AİHM saytın bloklanması, rəhbərinə isə cinayət cəzası verilməsi ilə bağlı şikayəti araşdırır

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bastainfo.com saytının rəhbəri Mustafa Hacıbəylinin iki şikayətini araşdırmağa başlayıb. AİHM-ə 2019 və 2020-ci illərdə göndərilmiş şikayətlər, siyasətçi və jurnalist olan ərizəçiyə cinayət işinin açılması, cinayət cəzasının verilməsi və rəhbəri olduğu sayta girişin bloklanması ilə bağlıdır.

İşin hallarına görə, 2018-ci ilin ortalarında bastainfo.com və bir sıra başqa internet saytlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsdlə və başqa məzmundu yazıların yayılmasına görə cinayət işi açılıb. Ardınca, bastainfo.com saytına giriş məhkəmə və ya digər rəsmi qərar olmadan Rabitə Nazirliyi tərəfindən blok edilib. Ərizəçi üç müxtəlif xüsusat üzrə nazirliyə və Baş Prokurorluğa qarşı şikayətlərlər verməklə, sayta girişin bloklanmasını aradan qaldımağa cəhd edib. Ancaq ərizəçinin bütün cəhdləri uğursuz olub.

Paralel olaraq, qeyd edilən cinayət işi çərçivəsində Ərizəçi iğtişaşlara təhrik, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət ittihamları üzrə mühakimə olunub və ittihamlar üzrə təqsirli bilinib. Ona iki il müddətinə sınaq müddəti ilə beş il yarımlıq şərti cəza iki il dövlət vəzifəsi tutmaq qadağası sanksiyası tətbiq edilib. Yerli məhkəmələr bu qərarı olduğu kimi qüvvədə saxlayıb.

Ərizəçi AİHM qarşısında Konvensiyanın 6, 10, 13, 14 və 18-ci maddələrinin pountusuna məruz qaldığını iddia edir.

AİHM hökumətə ərizəçiyə münasibətdə Konvensiyanın 6, 10, 13, 14-cü maddələrinin pozuntularına yol verilib-verilmədiyini izah etmək üçün suallar göndərib. AİHM həmçinin, ərizçənin 6 və 10-cu maddələri ilə birgə götürülməklə, Konvensiyanın 18-ci maddəsi ilə təminat altına alınan hüquqlarına müdaxilənin baş verib-vermədiyini də hökumətdən soruşur.

Ərizəçini AİHM qarşısında vəkil Nemət Kərimli təmsil edir.