© aihmaz.org
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, mayın 28-də Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb. Söhbət 90-cı illərdə Naxçıvan Muxtar Respublikasının baş naziri olmuş, hazırda Ankarada yaşayan Becan Fərzəliyevin şikayəti üzrə elan edilən qərardan gedir.
AIHM hesab edib ki, sabiq baş nazirə münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1, 6.2) pozuntusuna yol verilib. Məhkəmə ərizəçinin mülkiyyət hüququnun pozuntusu iddiasının incələnməsinə ehtiyac görməyib.
Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 4700 avro, xərc və məsrəflərə görəsə 1500 avro təzminat ödəməlidir. Ərizəçi isə 100 min avrodan artıq təzminat tələb etmişdi.
Bu məhkəmə işi Naxçıvan Muxtar Respublikasının keçmiş Baş Naziri B.Fərzəliyevə qarşı dövlət vəsaitlərinin mənimsənilməsi ittihamı üzrə məhkəmə prosesləri ilə bağlıdır. Cinayət işi üzrə heç vaxt təqsirkar hesab edilməsə də, onun üzərinə dövlət vəsaitlərini mənimsəməsi əsası ilə təzminat ödəmək vəzifəsi qoyulub.
B. Fərzəliyev 1990-cı illərin əvvəllərində NMR-nın baş naziri olub. 2005-ci ildə onun baş nazir olduğu dövrdə dövlət vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı cinayət işi açılıb və Fərzəliyev həmin işdə əsas şübhəli şəxs olub. Həmin cinayət işində bir neçə helikopterin alınmasına dövlət vəsaitlərinin ayrılması, amma alınmaması ilə bağlı ittihamlar vardı. Ancaq 2006-cı ilin yanvarında cinayət işinə xitam verilib, şübhəlilərin heç birinə qarşı rəsmi ittiham irəli sürülməyib.
Cinayət işinə xitam verilməsindən bir qədər sonra prokurorluq həmin iş üzrə şübhəlilərə qarşı Nəsimi rayon Məhkəməsində mülki iddia qaldırıb. İddiada B.Fərzəliyev və daha iki nəfərin üzərində mənimsədikləri dövlət vəsaitlərinə görə təzminat ödəmək vəzifəsinin qoyulması istənilib. Məhkəmə 2006-cı ilin mayında 2,327,059 manat (təxminən 2,025.000 avro) dəyərində mənimsəmənin baş verdiyi qənaətinə gəlib və həmin vəsaiti B.Fərzəliyev və daha bir cavabdehin ödəməli olmasına qərar verib. Məhkəmə öz qərarında xüsusi qeyd edib ki, təqsirləndirilən şəxslər cinayət işinə xitam verildiyi üçün cinayət məsuliyyətindən azad olunsalar da, “cinayət əməli nəticəsində” vurulmuş ziyan ödənilməyib. Cənab Fərzəliyev yuxarı məhkəmələrə müraciət edərək, mülki məhkəmənin ittiham aktının sübut kimi qəbul edildiyini, cinayət əməli törətdiyinə görə məsuliyyət daşıdığını və məhkumluğu ilə nəticələnən son qərarı olmadığı təqdirdə ona təzminat ödəməyi əmr etdiyini bildirdi.
B.Fərzəliyev yuxarı məhkəmələrə şikayət edib, bildirib ki, mülki iddiaya baxan məhkəmə məhkumluqla nəticələnən yekun hökmün olmamasına rəğmən, xitam verilmiş cinayət işinin materiallarını təsdiqlənmiş faktlar kimi qəbul edib. Ərizəçi həmçinin prosedur pozuntularına yol verildiyini, məhkəmə qərarında mülki qanunvericiliyə deyil, cinayət prosessual qanunvericiliyinə istinad olunduğunu bildirib. Əlavə edib ki, prosedur qaydalara əməl olunsa, iddia mülki qanunvericiliyin müddəalarına uyğun araşdırılsaydı, iddia rədd olunmalı idi – çünki iddia müddəti çoxdan başa çatmışdı. Ərizəçilərin şikayətlərini yuxarı məhkəmələr rədd ediblər.
B.Fərzəliyev iddia edirdi ki, onun Konvensiyanın 6-cı maddəsi və 1 saylı Protokolun 1-ci maddəsi ilə ilə təminat altına alınan təqsirsizlik prezumpsiyası və mülkiyyət hüquqlarına müdaxilə edilib.
Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)