Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki qərarını açıqlayacaq

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) martin 7-də Azərbaycanla bağlı iki qərarını elan edəcək.

Hüseyn Abdullayevin (“Quska”) işi

AİHM-in elan edəcəyi qərarlardan biri sabiq millət vəkili, hazırda həbsdə olan Hüseyn Abdullayevin şikayəti üzrə elan ediləcək. Hüseyn Abdullayev 2005-ci il parlament seçkilərində deputat seçilmişdi. Parlamentdə hökumətin hesabatına fərqli münasibət bəslədiyinə görə deputat Fəzail Ağamalı ilə arasında dava düşmüş, ondan sonra H.Abdullayev həbs edilmişdi. Həmin vaxt millət vəkili qəsdən bədənə xəsarət yetirməyə görə məhkum olunmuşdu. H.Abdullayev həmin iş üzrə milli məhkəmələrin qərarlarından şikayət edib.
Hazırda başqa ittihamlara görə, həbsdə tutulan keçmiş deputat iddia edir ki,dövlət onun işgəncələrə, qeyri-insani rəftara məruz qalmamaq, ədalətli məhkəmə araşdırması, azadlıq və toxunulmazlıq, fikir, vicdan, din azadlığı, ifadə azadlığı hüquqlarına müdaxilə edib.

İlkin Rüstəmzadənin işi

Açıqlanacaq digər qərar hazırda həbsdə olan NİDA Gənclər Hərəkatının fəallarından İlkin Rüstəmzadənin şikayətlərindən biri ilə bağlıdır.

2013-cü ildə Bakıda keçirilmiş etiraz aksiyalarının fəallarından olan İ.Rüstəmzadə ittihama görə, həmin vaxt məşhur olan “Harlem Shake” rəqsinin “azəri versiyasında” rol alanlardan idi. Bu əsnada gənc fəal xuliqanlıqda, ictimai əsayişi pozmaqda günahlandırılaraq həbs olunmuşdu. Onun barəsində ilkin olaraq 2 aylıq həbs qəti imkan tədbiri seçilmişdi. Elan ediləcək qərar həmin tədbirin seçilməsindən verilmiş şikayətlərlə əlaqəlidir. Gənc fəalın vəkilləri hesab edir ki, bu qərar onun azadlıq və toxunulmazlıq, habelə Konvensiyanın 18-ci maddəsi (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) ilə təsbit olunan haqlarına qəsd təşkil edib.
İ.Rüstəmzadə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyasından sonra həbs edilib. Kütləvi iğtişaşların təşkili və başqa oxşar ittihamlarla üzləşən gənc fəal 8 il həbs cəzası alıb. «Amnesty International» hüquq-müdafiə təşkilatı NİDA Vətəndaş Hərəkatının üzvü olan bu gənci «vicdan məhbusu» adlandırıb.