozuntusu baş verməmişdən əvvəlki vəziyyətin bərpası –restitutio in integrum-  kimi qəbul olunmaqdadır.

Ümumi tədbirlər: Qanunvericiliyin, inzibati təcrübənin və yerli məhkəmələrin məhkəmə təcrübəsinin dəyişdirilməsi ümumi tədbirlərə aiddir.

Ümumi tədbirlərin arxasında duran əsas fikir, Avropa Şurasının bütün üzv dövlətlərində oxşar pozuntuların qarşısının alınması və ümumi Konvensiya hüquqlarının tətbiqidir. Ümumi tədbirlərin görülməsinin analoji qəbildən olan hüquq pozuntularına dair müraciətlər üzrə Avropa İnsan Haqları Məhkəməsinə yeni müraciətlərin edilməsinin qarşısını alacağını da qeyd etmək vacibdir.

Buna görə də AİHM-in bütün qərarlarının tam və vaxtında icrası, AİHK-də təsbit edilmiş hüquqların effektiv şəkildə qorunmasını təmin etmək üçün əsas təminatdır.

Son illərdə Konvensiyanın pozulduğu barədə qərarların sayı əhəmiyyətli dərəcədə artdığından, AŞ NK 2011-ci ildə qəbul etdiyi yeni işlə  qərarların icrasına nəzarət üzrə iş metodlarını dəyişdirmək məcburiyyətində qaldı.

Bu yeni iş üsulları, 2004-cü ildən bəri mövcud olan iş metodlarına əhəmiyyətli dəyişikliklər gətirdi. Əsas məqsəd nəzarət prosesinin səmərəliliyini və şəffaflığını artırmaq idi. Praktiki baxımdan, yeni sistemə əsasən, xüsusi halına görə bir işin təkmilləşdirilmiş prosedur altında baxılmasına zəmanət verilmədiyi təqdirdə, bütün işlər standart prosedur çərçivəsində araşdırılır.

Gücləndirilmiş prosedur altında tətbiq edilməli olan hallar aşağıdakılardır:

– Təcili fərdi tədbirlərin görülməsini tələb edən qərarlar;

– Pilot qərarları;

– AİHM və ya AŞ NK tərəfindən müəyyən edilən struktur və ya kompleks problemləri ortaya çıxaran qərarlar;

– Dövlətlərarası işlər.

AİHM qərarlarının icrasında yaranan problemlərə dair aşağıdakı işi nümunə kimi təqdim etmək olar. Belə ki, Hörst Birləşmiş Krallığa qarşı (Hirst v. the United Kingdom (no. 2)) iş üzrə qərarında AİHM-in Böyük Palatası müəyyən edib ki, cəza müddətindən, cinayətin ağırlığından və xarakterindən, məhkumun şəxsi xüsusiyyətlərindən asılı olmayaraq həbsdə saxlanılan bütün məhkumların səsvermə hüququnu məhdudlaşdıran milli qanunvericilik Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsini pozur. Bundan sonra, lakin bu qərara baxmayaraq Birləşmiş Krallığın parlamenti qanunvericilikdə lazımi dəyişiklik etməyib və nəticədə azadlıqdan məhrumetmə cəzası çəkən ərizəçilər 2009-cu ilin iyununda Avropa Parlamentinə seçkilərdə və 2010-cu ilin mayında ümummilli seçkilərdə iştirak edə bilməyiblər[ii].

Birləşmiş Krallığın Hörstün işi üzrə qərarın icrasını uzun müddət gecikdirdiyini və 2010-cu ilin mayında keçirilmiş ümumi seçkilərdən az öncə və həmin seçkilərdən dərhal sonra Məhkəməyə çoxlu sayda analoji şikayətlər daxil olduğunu nəzərə alaraq, Məhkəmə pilot qərar prosedurunu tətbiq etməyi qərara alıb.

AİHM qərarlarının icrasına nəzarət

Yeni iş üsulları, AİHM qərarlarının icrasına davamlı nəzarət mexanizmi də tətbiq edir. Praktiki baxımdan, bu, icra nəzarəti üçün araşdırılan bütün işlərin, üzv dövlətlər tərəfindən görülən və ya nəzərdə tutulan tədbirlər haqqında real məlumatları real vaxt rejimində almalı olan AŞ NK-nin daimi nəzarəti altındadır.

Avropa Şurasına Üzv Dövlətlərin verdikləri məlumatlar əsasında AŞ NK fəaliyyət planları və ya hesabatlar şəklində təqdim etmələri müəyyən yeni iş üsulları arasında müəyyən edilib. 2011-ci il ərzində AŞ NK dörd iclası qərarların icrasına nəzarət üçün ayrılmışdır. AŞ NK bu iclaslarda təkmilləşdirilmiş prosedur çərçivəsində araşdırılan işləri araşdırmış, lakin işlərin təkmilləşdirilmiş qaydadan standart prosedura və ya standartdan gücləndirilmiş prosedura keçirilməsi müəyyən şərtlər daxilində mümkünlüyünü bir daha təsbit etmişdir.

