ANALİZ: AZƏRBAYCANDA İNTERNETDƏ NİFRƏT NİTQİNİ TƏNZİMLƏYƏN QANUNVERİCİLİK – Emin Aslan

Müəllif: Emin Aslan, hüquqçu

PDF Yüklə

Giriş

Yazı internetdə nifrət nitqi ilə bağlı Azərbaycanın milli qanunvericiliyini və bu sahədə dövlət siyasətini tənqidi nəzərdən keçirir. Yazının məqsədi internetdə nifrət nitqini tənzimləyən qanunverciliyin çatışmazlıqlarını ortaya çıxartmaq və nifrət nitqi ilə bağlı yeni qanun layihəsi təşəbbüsünün ifadə azadlığına mümkün təhlükəsini göstərməkdir.

Hazırlanması nəzərdə tutulan yeni nifrət nitqi qanununun yaradacağı təhlükələri yaxşı başa düşmək üçün Azərbaycanda ifadə azadlığı ilə bağlı mövcud vəziyyətin təhlili vacibdir. Ancaq yazı ifadə azadlığının bütün problemlərini yox, nifrət nitqi ilə eyni ailə qrupuna aid olan defemasiya qanunvericiliyinin dəyərləndirilməsi ilə başlayır və nifrət nitqi qanunvericiliyinin dəyərləndirməsi ilə bitir.

Azərbaycan parlamentinin üzvlərindən biri bir neçə il bundan öncə “nifrət dili haqqında qanun” layihəsinin gündəlikdə olması ilə bağlı fikir səsləndirmişdi. Cəmiyyətdə nifrət nitqini tənzimləyəcək xüsusi qanun layihəsinə maraq böyükdür. Cəmiyyətdə xüsusi nifrət nitqi qanunun qəbul etməkdə məqsədin nifrət nitqinin qarşısını almaq yox, ifadə azadlığını məhdudlaşdırmaq olacağı ilə bağlı şübhələr var. Yazıda həm də bu şübhələrin əsaslı olub-olmaması aydınlaşdırılır.

1. Azərbaycanda internetdə ifadə azadlığının vəziyyəti

İnternetdə ifadə azadlığını məhdudlaşdıran və kriminallaşdıran qanunlar, onların təbiqindəki problemlər, yeni nifrət nitqi qanunu layihəsinə də ehtiyatla yanaşmağı tələb edir. Demokratik ölkələrdə ifadə azadlığı üzərində paternalistik yanaşmadan və ifadə azadlığını cinayət qanunları ilə cəzalandırmadan imtina edən tendensiya müşahidə edilsə də, Azərbaycan hələ də böhtanı[1] və təhqiri[2] cinayət kimi qəbul edir. Beynəlxalq insan hüquqları təşkilatları[3] və yerli ekspertlər[4] təhqir və böhtanın dekriminalizasiyası ilə bağlı dövlətə tövsiyyələr versə də, bu sahədə hələ də hər hansı dəyişikliklər nəzərə çarpmır. Əksinə, böhtan və təhqirlə bağlı maddələr aktivistlərı[5], jurnalistlərı[6], siyasi müxalifət təmsilçilərini[7] susdurmaq və cəzalandırmaq məqsədi ilə tez-tez istifadə edilir.

İfadə azadlığı ilə bağlı qanunvericiliyə son dəyişikliklər də ifadə azadlığı üzərində nəzarəti artırmaq niyyəti olduğunu göstərir. Misal, 29 noyabr 2016-cı ildə Cinayət Məcəlləsinə yeni maddə (148-1-ci) əlavə edilməklə böhtan və təhqirin əhatə dairəsi daha da genişləndirilib. Əlavə edilmiş maddəyə əsasən, artıq internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə insanlar cərimlərə, ictimai işlərə və ya iki ilədək müddətə islah işlərinə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırmaya məruz qala bilərlər. Eyni tarixdə, 29 noyabr 2016-cı ildə Cinayət Məcəlləsində əksini tapan Azərbaycan Respublikası Prezidentinin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltmanı[8] qadağan edən və cəzalandıran spesifik normaların tətbiqi dairəsi genişləndirilərək kütləvi informasiya vasitələrinə və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatına da tətbiq edilməyə başlanılıb. 31 may 2017-ci ildə Cinayət Məcəlləsinə edilən yeni dəyişiklik nəticəsində, prezidentin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltmaya görə islah işləri və ya azadlıqdan məhrumetmə maddələri saxlanılmaqla, maddi cəza (beş yüz manatdan min manatadək miqdarda cərimə) ləğv edilib. Beləliklə, bu kimi işlərdə məhkəmələrin daha yüngül olan maddi cəza seçmək imkanı əlindən alınıb. Eyni əmmələrin internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədilməsinə görə isə üç ilədək müddətə azadlıqdan məhrum etmə kimi daha ağır cəza əlavə olunub.  Eyni tarixdə, Azərbaycan Respublikasının dövlət bayrağı və ya dövlət gerbi barədə təhqiredici hərəkətlərə görə məhkəmələrə daha sərt cəzalar seçmək imkanı yaradılıb.[9] Əgər 31 may 2017-ci ilə kimi dövlət bayrağı və ya dövlət gerbi barədə təhqiredici hərəkətlər bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdısa, yeni əlavə edilmiş maddə ilə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinə əlavə edilib. Nifrət nitqi qanunvericiliyinin dəyərləndirilməsi hissəsində bu maddəyə bir daha qayıtmamaq üçün, vurğulamaq lazımdır ki, dövlət rəsmilərinin təhirqlərdən müdafiə hüququ beynəlxalq insan hüquqları müqavilələrində nəzərdə tutulsa da, sərt cəzaların tətbiqi qəbul edilmir.[10] Dövlətin özü də daxil olmaqla onun simvollarının – indiki halda “dövlət bayrağı” və “dövlət gerbi”nin – təhqirinə gəldikdə, onlar insan olmadığı üçün hüquq sahibi deyil. Hüquq sahibi olmadığı üçün də təhqir və ya nifrət hədəfi ola bilməzlər. Bu əsaslarla ifadə azadlığının məhdudlaşdırılması qəbul olunmazdır.[11]

