AİHM sahibkarın mülkiyyət hüququnun pozuntusunu tanıdı

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, mayın 9-da Gəncədə gecəyarı “yoxa çıxan” mağaza işi üzrə yekun qərarını elan edib.

Söhbət gəncəli kiçik sahibkar İlqar Məhərrəmovun şikayəti üzrə qərardan gedir. O, şəhərdəki mağazalardan birinin sahibi olub. 2004-cü ildə günlərin birində gecə vaxtı İcra Hakimiyyəti onun dəmir konstruksiyalardan qurulmuş mağazasını “yoxa çıxarmışdı”. Yerli məhkəmələr onun mağazasının yoxa çıxamasında qeyri-adi, qanunsuz bir şey görməmişdi, sahibkar da 2007-ci ildə AİHM-ə üz tutmuşdu. İddia etmişdi ki, onun mülkiyyət hüququna qanunsuz müdaxilə edilib.

Məhərrəmov AİHM-dən itirdiyi obyektə görə 90 min 322 avro, maddi zərərə görə 90 min 412 avro, mənəvi zərərə görə 10 min avro, hüquq məsrəflərinə görə isə 2534 avro ödənilməsini nəzərdə tutan qərar çıxarmağı tələb edirdi.

AİHM bu gün, mayın 9-da qərarını elan edib. Qərara görə, hökumət sahibkara “gecə yoxa çıxan” obyektə görə 50 min, mənəvi zərərə görə 3 min, hüquq məsrəflərinə görəsə 1900 avro ödəməlidir.

AİHM sahibkarın şikayəti üzrə birinci qərarını 2017-ci ildə qəbul etmiş, mülkiyyət hüququnun pozuntusunu tanımışdı. Ancaq həmin vaxt məhkəmə öz qərarında yazmışdı ki, maddi tələblərlə bağlı qərar verməyə hazır deyil. Məhkəmə güman etmişdi ki, dövlət bu məsələdə ərizəçi ilə razılaşacaq, ancaq bu, baş verməmişdi.

Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)