AŞ NK: Xədicə İsmayıl-a qarşı cinayətlərin istintaqı yenilənməlidir

Avropa Şurası Nazirlər Komitəsinin Avropa Məhkəməsinin qərarlarının icra durumu müzakirə olunan 1436-cı görüşü başa çatıb, yekunda müzakirə edilən qərarların icra durumu ilə bağlı qətnamələrini elan edib.

3 gün davam edən görüşdə Azərbaycan, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Litva, Moldova, Hollandiya, Polşa, Rumıniya, Rusiya Federasiyası, Slovakiya və Türkiyə ilə bağlı qərarların icra durumu müzakirə olunub. Xədicə İsmayılova və Anar Məmmədli Qruplarına daxil olan qərarların icra durumu da toplantının gündəliyinə daxil idi.

X.İsmayılova Qrupu çərçivəsində AİHM-in X.İsmayılovanın şikayətləri üzrə qəbul etdiyi 2 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçinin jurnalist kimi fəaliyyəti ilə əlaqədar şəxsi toxunulmazlıq və ifadə azadlığı hüquqlarının pozuntusu (şəxsi görüntülərin yayılması) ilə bağlıdır.

AŞ NK qrup işinə daxil olan qərarların icra durumu ilə bağlı qətnamə qəbul edib. Qətnamədə vurğulanır ki, Azərbaycan hökuməti X.İsmayılovanın məruz qaldığı cinayətlərin istintaqını yeniləməli, cinayətkarların məsuliyyətə cəlbi üçün bütün addımları atmalıdır (qətnamənin mətninə keçid)

Məmmədli işi qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar Anar Məmmədli, Əzizov və Novruzlu, İ.Əliyev, İbrahimov və Məmmədov, X.İsmayılova (2), Arif və Leyla Yunuslarla bağlıdır. Bu qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

AŞ NK bu qrup işi ilə bağlı qətnamə qəbul edib. Sənəddə vurğulanır ki, bu qrupa daxil olan işlərdəki bütün ərizəçilərin məhkumluqları ləğv edilməli, ərizəçilərə cinayət işi açılmasının bütün mənfi nəticələri aradan qaldırılmalıdır (qətnamənin mətninə keçid). Hökumətə tədbirlər görməsi üçün avqustun 1-dək vaxt verilib. AŞ NK qrup işini sentyabrda yenidən müzakirə edəcək.

AŞ NK həmçinin, Avropa Məhkəməsinin Qüdrət Ağayev Azərbaycana qarşı qərarı üzrə qərardad da qəbul edib. Qərardadda (qərardadın mətninə keçid) sözügedən qərarın icrasının başa çatdığı, icraya nəzarətin qapadıldığı ifadə olunur.