AŞ NK bir qərarın tam icrası üçün bütün lazımi tədbirlərin görüldüyünə əmin olduqdan sonra işin araşdırılmasına xitam verməyə qərar verir. Üzv Dövlətin bir qərarı icra etməməsi halında nə olacağına dair sual bu nöqtədə ortaya çıxa bilər. Məhkəmə qərarının icra edilməməsinin nəticələri nələrdir?

Yuxarıda da qeyd olunduğu kimi üzv dövlətlər Məhkəmənin qərarlarına riayət etmək öhdəliyi daşıyırlar və bu öhdəlik beynəlxalq səviyyədə ifadə olunur. Ancaq üzv dövlətin siyasi, iqtisadi və ya digər səbəblərdən öhdəliyini yerinə yetirə bilmədiyi hallar ola bilər. Belə vəziyyətlərdə AŞ NK əlaqədar üzv dövləti Avropa Şurasının müvafiq instansiyaları ilə əməkdaşlığa dəvət edə bilər.

Bu əməkdaşlıq fəaliyyəti və ya üzv dövlətin səlahiyyətli orqanlarına texniki yardım göstərmək formasında ola bilər. Məqsəd, qərarın icrasına mane olan maneələrin aradan qaldırılmasını təmin etməkdir. Bir üzv dövlət əməkdaşlıq etməsə və nəticədə bir qərarı icra etməsə, AŞ NK Üzv Dövlətə siyasi və diplomatik təzyiq göstərə bilər. Bu təzyiq üzv dövlətin səlahiyyətlilərini icra etməyə çağıran güclü ifadəli qərarlar və ya aralıq qərarlar şəklində ola bilir.

AŞ NK üzv dövlət bir qərarı icra etməməkdə davam edərsə, tədricən artacaq digər diplomatik təzyiq vasitələrini də tətbiq edə bilər.

Bundan əlavə AŞ NK-nın tərkibində Qərarların İcrası üzrə Departament faəlliyət göstərir və onun əsas vəzifəsi, qərarların icrasına nəzarəti həyata keçirməkdə Nazirlər Komitəsinə kömək etməkdir. Departament üzv dövlətlərin səlahiyyətli orqanları ilə sıx əməkdaşlıq edir və bu cür yardıma ehtiyacları olarsa onlara texniki yardım göstərir. Bu əməkdaşlıq davam edən bir prosesdir və qərarların vaxtında icrasını təmin etmək üçün vacibdir.

İcra İdarəsi hər il illik hesabat verir. Departamentin saytında tapıla bilən bu hesabat, AŞ NK hərəkəti ilə bağlı statistik məlumatlar verir. Statistik məlumatlar müxtəlif kateqoriyalara bölünür: yeni hallar, təkmilləşdirilmiş və standart prosedur altında araşdırılan işlər, təkmilləşdirilmiş prosedur altında əsas mövzular və təkmilləşdirilmiş prosedur altında olan hallar.

Azərbaycanda AİHM qərarlarının icrası

Azərbaycan Hökuməti 2011-ci ildə qəbul etdiyi Milli İnsan Haqları Proqramında AİHM qərarlarını səmərəli şəkildə yerinə yetirməyi öhdəsinə götürür və prosesdə iştirak edən əlaqədar qurumları müəyyən edir[iii].

2011-ci ildən 2021-ci il iyunun 14-dək olan dövrü əhatə edən AİHM-in qərarlarının icra durumu haqqında yenilənən statistik bilgilərin göstərildiyi sənəddə bildirilir ki, bu dövr ərzində Azərbaycandan 300-dək qərar icra mərhələsinə daxil olub. Onlardan cəmi 41 qərarın icrasına nəzarət qapadılmış sayılır[iv]. Siyasi fəallarla bağlı kompensasiyalarının ödənməməsi hazırda Azərbaycanda icra ilə bağlı əsas problemlərdəndir.

Azərbaycan bu günə qədər AİHM qərarlarının icrası baxımından Milli Məclisə heç bir konkret vəzifə verməmişdir. Parlamentin ümumi qanunverici funksiyasından başqa, AİHM-lə bağlı heç bir açıq iş görülməmişdir. Buna görə də, Milli Məclis icra prosesində iştirak etmir və AİHM qərarlarının icra olunmasilə bağlı parlament nəzarəti həyata keçirmir.

