Press-reliz:
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan göndərilən daha bir şikayəti araşdırmağa başlayıb. Söhbət Qarabağ müharibəsi iştirakçısı, döyüşlərdə müxtəlif medallar almış 1956-cı il təvəllüdlü Azad Quliyevin şikayətindən gedir.
Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Sumqayıt xətt polis məntəqəsinin rəisi, polis polkovniki Azad Quliyevi 12 il əvvəl MTN həbs etmişdi. 2007-ci ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin xüsusi qrupu onun evinə gəlib, axtarış aparıb. Axtarış Abşeronun icra başçısı Zakir Fərəcova sui-qəsd hazırlanması şübhəsi ilə əsaslandırılıb. İşin hallarına görə, axtarış zamanı evdən on ədəd 100-lük saxta dollar və əlbəttə ki, 100 qram heroin tapılıb. A.Quliyev də elə həmin gün həbs edilib.
İstintaq sonrası məhkəmə onu saxta pulkəsmə və narkotik cinayətində günahkar bilib, on bir il müddətinə azadlıqdan məhrum edib. A.Quliyev isə bütün ittihamların qurama olduğunu iddia edirdi. O, evdə axtarışdan sonra həm pulun, həm də narkotik bükülüsünün üzrəindəki əl izlərinin götürülməsini tələb edib, tələbinə əməl olunmayıb. Məhkəmədə bildirib ki, evə narkotiki də, saxta pulu da axtarışa gələnlər qoyublar.
Apellyasiya instansiyasında şahidlər saxta pullların və narkotikin A.Quliyevin evindən götürlməsinin bilavasitə şahidi olmadıqlarını bildiriblər. Məhkəmə şahid ifadələrini diqqətə alıb, ancaq yalnız saxta pul ittihamı üzrə təqsirləndirilənə bəraət verib, cəzasınıl 9 ilə düşürüb.
Ali Məhkəmə həmin qərarın cəza hissəsini dəyişib. A.Quliyevin iştirakı olmadan keçirilən iclasda məhkəmə onun Qarabağ müharibəsi iştirakçısı olmasını, müharibədə medallar almasını, azyaşlı övladlarının olmasını, habelə həbsdə sağlıq durumunun pisləşməsini nəzərə alaraq, cəzasını 7 ilə qədər azaldıb.
A.Quliyev ərizəsində qeyd edir ki, şahid ifadələrindəki uyğunsuzluqları doğru incələməməklə, şəxsən müraciət etməsinə rəgmən Ali Məhkəmədəki prosesdə iştirakını təmin etməməklə yerli məhkəmələr onun ədalətli məhkəmə araşdırması hüququnu (Maddə. 6.1, 6,3) pozublar.
Avropa İnsan Haqları Məhkəməsi hökumətdən işə dair bütün sənədləri, habelə bir neçə suala cavab istəyir.