Problem yalnız defamativ ifadələrin Cinayət Məcəlləsi ilə cəzalandırlması deyil, həmçinin bu normaların siyasi ayrıseçkilik zəminində və hərkəsi-tut maddəsi kimi dövlətin öz tənqidçilərinə qarşı alət kimi istifadə etməsidir. Bunun nəticəsində, demokratik cəmiyyətin inkişafına töhvə verən insanlar (insan hüquqları müdafiəçiləri, jurnalistlər, aktivistlər və siyasi müxalifətin təmsilçiləri) özlərini daxili senzuraya məruz qoyur və bu vəziyyət, cəmiyyəti maraqlandıran problemli mövzularda açıq ictimai müzakirələrin əhatəsini məhdudlaşdırır. Bütün bunlar hələ hazırlanmaqda olan nifrət nitqi qanununun, qəbul olarsa, onsuz da əlverişsiz vəziyyətdə olan ifadə azadlığını daha pisləşdirəcəyi ilə bağlı narahatlıqları əsaslı edir.

2. İnternetdə nifrət nitqi

Nifrət nitqi nədir?

Nifrət nitqinin beynəlxalq insan hüquqları hüququnda unversal tərifi yoxdur.[12] Bunun səbəbi nifrət nitqi ilə bağlı dəqiq kriteriyaların olmamasıdır. Beynəlxalq və regional insan hüquqları təşkilatları nifrət nitqini aydınlaşdırmaq üçün fərqli standartlar və məhdudiyyətlər tətbiq edir ki, bu, özünü dövlətlərin yerli qanunvericiliyində də göstərir.[13] Məsələn, əgər Böyük Britaniyada və Avropanın bəzi ölkələrində (Avstraliya, Danimarka, Fransa, Almaniya, İsveç) irqi və ya dini ədavəti qızışdırmaq cinayət sayılırsa, ABŞ-da belə bir qanun ifadə azadlığını pozduğu üçün Ali Məhkəmə tərəfindən qeyri-konistitusional hesab edilərək ləğv ediləcək.[14] Hətta nifrət nitqinin qarşısının alınması səbəbi (rationale) cinayət törətməyə təşviq olasa belə, bu ABŞ-da ifadə azadlığı kimi dəyərləndiriləcək.[15] Buna səbəb, ABŞ Ali Məhkəməsinin nifrət nitqi üçün tətbiq etdiyi “labüd qanunsuz əmələ təhrik etmək” (“inciting or producing imminent lawless action”)  yoxlama rejiminin ifadə azadlığı üçün geniş qorumanı təmin etməsidir.[16] Nitqin təhlükəlilik dərəcəsi onun labüdlüyü (yəni qeyri-müəyyən gələcəkdə yox, yaxın bir-iki saat və ya gündə baş verəcək) ilə ölçüldüyü üçün hər nifrət nitqi bu yoxlama rejimindən keçə bilmir və ifadə azadlığı kimi dəyərləndirilir. Bu, ABŞ-ın ifadə azadlığını fundamental dəyər kimi qəbul etməsindən qaynaqlanır.

Artıq uzun müddətdir ki, beynəxalq insan hüquqları təşkilatları da nifrət nitqini ifadə azadlığı hesab etmir. Onlar nifrət nitqini tənzimləyən normativ baza (müqavilələr) hazırlayaraq, dövlətlərə daxili qanunvericiliklərini bu normalar əsasında yenidən formalaşdırmağı tövsiyyə edirlər.  Məsələn, BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 20-ci maddəsinin 2-ci bəndinə əsasən, “ayrı-seçkiliyə, düşmənçiliyə və ya zorakılığa təhriki özündə əks etdirərək milli, irqi və ya dini nifrətə qulluq edən çıxışların hər cür forması qanunla qadağan edilir”.[17] BMT bu yanaşma ilə ifadə azadlığı ilə insanların ayrıseçkiliyə məruz qalmama hüququ və eləcə də, bərabər ləyaqətə sahib olması prinsipi arasında balans qurmağa çalışır. Lakin bu balansı qurarkən, ifadə azadlığına əsassız və özbaşına müdaxilənin qarşısını almaq üçün Konvensiyanın icrasına nəzarət edən BMT-nin İnsan Hüquqları Komitəsi Konvensiyanın 19-cu maddəsinə əsaslanaraq, qanunilik, legitimlik və zərurilik kimi üç pilləli yoxlama rejimi də tətbiq edir.[18] Bu yoxlama rejimi nifrət nitqinə münasibətdə də tətbiq edilir.

