Avropa İnsan Haqları Məhkəməsi insan haqları ilə bağlı potensial sistemli və ya struktural pozuntulara münasibətdə necə davranacağını aydınlaşdıran yeni qayda tətbiq etməyə başlayır. Yeni qayda Məhkəmə Reqlamentinin 61-ci Qayda-sı ilə əlaqəlidir, hər hansı üzv ölkədə AİHM qarşısında oxşar şikayətlərə yol açan və ya yol aça biləcək sistemli və stuktur problemlərdən doğan işlərə tətbiq edilən, Məhkəmənin hazırda mövcud olan “pilot-qərar vermə proseduru”nu tənzimləyir.
61-ci Qayda 2011-ci il tarixdən AİHM-in Məhkəmə Reqlamentinə daxil edilib. Həmin qayda AİHM-dən ərizələrin seçilməsi, atılacaq addımlar və təxirə salınan işlərin davam etdirilməsi ilə bağlı pilot qərar proseduru üçün aydın və öncədən görülə bilən standartların müəyyən edilməsini istəyirdi. Yeni yanaşma qaydanın tətbiqinin təkmilləşdirilməsini ehtiva edir.
Digərləri ilə yanaşı, 61-ci Qayda aşağıdakıları nəzərdə tutur:
– Məhkəmə proseduru başlamazadan əvvəl ərizəçilərlə, hökumətlərlə və digər tərəflərlə müzakirə aparır;
– Məhkəmə milli səviyyədə durumu yaxşılaşdıra biləcək tədbirlərin növünü müəyyən edir, həmin tədbirlərin icrası üçün vaxt sərhəddi qoya bilir və həmin tədbirlərin həyata keçirilməsinə qədər oxşar şikayətlərə baxılmasını ertələyə bilər;
– Bu prosesdə hər hansı dostca anlaşmalar, digər və potensial ərizəçiıər üçün ümumi tədbirləri və təzminatların ödənilməsini də əhatə etməlidir;
– Dövlətin pilot qərara əməl etməməsi durumunda AİHM, təxirə salınmış ərizələrə baxılmasını bərpa edir.
Pilot qərar prosedurunun 3 məqsədi var:
Avropa Konvensiyasına qoşulan dövlətlərə milli səviyyədə mövcud olan sistematik və struktural problemlərin həll edilmsində yardımçı olmaq;
əlaqəli fərdlərin daha tez kompensasiya almalarını təmin etmək;
detallı araşdırma tələb edən oxşar, çox vaxt qarmaqarışıq işlərin sayını azaltmaqla, Avropa Məhkəməsinin iş yükünü daha səmərəli və tez realizə etməsinə aqtqı vermək.
Qaydanın tam mətni:
Qayda 61 (Pilot qərarın qəbulu proseduru)
1. Şikayətdəki faktlar müvafiq iştirakçı dövlətdə ona qarşı analoji şikayətlərin verilməsinə səbəb olmuş və ya səbəb ola biləcək struktur və ya sistem problemlərinin və ya digər bu kimi nöqsanların mövcud olduğunu aşkara çıxararsa, Məhkəmə pilot qərarın qəbulu proseduruna başlaya və pilot qərar qəbul edə bilər.
2. (a) Pilot qərarın qəbulu proseduruna başlamazdan əvvəl Məhkəmə baxılan şikayətin müvafiq iştirakçı dövlətdə bu cür problemin və ya nöqsanların mövcud olmasının nəticəsi olub-olmadığı barədə və şikayətə bu prosedura uyğun olaraq baxılmasının məqsədəuyğun olub-olmadığı barədə tərəflərin rəyini öyrənməlidir.
b) Pilot qərarın qəbulu proseduruna Məhkəmə öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin və ya hər ikisinin xahişi ilə başlaya bilər.
c) Pilot qərarın qəbulu prosedurunun tətbiqi üçün seçilmiş hər hansı şikayətə Məhkəmə Reqlamentinin 41-ci Qaydasına uyğun olaraq prioritet qaydasında baxılır.
3. Pilot qərarda Məhkəmə müəyyən edilmiş struktur və ya sistem problemini, yaxud digər nöqsanların xarakterini qeyd edir və qərarın nəticə hissəsinə uyğun olaraq vəziyyətin düzəldilməsi üçün ölkədaxili səviyyədə müvafiq iştirakçı dövlət tərəfindən görülməsi tələb olunan tədbirlərin növünü göstərir.
4. Məhkəmə tədbirlərin xarakterini və aşkar edilmiş problemin ölkədaxili səviyyədə nə dərəcədə tezliklə həll edilə biləcəyini nəzərə almaqla, pilot qərarın nəticə hissəsinin müddəalarına yuxarıdakı 3-cü bənddə göstərilən və vəziyyətin düzəldilməsinə yönələn tədbirlərin müəyyən müddət ərzində görülməli olduğu barədə göstəriş daxil edə bilər.
5. Pilot qərarı qəbul edərkən Məhkəmə pilot qərarda göstərilən fərdi və ümumi tədbirlərin cavabdeh dövlət tərəfindən görülməsinə qədər ədalətli kompensasiya məsələsinin həllini bütünlüklə və ya qismən təxirə sala bilər.
6. (a) Zərurət olduqda Məhkəmə pilot qərarın nəticə hissəsinin müddəalarına uyğun olaraq vəziyyətin düzəldilməsi üçün tələb olunan tədbirlərin görülməsinə qədər bütün analoji şikayətlərə baxılmasını təxirə sala bilər.
b) Müvafiq şikayətçilər işlərinə baxılmasının təxirə salınmasına dair qərar barədə müvafiq qaydada məlumatlandırılmalıdır. Zərurət olduqda onlar işlərinə təsir göstərə biləcək bütün müvafiq gedişi barədə məlumatlandırılmalıdır.
c) Ədalət mühakiməsinin maraqları tələb etdikdə Məhkəmə, baxılmasını təxirə saldığı şikayətə istənilən vaxt baxa bilər.
7. Pilot işdəki tərəflər barışıq sazişi bağladıqda, belə saziş pilot qərarda göstərilən ümumi tədbirlərin həyata keçirilməsi barədə, habelə digər faktiki və ya potensial şikayətçilərə verilməli olan kompensasiya barədə cavabdeh dövlətin bəyanatını özündə ehtiva etməlidir
8. Əgər hər hansı başqa qərar qəbul edilməyibsə, hər hansı iştirakçı dövlət pilot qərarın nəticə hissəsinin müddəalarını yerinə yetirmədikdə Məhkəmə yuxarıdakı 6-cı bəndə uyğun olaraq təxirə salınmış şikayətlərə baxılmasını bərpa edir.
9. Nazirlər Komitəsi, Avropa Şurasının Parlament Assambleyası, Avropa Şurasının Baş Katibi və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı pilot qərarın, eləcə də Məhkəmənin iştirakçı dövlətdə struktur və ya sistem problemlərinin mövcudluğuna diqqəti cəlb etdiyi hər hansı digər qərarın qəbulu barədə məlumatlandırılırlar.
10. Pilot qərarların qəbulu prosedurlarına başlanılması, pilot qərarların qəbulu və icrası, eləcə də belə prosedurların bitməsi barədə informasiya Məhkəmənin İnternet saytında yerləşdirilir.