Birləşmiş Krallıq, Hollandiya, Rumıniya və Polşa kimi ölkələrdə isə parlamentlər AŞPA tövsiyələrini qüvvəyə mindirmişdir. Belə ki, bu ölkələrdə qərarların icrası ilə əlaqədar hökumətlərinin işini nəzərdən keçirmək üçün xüsusi alt komitələr yaradılmışdır. Həmin komitələrin iclasları QHT iştirakçıları üçün açıqdır. Məsələn, Polşada alt komitənin 30 müzakirəsi, hökumətin hazırladığı və xüsusi qərarların icrası ilə bağlı məlumatları özündə əks etdirən illik hesabata əsaslanır[v].

Lakin qeyd etmək lazımdır ki, xüsusi alt komitələrin mövcudluğu yalnız parlament demokratik şəkildə qurulduqda və onun üzvləri AŞ standartlarına riayət etməklə fəaliyyət göstərdikdə təsirli olur. Səlahiyyətləri olmayan bir alt komitə qurmaq və ya mandat vermək qərarların icrasına effektiv nəzarət sistemi qurmaq üçün kifayət deyil[vi].

Azərbaycanda hazırda AİHM qərarlarının icrası üçün mövcud olan mexanizm bu baxımdan arzuolunan səviyyədə deyil.

 Nəticə

AİHK dünyanın ən təsirli insan hüquqları qoruma mexanizmi olaraq görülür. Konvensiyanı imzalayan üzv dövlətlər insan hüquqlarını beynəlxalq insan hüquqları standartlarına uyğun olaraq qorumağa borcludurlar.

AİHK-in effektivliyi AİHM qərarlarının yerinə yetirilməsindən asılıdır. Hazırda məhkəmənin iş yükü ildən-ilə davamlı olaraq artır. Eyni zamanda, bir neçə üzv dövlət icra mexanizmindən tam istifadə etmir. Bu iki elementin nəticəsi olaraq, hüquqi-siyasi səbəblərə görə bəzi qərarların icra olunmaması ilə birlikdə, Məhkəmənin qərarlarına riayət edilməsi Avropa Şurasının siyasi gündəmində prioritet məsələyə çevrilmişdir.

Hesab edirik ki, Avropa Şurası Nazirlər Komitəsinin mövcud iş yükü çərçivələrini nəzərə alaraq Azərbaycanda AİHM qərarlarının icrası prosesində iştirak edən müvafiq icra hakimiyyəti orqanları arasında koordinasiya yaxşılaşdırılmalı, bununla bağlı konkret səlahiyyətə malik müxtəlif aidiyyəti dövlət orqanlarından ibarət xüsusi komissiya yaradılmalıdır. Həmçinin vətəndaş cəmiyyətinin icra prosesinin bir hissəsi olaraq qanunverici proseslərə cəlb edilməsi artırılmalıdır: birgə işçi qruplarının yaradılması, qanunvericilik təkliflərinin təqdim edilməsi və s[vii].

 

Ədəbiyyat siyahısı

[i] AİHM (Avropa İnsan Hüquqları Məhkəməsi) qərarlarının icrası: 2020-ci ildə COVID-ə baxmayaraq irəliləyiş var, lakin daha çox səy göstərilməlidir, 31 mart 2021-ci il https://www.coe.int/az/web/baku/-/implementing-echr-judgments-progress-in-2020-despite-covid-but-further-efforts-needed

[ii] Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasına dair müqayisəli baxış (original in English, “A comparative view on the execution of judgments of the European Court of Human Rights”), Barkhuysen, T.; Emmerik, M.L. van; Christou Th.A., Raymond J.P. https://scholarlypublications.universiteitleiden.nl/access/item%3A2882861/view

[iii] Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı (Original in English “National Program for Action to Raise Effectiveness of the Protection of Human Rights and Freedoms in the Republic of Azerbaijan”), 27 dekabr 2011, https://www.ohchr.org/Documents/Issues/NHRA/NPAAzerbaijan.pdf

[iv] AİHM-in Azərbaycanla bağlı 248 qərarı icra edilməsini gözləyir https://aihmaz.org/aihm-in-az%C9%99rbaycanla-bagli-148-q%C9%99rari-icrasini-gozl%C9%99yir/

[v] İllik hesabat, 2012 http://www.msz.gov.pl/resource/7ee7b5a9-049c-4dbb-a176-3c3721a0d35e:JCR

[vi] Bu baxımdan Ukraynada tətbiq olunan sistem Elisabeth Lambert-Abdelgawad tərəfindən tənqid edildi.  Avropa İnsan Haqları Məhkəməsinin Qərarlarının İcrası, 19 saylı İnsan Haqları Dosyaları, Avropa Şurası

[vii] Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası (Original in English, “Execution of Judgments of the European Court of Human Rights in Azerbaijan”) Media Hüquq İnistitutu, May 2014 https://static1.squarespace.com/static/55815c4fe4b077ee5306577f/t/5a38008c8165f5e58abbce41/1513619600637/REPORT-ECtHR-implemE+%281%29.pdf