Avropa İnsan Hüquqları Konvensiyasının (bundan sonra Avropa Konvensiyası) 10-cu maddəsinin 2-ci bəndində ifadə azadlığına gətirilən məhdudiyyətlərdən biri olan “başqalarının hüquqlarının qorunması” hissəsini şərh edən Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) bildirir ki, “bütün insanların bərabər olan ləyaqətinə dözümlülük göstərilməsi və hörmət edilməsi demokratik, plüralist cəmiyyətin əsasını təşkil edir. Beləliklə, prinsip etibarı ilə bəzi demokratik cəmiyyətlərdə dözümsüzlüyə əsaslanan nifrəti yayan, qızışdıran, təşviq edən və ya haqq qazandıran bütün ifadə formalarının sanksiyalaşdırılması və hətta qarşısının alınması zəruri hesab edilə bilər.”[19] Buradan aydın olur ki, Avropa Məhkəməsi də insanların bərabər olan ləyaqət hissini pozan və ayrı-seçkiliyə məruz qoyan nifrət nitqinin qadağan edilməsinin tərəfdarıdır. Avropa Məhkəməsi bunu demokratik cəmiyyətin əsas məziyyəti sayır.  Lakin, BMT-nin İnsan Hüquqları Komitəsi kimi Avropa Məhkəməsi də ifadə azadlığına əsassız və özbaşına müdaxilənin qarşısını almaq üçün qanunilik, legitimlik və zərurilik kimi üç pilləli yoxlama rejimi tətbiq edir[20]. Avropa Məhkəməsi bu yoxlama rejimini nifrət nitqinə münasibətdə də tətbiq edir.

3. Azərbaycanda internetdə nifrət nitqi

Nifrət nitqi ilə bağlı müzakirlər

İnternetdə nifrət nitqi ilə bağlı yeni qanunun qəbulu barədə müzakirələrin başlamasında əsas rolu Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Zahid Orucun çıxışı oynadı.[21] “Nifrət dili haqqında qanunun qəbulunda məqsəd informasiya sferasında nifrətin qarşısını almaqdır”[22], deyən Z.Oruc, nifrət dili qanununun söz və ifadə azadlıqlarına qarşı olmadığını da vurğulamışdı.[23] Lakin nifrət nitqi ilə bağlı xüsusi qanuna ehtiyacın olmadığını və bu sahədə normativ bazanın yetərli olduğunu bildirərən ifadə və media azadlığı üzrə ekspertlər, yeni qanun təşəbüsünü tənqid etmişdilər.[24] Onlar yeni qanunun siyasi nitqləri susduracağından narahatlıqlarını ifadə etmişdilər.[25] Yeni qanun layihəsinin mətni açıq olmadığı və ictimai müzakirəyə çıxarılmadığından onu şərh etmək mümkün deyil. Lakin ifadə azadlığını məhdudlaşdıran defamasiya qanunvericilyində aşkar etdiyimiz problemlər, eləcə də nifrət nitqi ilə bağlı qanunvericilikdə ortaya çıxan aşağıda göstərilən çatışmazlıqlar, yeni nifrət nitqi qanununa da ehtiyatlı yanaşmanı tələb edir.

Nifrət nitqini tənzimləyən qanunvericilik bazası

Azərbaycanda nifrət nitqi Konstitusiya, Cinayət Məcəlləsi (CM), İnzibati Xətalar Məcəlləsi (İXM), informasiya sahəsində olan qanunlar[26] və Azərbaycanın tərəfdar olduğu beynəlxalq müqavilələrlə tənzimlənir.[27]

Nifrət nitqi Konstitusiyanın 47-ci maddənin 3-cü bəndi ilə birbaşa qadağan edilir. Həmin bənddə  deyilir ki, “irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”. Bundan başqa, Konstitusiyada nifrət nitqi ilə əlaqəli şəkildə şərh edilə biləcək 50-ci maddəni (Məlumat azadlığı) və 51-ci maddəni (Yaradıcılıq azadlığı) qeyd etmək olar. 50-ci maddənin birinci bəndi “hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı”nı tanıyır. Buradakı “qanuni” sözü nifrət nitqi daxil olmaqla digər məlumatlar üzərində dövlət nəzarətinin qurulmasına imkan verir.

CM “milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədilməsini” qadağan edir. Qeyd olunan nifrət nitqlərinə görə maddi cərimələr və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum cəzası nəzərdə tutulub.[28] 28 oktyabr 2016-cı il tarixdə CM-nə edilən dəyişiklikdən sonra nifrət nitqi dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində törədildikdə daha ağır – üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə – cəzalar tətbiq edilir.[29] Dini radikalizm və dini fanatizm anlayışlarının izahı isə “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunda əksini tapıb.[30]

Nifrət nitqi də daxil olmaqla yayılması qadağan edilən informasiyaların siyahısı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.[31] Həmin qanuna əsasən “zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına….açıq çağırışlar” qadağan edilir. Nifrət nitqinin yayılmasına görə isə internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi məsuliyyət daşıyır.[32] İXM isə nifrət nitqi hesab edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsinə görə maddi cəzalar və bir aylıq inzibati həbs cəzası nəzərdə tutur.[33] İXM-də nəzərdə tutulan cəzalar, CM-nin müvafiq maddələrinə əsasən, cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.[34]

Beləliklə, məlum olur ki, qanunvericilik nifrət nitqini milli, irqi[35], sosial və ya dini əsaslar üzrə təsnifləndirir.

a. Dini nifrət nitqi

 “Dini nifrət” ifadəsi 30 dekabr 2003-cü il tarixli dəyişikliklərdən sonra CM-nə daxil edilib. Ona qədər CM-də “dini düşmənçilik” ifadəsindən istifadə olunurdu. CM-nin “dini nifrətin salınması” ilə bağlı müddəasına 28 oktyabr 2016-cı il tarixdə dəyişiklik edilməsindən sonra bu əməli (nitqi) ifadə edən anlayış “dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi” məzmunda dəyişdirildi. Bununla cəzalar daha da ağırlaşdırıldı. Əgər “dini nifrətin salınmasına” görə maddi cərimələr və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum cəzası nəzərdə tutulurdusa, nifrətin “dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində” törədilməsinə görə, üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur.

