AŞ NK alternativ hərbi xidmət haqqında qanunu təcili qəbul etməyə çağırır

Avropa Şurası Nazirlər Komitəsinin 1483-cü toplantısında, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icra durumunun növbəti müzakirəsi başa çatıb. AŞ NK-nın 3 gün davam edən toplantısında Azərbaycanla bağlı 25-dən artıq qərarın icra durumu müzakirə edilib, qurumun yekun qətnamələri elan edilib.

Müzakirə olunan Anar Məmmədli Qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 5 qərarın – Anar Məmmədli, İntiqam Əliyev, İbrahimov və Məmmədov, X.İsmayılova (2), Arif və Leyla Yunuslarla bağlı qərarların icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

AŞ NK-nın bu qrupla bağlı qətnaməsində təmsilçilər qeyd ediblər ki, ərizəçilərin məhkumluqlarının hələ də davam etməsindən dərin üzüntülərini ifadə edirlər. AŞ NK qərara gəlib ki, marta qədər bu qrupla bağlı nəzərəçarpacaq irəliləyiş olmayacağı təqdirdə, Nazirlər Komitəsinin rəhbərini müdaxilə etməyə, Azərbaycan hökumətinə məktub göndərməyə dəvət etsinlər.

Muradova, Məmmədov (Cəlaloğlu), Mikayıl Məmmədov Qrupları çərçivəsində AİHM-in Azərbaycanla bağlı 20-dən artıq qərarının icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçilərin qohumlarının ölümləri, ərizəçilərin işgəncə və ya pis rəftara məruz qalmaları ilə bağlı səmərəli araşdırmanın aparılmaması, tibbi yardıma çatım haqqının pozulması, həbslərin qanunsuzluğu, cinayət prosesinin həddən artıq uzanması, jurnalistlərə güc tətbiq edilməsi, dinc toplantıların dağıdılması, vəkilə çatım haqqının təmin edilməməsi ilə əlaqəlidir.

AŞ NK-nın bu qruplarla bağlı qətnaməsində ərizəçilərin bəzilərinə təzminatın hələ də ödənilməməsindən narahatlıq ifadə edilib. Qurum “ərizəçilərlə bağlı müəyyən edilmiş təzminat məbləğlərinin qeyd-şərtsiz ödənilməli olması öhdəliyini xatırladır və səlahiyyətli orqanları Badalyan, Xocoyan və Vardazaryan, Petrosyan, Emin Hüseynov, Lapşin və Sarıbekyan və Balyanın işləri üzrə ödənilməmiş məbləğləri gecikdirmədən ödəməyə çağırır”, qətnamədə qeyd edib. Sənəddə vurğulanır ki, hüquq-mühafizə orqanlarında pis rəftar təkrarlanan problem olaraq qalmaqdadır. Hökumət pis rəftar iddialarının dərhal və effektiv araşdırılması naminə qanunvericiliyə dəyişiklik etməyə, işgəncələrə görə təqib üçün qanunla müəyyən edilmiş müddətlərin aradan qaldırılması məsələsini nəzərdən keçirməyə dəvət edilir. Hökumətdən həmçinin, işgəncə və pis rəftarla bağlı ümumi mənzərəni əhatə edən də bütün bilgiləri – pis rəftarla bağlı şikayətlərin ümumi sayı, başlanmış cinayət təhqiqatlarının sayı, məhkumluqların sayı və təyin edilmiş cəzaların təfərrüatları haqqında statistik məlumatları təqdim etməsi istənilib.

Sənəddə həmçinin, Hökumətdən məhbusların qeyri-vəkil olan Avropa Məhkəməsindəki nümayəndələrinə çıxışı ilə bağlı izahat verməsi istənilib.

Müşfiq Məmmədov və Başqaları Azərbaycana qarşı qərarı hərbi xidmət yaşına çatmış ərizəçilərin həqiqi hərbi xidmətdən azad olunmaq, alternativ mülki xidmət keçmək tələblərinin rədd edilməsi, onların cinayət məsuliyyətinə cəlb edilmələri ilə bağlıdır.

AŞ NK-nın bu qərarla bağlı qətnaməsində Azərbaycan hökumətinin alternativ mülki xidmət haqqında qanun layihəsinin hazırlanması üçün ölkədaxili məsləhətləşmələrə başlamaq niyyətini təqdir edib. “Azərbaycanın Avropa Şurasına daxil olduqdan sonra üzərinə götürdüyü öhdəliyə uyğun olaraq, hərbi xidmətə alternativlər haqqında qanunvericiliyin təcili qəbul edilməsinin zəruriliyini vurğulayırıq”, qətnamədə qeyd edilir.