AİHM Yunusların işi üzrə qərarını elan edir

©aihmaz.org

Avropa Insan Haqları Məhkəməsi (AİHM) gələn həftə, iyulun 16-da Azərbaycandan göndərilmiş iki şikayət üzrə qərarlarını elan edəcək. Həmin şikayətlər 2014 və 2017-ci illərdə göndərilib.

Leyla və Arif Yunusların işi

Qərarı elan ediləcək şikayətlərdən birində (Ərizə №68817/14)) ərizəçilər Azərbaycanda həbsdə tutulduqdan sonra ölkədən mühacirət edən vətəndaş cəmiyyəti fəalları, tanınmış hüquq müdafiəçiləri, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı, institutun bölmə rəhbəri Arif Yunusdur. Hazırda Hollandiyada yaşayan Yunuslar Azərbaycanda həbs edilmələrindən və xüsusilə məhkəməyə qədər həbsdə saxlanılmalarından şikayət ediblər, onlara qarşı həyata keçirilmiş tədbirlərin bilavasitə hökumətə qarşı tənqidi çıxışlarına və fəalluyyətlərinə qarşı qisas məqsədi daşıdığını iddia ediblər.

Şikayətin detallarına görə, Yunuslar 2014-cü ildə bir jurnalistə açılmış cinayət işi çərçivəsində Azərbaycandan xaricə gedərkən hava limanında saxlanılıblar. Onların ofislərində və mənzillərinə axtarış aparılıb. Bu sırada səhhətində yaranmış problemlərdən dolayı, A.Yunus xəstəxanaya aparılıb. Yunuslar bu olayın qanunsuzluğundan məhkəməyə müraciət ediblər. Daxili məhkəmələr onların bütün şikayətlərini rədd ediblər.

Olayların ardınca, 2014-cü ilin avqustunda Yunuslar, müxtəlif ittihamlarla həbs ediliblər. Onlara qarşı ittihamlar əsasən, qrantların qeydə alınmaması, erməni gizli servisi ilə əməkdaşlıqla bağlı olub. Ərizəçilər ittihamları rədd ediblər, heç bir əsas olmadığı üçün azad edilmələrini məhkəmələrdən tələb ediblər. Yunuslar bir il sonra 8 il yarım müddətinə azadlıqdan məhrum ediliblər. Bir neçə ay sonra sağlıq durumuna görə, Arif Yunusun cəzası azaldılıb və azadlığa buraxılıb.

Yunuslar AİHM-ə şikayətlərində iddia ediblər ki, hava limanında saxlanılmaları kontekstində onların Konvensiyanın 3-cü maddəsi ilə təminat altına alınan hüquqlarına (işgəncəyə məruz qalmamaq) müdaxilə edilib. Onlar həmçinin, işlərində Konvensiyanın 5-ci (azadlıq, toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyat) 13-cü (səmərəli hüquq vasitələri hüququ), 34-cü (fərdi müraciət hüququ) və habelə, 1 saylı Protokolun 1-ci (mülkiyyət hüququ), 4 saylı Protokolun 2-ci (hərəkət azadlığı) maddələrinin pozulduğunu iddia edirlər.

Yunuslar eləcə də iddia edir ki, onlara qarşı həyata keçirilmiş tədbirlərin gerçək əsas məqsədi onları aktiv fəaliyyətlərinə, hökuməti tənqid etmələrinə görə cəzalandırmaq məqsədi daşıyıb və beləliklə də Konvensiyanın 18-ci maddəsi də pozulub.

Əlavə edək ki, Yunuslara açılmış cinayət işi, onların məhkum edilmələri AİHM-də başqa ərizə çərçivəsində (Ərizə №51984/19) icraatdadır.

Adıgözəlzadə və Şirinlinin işi

AİHM-in iyulun 16-da elan edəcəyi digər qərar Adıgözəlzadə və Şirinlinin Azərbaycana qarşı şikayətləri ilə bağlıdır. Məhkəmənin bazasında bu işlərin detalları barədə bilgi verilmir.