Dini nifrətin xüsusi ağırlaşdırılmış halı kimi yeni cinayət növlərinin yaradılmasının heç bir legitim əsası olmamaqla bərabər, problem həm də ondadır ki,  müddəada istifadə olunan terminlər çox genişləndirilmiş şəkildə təfsir edilə bilər. Məsələn, “dini radikalizm” və “dini fanatizm” anlayışlarına izah verən “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanuna əsasən, dini radikalizm – “hər hansı dini etiqad çərçivəsində ifrat dini baxışlara bağlılığı ifadə edən, həmin dini baxışların müstəsnalığının təsbit edilməsində barışmaz mövqe nümayiş etdirən və yayılmasında aqressiv üsul və vasitələrdən istifadə edilməsi ilə səciyyələnən davranışdır.” Dini fanatizm isə “dini ekstremizmin ideoloji əsaslarından biri olmaqla, dini inamın hər hansı tənqidi yanaşmanı istisna edən və dini normalara kor-koranə riayət etmə ilə müşayiət edilən ifrat dərəcəsidir.”[36] Bu anlayışlara verilən təriflərdə istifadə olunan “ifrat dini baxışlar”, “barışmaz mövqe”, “aqressiv üsul və vasitələr” ifadələri qeyri-müəyyən, öncədən görülə bilməsi mümkünsüzdür və geniş şərhə açıqdır.

Qanunlar tərtib edilərkən tələblərdən biri qanunların keyfiyyəti (qanunilik) məsələsidir. Qanunun keyfiyyəti isə onun dəqiq olması və nəticədə fərdin öz hərəkətinin nəticəsini öncədən görə bilmə imkanı yaratması ilə ölçülür. Avropa Məhkəməsinin Böyük Palatası Centro Europa 7 S.R.L. və Di Stefano İtaliyaya qarşı qərarında bildirir ki, “Norma, vətəndaşa öz davranışını tənzimləməyə imkan verəcək dəqiqlikdə tərtib edilmədikcə, o, “qanun” kimi qəbul edilə bilməz: Fərd, şəraitin imkan verdiyi dərəcədə, hərəkətinin hansı nəticələr doğura biləcəyini öncədən görə bilməlidir.”[37]Avropa Məhkəməsi normanın mütləq şəkildə öncədən görülə bilən olmasını tələb etmir və bunun mümkünsüzlüyün başa düşür. Məhkəmə, normanın mütləq şəkildə öncədən görülə bilən olmasının onun fossiləşməsinə aparacağına və nəticədə dəyişən həyat şərtlərinə uyğunlaşa bilməyəcəyini anlayır. Bununla belə, vurğulanmalıdır ki, normanın öncədən görülə bilən tələbinə uyğunluğu, fərdləri dövlət orqanlarının özbaşına müdaxilələrindən qoruyur.

Dini nifrət nitqi həm də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun və İXM ilə də tənzimlənir. Qanun “dini ekstremizmin təbliğinə dair məlumatları” və “dini nifrət və düşmənçiliyin salınmasına açıq çağırışları” qadağan edir. Qanuna əsasən, bu məlumatların yayılmasına görə, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi məsuliyyət daşıyır[38]. İXM bu əməllərə görə maddi cəzalar və bir aylıq inzibati həbs cəzası nəzərdə tutur.[39] Təəssüf ki, bu qanunda da “dini ekstremizm” kimi mücərrəd və qeyri-müəyyən ifadə ilə qarşılaşırıq. Qanun özündə ifadəni dəqiqləşdirəcək ağlabatan meyarlar müəyyən edilməyib və bu mənada öncədən görülə bilənlik prinsipinə cavab vermir. Bunun nəticələrindən biridir ki, yerli məhkəmələr qanunun tətbiqində problemlərlə qarşılaşırlar. Belə işlərlə bağlı məhkəmə təcrübəsi göstərir ki, məhkəmələr bu anlayışların izahına və məhkəmə üçün rahat olacaq meyarların müəyyənləşdirilməsinə maraq göstərmirlər. Məsələn, 2017-ci ildə Meydan TV internet mediasının Azərbaycan ərazisində bloklanmasının əsaslarından biri radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ edilməsi idi. İşə baxan məhkəmə öz qərarında heç bir aydınlıq gətirmədən bu əsasa söykənmişdi.[40]

b. Sosial nifrət nitqi

Konstitusiyada, CM-də və “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunda sosial nifrət anlayışı da qarşımıza çıxır.[41] Qanunvericiliyin “sosial” dedikdə nəyi nəzərdə tutduğunu müəyyən etmək olmur. Qanun hazırlanarkən qanunverici orqanın niyyətinin nələr olduğunu müəyyən etmək imkanı olmadığından, yalnız ehtimallar düşünmək imkanı qalır. Məsələn, ehtimal etmək olar ki, qanunvericilikdə cinsi orientasiyaya qarşı nifrət nitqi anlayış olaraq nəzərdə tutulmadığından, qanunverici orqanın niyyəti LGBTİQ+ fərdləri nifrət nitqindən qorumaq olub. Ancaq praktikada cinsi orientasiyaya görə nifrət nitqi ilə bağlı hər hansısa cinayət işinin açılması və mülki iddianın uğurla nəticələnməsi ilə bağlı nümunə yoxdur.

