Avropa İnsan Haqları Məhkəməsi “Quska”ya görə hökuməti cərimələdi

Press-reliz:

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) keçmiş deputat, işadamı Hüseyn Abdullayevə 2007-ci ildə açılmış cinayət işi üzrə şikayətlə bağlı qərarını elan edib.

Bu işdə qeyd edilir ki, H.Abdullayev 2007-ci ilin martında başqa deputat Fəzail Ağamalı ilə dalaşıb, sonuncu prokurorluğa şikayət edib. Bunun nəticəsi olaraq H.Abdullayev cinayət məsuliyyətinə cəlb edilib və həmin il 2 il şərti olaraq azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi ittiham qərarını qüvvədə saxlayıb, kassasiya şikayəti də təmin olunmayıb.

Şikayətdə vurğulanıb ki, həbsə qədər H.Abdullayev fəqərə yırtığından əziyyət çəkib, istintaq dövrü bu xəstəlik güclənib, həkimlər isə onu sağlam sayıblar. H.Abdullayev həmçinin hesab edib ki, onun ədalətli məhkəmə araşdırması hüququ da pozulub. Bundan başqa, şikayətdə onun ölkəni tərk etmək hüququnun məhdudlaşdırılmasından da bəhs edilib.

AİHM H.Abdullayevin ancaq 6-cı maddə (ədalətli məhkəmə araşdırması) üzrə hüququnun pozulduğunu tanıyıb və ona 2 min 500 avro ödənilməsi qərarını çıxarıb.

2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı deputat H.Abdullayevlə Ana Vətən Partiyasının sədri F.Ağamalı arasında fiziki qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu. Bundan sonra Abdullayevin mandatı əlindən alınıb, daha sonra isə o, həbs olunmuşdu. Lakin elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

2013-cü ildə H.Abdullayevin «Susma» adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu bildirilirdi.

Ötən il aprelin 23-də H.Abdullayevin İnterpol xətti ilə Türkiyədə saxlanıldığı və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verildiyi açıqlanmışdı. Abdullayevin Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergidən yayınma) maddələri ilə ittiham olunduğu deyilirdi. Sonradan ona əlavə ittihamlar irəli sürüldüyü açıqlandı. Abdullayevə Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələbetmə) maddələri ilə də ittiham elan edildiyi bildirildi. Onun bu yaxınlarda istintaq dövründə həbs müddəti yenidən artırılıb.

Qərarın ingiliscə mətniQərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)