©aihmaz.org
Bu gün, iyunun 7-də Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 1406-cı görüşündə Avropa Məhkəməsinin qərarlarının icra durumunun müzakirəsi başlayır. 3 gün davam edəcək toplantıda ümumilikdə 19 qrup işinin icra durumu müzakirə olunacaq, yekunda Nazirlər Komitəsi həmin qruplara daxil olan 100-dən artıq qərarın icra vəziyyəti ilə bağlı qərarlarını açıqlayacaq. İcra durumu müzakirə ediləcək qərarlar Ermənistan, Azərbaycan, Bolqarıstan, Belçika, Bosniya, Fransa, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Moldova, Polşa, Rumıniya, Rusiya, Ukrayna, Türkiyə ilə bağlıdır.
AŞ NK Azərbaycanla bağlı Mahmudov və Ağazadə qrupuna, Məmmədli qrupuna daxil olan qərarların, habelə, Sarqsyan Azərbaycana qarşı qərarının icra durumunu incələyəcək.
AŞ NK Mahmudov və Ağazadə qrupunda AİHM-in Azərbaycanla bağlı 3 qərarının (Tağıyev və Hüseynov Azərbaycana qarşı, Fətullayev Azərbaycana qarşı, Mahmudov və Ağazadə Azərbaycana qarşı) icrasına nəzarət edir. Bu qərarlar ifadə azadlığı hüququnun pozuntusu, böhtan və təhqirə görə cinayət cəzalarının tətbiqi ilə bağlıdır.
Məmmədli işi qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar Anar Məmmədli, Həsənov və Başqaları, İ.Əliyev, N.Cəfərli, İbrahimov və Məmmədov, X.İsmayılova (2) ilə bağlıdır. Bu qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.
Sarqsyan Azərbaycana qarşı qərarı mülkiyyət hüququ mübahisəsi ilə əlaqəlidir.
AŞ NK qərarların icra durumu ilə bağlı verəcəyi qərarları toplantı başa çatdıqdan sonrakı günlərdə açıqlayacaq.
AŞ NK AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.
AŞ NK-nın 15 mart 2021-ci ildə yenilənmiş məlumatına görə, indiyə qədər Avropa Məhkəməsinin Azərbaycanla bağlı 287 qərarının icrası nəzarətə götürülüb. Həmin qərarlardan 43-nün icrasına nəzarət qapadılıb.