“Queeradar” təşkilatının Azərbaycan mediasında LGBTİQ+ fərdlərinə qarşı nifrət nitqinin monitorinqinə əsaslanan 2020-ci və 2021-ci il üzrə hesabatlarından[42] da məlum olur ki, cinsi orinentasiyaya görə yerli mətbuatda, sosia şəbəklərdə və publik şəxləslərin çıxışıarında nifrət nitqlərindən istifadə edilib, lakin belə məzmunlu nitqlərə görə məsuliyyətə cəlb edilən olmayıb. Nifrət nitqi zəminində LGBTQ+ fərdlərinə qarşı fiziki zorakılıqlar törədilsə, hətta belə zorakılıqlar cinayətlə nəticələnsə də[43] qanunvericilikdə nəzərdə tutulmadığı üçün problemin gender əsasına baxılmır, yəni, adi cinayət hadisəsi kimi araşdırılır.[44] Bu hesabatlardan belə anlaşılır ki, dövlət “sosial nifrət” dedikdə, LGBTQ+ fərdlərini nəzərdə tutmur.

Ola bilər ki, qanun bu kateqoriya altında mental və ya fiziki xəstəlikləri olan şəxsləri, ailə statusunu[45], dinsizləri[46] və sairi nəzərdə tutur.  O da ehtimal oluna bilər ki, ayrıca bir kateqoriya kimi anti-semit çıxışlar da bura daxil edilir. Çünki burada sadalanan qruplar “sosial” anlayış adı altında spesifikləşdirilə bilər. Yaxud, 11 oktyabr 2016-cı il tarixli refenredumla Konstitusiyanın 47-ci maddəsinin 3-cü bəndinə əlavə edilmiş “hər hansı digər meyar” ifadəsinin işığında şərh edilib, tətbiq oluna bilər.[47] Ancaq normanın tətbiq edildiyi iş olmadığından və məhkəmə təcrübəsi formalaşmadığından, qanunun nəyi nəzərdə tutduğunu müəyyənləşdirmək mümkün olmur.

c. Milli nifrət nitqi

Konstitusiyada, CM-də və İXM-də “Dini ekstremizmə qarşı mübarizə haqqında qanun”da[48] milli nifrət nitqi qadağan edilir. Maraqlıdır ki, yeni qəbul edilmiş “Media haqqında qanun”da milli nifrət sözü əvəzinə “etnik nifrət” sözündən istifadə edilib.[49] Belə başa düşmək olar ki, qanunverici hakimiyyət bu iki sözü sinonim şəkildə istifadə edir, əks halda, yeni nifrət kateqoriyası kimi onun hüquqi baxımdan aydınlaşdırılması vacibdir. Vurğulanmalıdır ki, qanunverici hakimiyyətin müxtəlif qanunlarda fərqli mənaya gələ biləcək anlayışlardan istifadə etməsi, anlayışarın davamlılığı mənasına zərər vurmaqla əlavə çaşqınlıq doğurur.

CM “milli…nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli…mənsubiyyətindən asılı olaraq, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədilməsi”ni qadağan edır.[50] Bu müddəada ilk gözə çarpan problem “milli ləyaqətin alçaldılması” ifadəsidir. Hüquqda fərdin ləyaqət anlayışını izah etmək çətindir, lakin onu izah etmək mümkündür[51]. Ancaq kollektivin ləyaqətinin nə olmasının izahı mümkünsüzdür. Bu abstraksiyaya aydınlıq gətirilmədikcə, ölçüləri və meyarları müəyyənləşdirilmədikcə, bu anlayışdan istifadə edərək dövlətin ifadə azadlığına qanunsuz və əsassız müdaxilə etməsi məsələsi açıq qalacaq.

d. Nifrət nitqi ilə əlaqəli digər problemlər

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-3.3-cü maddəsi dövlətə imkan verir ki, “dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq” məhdudlaşdırsın. Bu norma nifrət nitqini də əhatə etdiyindən, müdaxilə və məhdudiyyətin hədəfi ola bilər.

Məsələn, bu maddənin tətbiqi nəticəsində 2016-17-ci ildə altı internet mediası bloklanmışdı.[52] Həmin işdə, media qurumlarından birinə qarşı sadalanan əsaslardan biri “radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ edilməsi” idi. Bu əsasın irəli sürülməsinə yayımlanmış bir məqalə səbəb olmuşdu. Məqalənin nifrət nitqi olub-olmamasının hüquqi analizi maraqlı olsa da, əsas problem dövlətin məhkəmə prosesi olmadan sayta birbaşa müdaxilə edib, onu tam bloklaması idi. Konkret olaraq, əgər həmin məqalənin bloklanmasını təxirəsalınmazlıq prinsipi ilə əsaslandırmaq mümkün olsa da, hətta o nifrət nitqi məzmunda olsa belə bir məqaləyə görə bütün saytın bloklanması mütənasiblik prinsipinə cavab vermirdi. Çünki ifadə azadlığı yalnız məlumat yayanın maraqlarını yox, həmçinin, məlumatı qəbul edənin, yəni dinləyənin, oxuyanın maraqlarını da müdafiə edir. Saytın hədəf kütləsinin geniş əhali çevrəsi olduğunu nəzərə alsaq, bu halda bir məqaləyə görə bütün əhali saytda yayımlanan digər məlumatları almaq hüququndan məhrum edilmişdi. Beləliklə, qanunun bu müddəasını mütanisiblik prinsipini nəzərə almadığı üçün keyfiyyətli saymaq olmaz.

Son olaraq, məhkəmələrin ifadə azadlığına məhdudiyyətlərlə bağlı baxdığı işlərdə əsas diqqəti çəkən məqamlardan biri, Azərbaycan məhkəmələrinin Avropa Məhkəməsinin tətbiq etdiyi yoxlama rejimini tətbiq etməsində könülsüzlüyüdür. Yuxarıda qeyd olunan bloklama işində, eləcə də bundan əvvəl Azərbaycana qarşı Avropa Məhkəməsinin qəbul etdiyi qərarlarında,[53] yerli məhkəmələrin yoxlama rejiminin tətbiqində maraqlı olmadığı, ona formal yanaşdığını aydın görmək olur.

Yekun

Azərbaycanda ifadə azadlığı və onu məhdudlaşdıran qanunvericiliyin inkişaf tendensiyasına baxdıqda, prosesin ifadə azadlığının xeyrinə olmadığını müşahidə edirik. Bu özünü defamasiya və nifrət nitqi ilə əlaqəli qanunvericilikdə normativ formada və dildə, həm də onun tətbiqində göstərir. Defamasiyanın dekriminalizasiyasına dövlətin pozitiv yanaşmaması, alternativ sankasiyaların azlığı, qanunların selektiv formada tətbiqi, nifrət nitqi ilə bağlı da oxşar tendensiyanın müşahidə olunması və bütün bunların qarşısını ala biləcək yetərli məhkəmə təminatının olmaması, ifadə azadlığı hüququ sahəsindəki problemləri daha da dərinləşdirir.

Bununla belə, əgər yeni nifrət qanunu qəbul edilərsə, normaların dəqiqiliyinə və öncədən görülə bilənliyinə diqqət edilməli və xüsusən, son zamanlar geniş artdığı müşahidə olunan gender və cinsi orientasiya əsaslı nifrət nitqi nəzərə alınmalıdır. Bundan başqa, mövcud qanunvericiliyə bəzi normaların (məsələn, “millətin ləyaqətinin alçalıdılması’, “dini radikalizm”, “dini ekstremizim”, “dini fanatizim”) çıxarılmasını, bəzi normalara aydınlıq gətirilməsini (CM-də nəzərdə tutulan “sosial” əsas və konistitusiyada nəzərdə tutulan “hər hansı digər meyar” ifadəsi) nəzərdə tutan dəyişikliklər edilməli və qanunvericiliyin anlayışları və dili eyniləşdirilməlidir (məsələn,  “etnik” və “milli” ifadələri kimi).

Daha da önəmlisi, nifrət nitqi ilə bağlı qanunlar hazırlanarkən, onların nifrət nitqinin ağırlığına görə dərəcələndirilməsinə diqqət edilməlidir. Bu dərəcələndirmə əsasında cinayət və inzibati (qadağan edilməli) və mülki (qadağan edilə bilər) məsuliyyət müəyyən edilə bilər. Məsələn, düşmənçiliyə, ayrı-seçkiliyə və ya zorakılığa təhrik edən ayrı-seçkilik xarakteri olan nifrətin təbliği “qadağan edilməli”dirsə, ictimai əxlaq və ya ictimai qaydanın qorunması əsası “qadağan edilə bilən” kimi dəyərləndirilməlidir.[54] Cəzaların və sanksiyaların alternativlərinin çoxaldılması da nəzərə alınmaldır. Hazırkı qanunvericiliyin alternativ cəzaların azlığından və mülki məsuliyyətin yoxluğundan əziyyət çəkdiyi aydın görünür.

Bundan başqa, dövlət “qadağan edilə bilərlik” dərəcəsini əsas tutaraq və özünün birbaşa müdaxiləsinə ehtiyac yaratmadan, məktəblərə, universitetlərə və digər təhsil müəssələrinə, özəl qurumlara nifrət nitqi ilə bağlı tənzimləmə seçmək imkanı tanımalıdır. Yekunda vurğulanmalıdır ki, dövlət nifrət nitqi ilə yalnız qanunvericilik səviyyəsində mübarizə apara bilməz, nifrət nitqinin səbəblərinin sosial, iqtisadi, siyasi və mədəni olması gerçəyini qəbul etmək və bununla bağlı “yumşaq güc”[55] proqramları hazırlamaq və tətbiq etmək zəruridir. 

 

Ədəbiyyat siyahısı:

[1] CM-nin 147-ci və 148-1-ci maddəsləri, 

[2] CM-nin 148-ci və 148-1-ci maddələri, 

[3] Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair 1614 (2008) saylı qətnaməsi, İfadə azadlığı bölməsi (səhifə 19) və  https://www.osce.org/baku/77483  and https://assembly.coe.int/nw/xml/XRef/Xref-XML2HTML-en.asp?fileid=17588&lang=en

[4] Media hüququ üzrə mütəxəssis Xalid Ağalıyev deyir ki, Azərbycanda böhtan və təhqirlə bağlı cinayət məsuliyyətinin mövcud olmasını doğru saymır. Onun sözlərinə görə, bu məsələlər mülki qanunvericiliklə tənzimlənməlidir. Bax – Böhtan və təhqirə görə cərimənin artırılması təklif edilir, 19 aprel 2017-ci il,  https://www.bbc.com/azeri/azerbaijan-39640724

[5] Freedom House Country report, section – C Violations of User Rights, C3. The list of arrested activists and journalists – https://freedomhouse.org/country/azerbaijan/freedom-net/2021#:~:text=The%20right%20to%20freedom%20of,)%20that%20protect%20users’%20rights

[6] Fəthullayev Azərbaycana qarşı, (Ərizə № 40984/07), 22 aprel 2010-cu il

[7] Aprelin 15-də Bakının Yasamal rayon Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyev barəsində Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayəti təmin edib və Əliyevi böhtanda (CM-in 147.1-ci maddəsi) təqsirli bilib. Son belə nümunələrdən biri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə qaşı böhtan maddəsi ilə açılan cinayət işidir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramış və nəticədə, 14 nəfər ölmüş, iki nəfər isə yaralanmışdı.[7] Qəzanın səbəbi ilə bağlı açılan ictimai müzakirələrdə adi insanlar, siyasətçilər, hərbi ekspertlər, ictimai fiqurlar öz fikirlərini, mülahizələrini, şübhələrini bölüşür və dövlətdən qəzanın səbəblərinin dəqiq araşdırlmasını tələb edirdilər. Siyasətçi Əli Əliyev də, Youtube kanallarının birində 14 hərbçinin ölməsinə, ikisinin yaralanmasına səbəb olan qəzadan sağ çıxmağın mümkünlüyünü şübhə altına alan fikirlər səsləndirmişdi. Helikopter qəzasından sağ çıxan hərbçi bu fikirlərin böhtan olduğunu əsas gətirərək, Əli Əliyevi məhkəməyə vermişdi. Birinci instansiya məhkəməsi, Əli Əliyevi Cinayət Məcəlləsinin 147.1 maddəsi (böhtan) ilə təqsirli bilərək, ona 5 aylıq həbs cəzası tətbiq etmiş, Əli Əliyevin appelyasiya şikayəti təmin olunmamış və appelyasiya məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlamışdı. Yerli hüquqşunas-ekspertlər məhkəmənin bu qərarının ifadə azadlığını qeyri-legitim əsaslarla məhdudlaşdırdığını qeyd edirdilər. Bu işin nümunəsində də göründüyü kimi, defamativ qanunlar ifadə azadlığını məhdudlaşdıraraq ictimai maraqlı mövzularla bağlı insanların öz mülahizələrini bölüşməsini və ya ictimai müzakirələr açmasına mane olur.

https://turan.az/ext/news/2022/4/free/Social/az/3758.htm/002

Əlavə olaraq, bax Əlizamin Salayev 2020-ci il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

[8] CM-nin 323-cü maddəsi

[9] Cm-nin 324-cü maddəsi

[10] İnsan Hüquqları Komitəsi, 34-cü Şərh, paraqraf 38

[11] İnsan Hüquqları Komitəsi, 34-cü Şərh, paraqraf 38

[12] Article19, “Hate Speech’ Explained, A Toolkit”, 2015, page 9  https://www.article19.org/resources/hate-speech-explained-a-toolkit/

[13] Fərqli dövlətlərin nifrət nitqini hesab etdiyi üçün qanunla qadağan etdiyi nifrət nitqlərini bu şəkildə qruplaşdırmaq olar: Qrup defmasiyasını qadağan edən qanunlar, mənfi stereotipləşdirilmə və ya damğalamanı qadağan edən qanunlar, təhqirlər və alçaldıcı ifadələri qadağan edən qanunlar[13], ədavət və düşmənçiliyə çağırışı qadağan edən qanunlar, ictimai təhlükəsizliyə səbəb olan çıxışları qadağan edən qanunlar, kütləvi zorakılığın, vəhşiliyin və ya genosidin (soyqrım) inkarını qadağan edən qanunlar və ayrıseçkiliyi qadağan edən qanunlar.

[14] JeffreyW. Howard,  Free Speech and Hate Speech, Annual Review of Political Science, page 94

[15] Brandenburg v. Ohio 395 US 444 (1969) – “The constitutional guarantees of free speech and free press do not permit a State to forbid or proscribe advocacy of the use of force or of law violation except where such advocacy is directed to inciting or producing imminent lawless action”

[16] Brandenburg v. Ohio 395 US 444 (1969)

[17] Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 20-ci maddəsinin 2-ci bəndi

[18] Həmin yoxlama rejimi üç pilləli tələbləri nəzərdə tutur. 1) məhdudlaşdırma qanunla nəzərdə tutulubmu, 2) konvensiyanın 19-cu maddəsinin 3-cü bəndində sadalanan məqsədlərdən birinin qorunması üçündürmü () başqa şəxslərin hüquqlarına və nüfuzlarına hörmət edilməsi üçün;  b) dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının və mənəviyyatının qorunması üçün.)  3) həmin məqsədin qorunması zəruridirmi. Bu yoxlama rejimini tətbiq etməklə BMT ifadə azadlığına qanunsuz, qeyri-legitim və zəruri olmayan müdaxilərin qarşısını almağa çalışır.

[19] Gündüz v. Turkey, No. 35071/97, para. 40, CEDH 2003-XI, and Erbakan v. Turkey, No. 59405/00, para. 56, 6 July 2006

[20] 1) məhdudiyyət qanunla nəzərdə tutulubmu, 2) məhdudiyyət konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş legitim məqsədlərin hər hansı birini daşıyırmı, 3) məhdudiyyət ddemokratik cəmiyyətdə zəruridirmi (həyata keçirilməsi üçün təxirəsalınmaz sosial tələbat varmı və nəzərdə tutulan tədbir qarşıya qoyulan məqsədə mütənasibdirmi)

[21] Milli Məclisin İnsan hüquqları komitəsinin 2021-ci ilin yaz sessiyasında ilk iclası -kehttps://www.meclis.gov.az/news.php?id=3120&lang=az

[22] Parliament in Azerbaijan is discussing law on hate speech, September 21, 2020 – https://www.az-netwatch.org/news/parliament-in-azerbaijan-is-discussing-law-on-hate-speech/

[23] Nifrət dilinə qarşı qanun layihəsi hazırlanır – https://oxu.az/politics/422217

[24] Parliament in Azerbaijan is discussing law on hate speech, September 21, 2020 https://www.az-netwatch.org/news/parliament-in-azerbaijan-is-discussing-law-on-hate-speech/

[25] Parliament in Azerbaijan is discussing law on hate speech, September 21, 2020 https://www.az-netwatch.org/news/parliament-in-azerbaijan-is-discussing-law-on-hate-speech/

[26] İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun (Maddə – 13-2),  Dini ekstremizmə qarşı mübarizə haqqında qanun (1.0.1.5) və Media haqqında qanun (Maddələr – 14.1.9; 41.2.2; 58.4)

[27] Konistitusiyanın özü və referendumla qəbul edilən qanunları çıxmaq şərti ilə Azərbaycan dövlətinin tərafdar çıxdığı beynəlxalq müqavilələr qanunvercilik sisteminə daxil olan digər normativ aktlardan (Məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar) daha üstün hüquqi qüvvəyə malikdir. 148-ci maddənin 2-ci bəndi və 151-ci maddə

[28] CM-nin 283-cü maddəsi

[29] CM-in 283.1.1-ci maddəsi

[30] Dini radikalizm – Maddə 1.0.2 və Dini fanatizm – Maddə 1.0.3

[31] Milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınması, Qanunun 13-2-ci maddəsi

[32] 13-2.3 maddə

[33] Maddə 388-1

[34] İXM-nin 388-1-ci maddəsinin Qeyd hissəsi

[35] İrqi kateqoriyanın tətbiqi olmadığından ayrıca başlıq altında analiz edilməyib.

[36] “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunun 1.0.2 və 1.0.3-cü maddələri

[37] Centro Europa 7 S.R.L. və Di Stefano İtaliyaya qarşı – para 141-143

[38] 13-2.3 maddə

[39] Maddə 388-1

[40] 12 may 2017-ci il tarixli  Səbail Rayon Məhkəməsinin qərarı, səhifə 10-16

[41] Konistitusiyanın 47-ci maddəsinin 3-cü bəndi, CM-nin 283-cü maddəsi və Dini ekstremizmə qarşı mübarizə haqqında qanun 1.0.1.5.-ci maddəsi

[42] Queenradar, 1-ci Buraxılış / İyul 2020-ci il, səhifə 14-33 və Queenradar,  2-ci Buraxılış / Avqust 2021-ci il, inforqrafika və tətqiqatın nətciləri bölməsi 

[43] Amerikanın Səsi, 20 iyun 2022-ci il, “Fəallar jurnalist Əvəz Hafizlinin qətlinin nifrət zəminində baş verdiyini nəzərə alınmasını tələb edirlər” – https://www.amerikaninsesi.org/a/6624987.html?fbclid=IwAR11uOTDSK3TXBTnDjfl8m07AdjR5GZfbyibUXSOLC1pOlxHHaow4Bm5Soc&t=pzDX5OC9ei7jhCuvsqJl4g&s=03

[44] İnsan hüquqları müdafiəçisi Səməd Rəhimli: “Azərbaycan Respublikasının cinayət qanunvericiliyində adam öldürmənin ağırlaşdırıcı halı və yaxud da sağlamlığa zərər vurmanın növlərinin ağırlaşdırıcı hal kimi nifrət motivi ayrıca nəzərdə tutulmayıb. Buna görə də, nifrət motivindən cinayəti törədilməsi Azərbaycanda ağırlaşdırıcı hal kimi tövsif edilə bilmir.” https://www.amerikaninsesi.org/a/6624987.html?fbclid=IwAR11uOTDSK3TXBTnDjfl8m07AdjR5GZfbyibUXSOLC1pOlxHHaow4Bm5Soc&t=pzDX5OC9ei7jhCuvsqJl4g&s=03

[45] Məsələn, İspaniyanın Cinayət Məcəlləsinin 510-cu maddəsi ailə statusunu, fiziki və mental xəstə olanlara qarşı nifrət nitqini qadağan edir.

[46] Məslən, Böyük Britaniya “İctimai Qayda Aktına” (3A bölməsi) daxil edilmiş “Dini və İrqi Nifrət nitqi” qanununda  dinsizlərə qarşı nifrət nitqin qadağan edir.

[47] Həmin bəndə  deyilir: “irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”.

[48] Konistitusiyanın 47-ci maddəsinin 3-cü bəndi, CM-nin 283-cü maddəsi və Dini ekstremizmə qarşı mübarizə haqqında qanunun 1.0.1.5.-ci maddəsi

[49] “Media haqqında qanun”, maddə –  41.2.2.

[50] CM-nin 283-cü maddəsi

[51] İngilis dilində dignity adlanan bu terminin etimalogiyasına baxdıqda onun şərəflə, nəcibliklə, alicənablıqla əlaqəli olduğunu və bu sözün daha çox cəmiyyətdə yüksək vəzifə, statusla (zadəganlıq, artitokratiya) birgə çəkildiyini görəcəyik. Lakin hazırda, biz bu sözün insan hüquqları konseptinin inkişafı ilə demokratikləşdiyini və bütün insanlara aid edildiyini görürük. İnsan ləyaqətinin iddiası ona əsaslanır ki, sadəcə insan olmaqla insan hörmətə layiqdir və insanda hər kəsin hörmət etməli olduğunu tələb edən bir dəyər var.

[52] Azadlıq.info, azadlıq.org, Azərbaycansaatı.com, Meydan TV, Turan TV.

[53] Fətullayev Azərbaycana qarşı, (ərizə № 40984/07), Qərar, Strasburq, 22 aprel 2010-cu il, Məhkəmənin qiymətləndirməsi, para 115-130

[54] Article19, “Hate Speech’ Explained, A Toolkit”, 2015, page 19

[55] Yumuşaq güc strategiyası dedikdə, mədəni alətləri – incəsənət, ədəbiyyat, film, musiqi və sair – nəzərdə tuturam.