AIHM – REQLAMENT: QAYDA 82-90

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ – MƏHKƏMƏNİN REQLAMENTİ

Qayda 82-90

Qayda 82

Məsləhət rəyləri üzrə icraat zamanı Məhkəmə Konvensiyanın 47, 48 və 49-cu maddələrinin müddəalarından əlavə, aşağıdakı müddəaları da tətbiq edir. O, həmçinin bu Reqlamentin digər müddəalarını məqsədəuyğun hesab etdiyi həddə tətbiq edir.

Qayda 83

Məsləhət rəyinin çıxarılması haqqında xahiş Katibliyə verilir. Barəsində Məhkəmənin rəy ver- məsi zəruri olan məsələ orada tam və dəqiq göstərilməli, habelə aşağıdakılar qeyd edilməlidir:

(a) Konvensiyanın 47-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan, Nazirlər Komitəsi tərəfindən qəbul edilən qərarın tarixi;

(b) Məhkəməyə lazım ola bilən izahatları vermək üçün Nazirlər Komitəsinin təyin etdiyi şəxsin və ya şəxslərin adları və ünvanları.

Məsələnin aydınlaşdırılmasına kömək edə bilən bütün sənədlər xahişə əlavə edilməlidir.

Qayda 84

1. Katib xahişi aldıqdan sonra xahişin və ona əlavə edilmiş sənədlərin surətlərini Məhkəmənin bütün üzvlərinə göndərir.

2. Katib Konvensiyanın iştirakçısı olan dövlətlərə məlumat verir ki, onlar xahişlə bağlı yazılı qeydlərini təqdim edə bilərlər.

Qayda 85

1. Məhkəmənin Sədri yazılı qeydlərin və digər sənədlərin verilməsinin müddətlərini müəyyən edir.

2. Yazılı qeydlər və digər sənədlər Katibliyə verilir. Katib onların surətlərini Məhkəmənin bütün üzvlərinə, Nazirlər Komitəsinə və Konvensiyanın iştirakçısı olan dövlətlərin hər birinə göndərir.

Qayda 86

Yazılı icraat qurtardıqdan sonra Məhkəmənin Sədri yazılı qeydlərini təqdim etmiş iştirakçı döv- lətlərin həmin qeydləri izah etmələrinə imkan yaratmaq məqsədilə şifahi dinləmə keçirib-keçir- məmək məsələsini həll edir.

Qayda 87

1. Məsləhət rəyinin verilməsi barədə xahişə baxmaq üçün Böyük Palata təşkil edilir.

2. Böyük Palata məsləhət rəyinin verilməsi barədə xahişin təmin edilməsinin onun Konvensiya- nın 47-ci maddəsi ilə müəyyən edilən səlahiyyətinə aid olmadığını hesab edərsə, bunu əsaslandı- rılmış qərar vasitəsilə elan edir.

Qayda 88

1. Əsaslandırılmış qərarlar və məsləhət rəyləri Böyük Palatanın səs çoxluğu ilə qəbul edilir. Çox- luq təşkil edən hakimlərin sayı orada göstərilməlidir.

2. Öz istəyi ilə hər bir hakim Məhkəmənin əsaslandırılmış qərarı ilə və məsləhət rəyi ilə üst-üstə düşən və ya onlardan fərqlənən xüsusi rəyini həmin qərara və ya məsləhət rəyinə əlavə etmək, yaxud sadəcə fərqli rəyinin olduğunu bildirmək hüququna malikdir.

Qayda 89

Əsaslandırılmış qərar və ya məsləhət rəyi Məhkəmənin Sədri tərəfindən və ya Sədrin səlahiyyət verdiyi digər hakim tərəfindən açıq dinləmədə iki rəsmi dildən birində elan edilə bilər; həmin dinləmə barədə ilkin bildiriş Nazirlər Komitəsinə və Konvensiyanın iştirakçısı olan hər bir döv- lətə göndərilir. Yaxud 90-cı Qaydada nəzərdə tutulan qaydada surətlərin göndərilməsi məsləhət rəyinin və ya əsaslandırılmış qərarın elan edilməsi sayılır.

Qayda 90

Məsləhət rəyi və ya əsaslandırılmış qərar Böyük Palatanın Sədri və Katib tərəfindən imzalamalı- dırlar. Onların lazımi qaydada imzalanmış və möhürlənmiş əsli Məhkəmənin arxivində saxlanılır. Katib təsdiq edilmiş surətləri Nazirlər Komitəsinə, Konvensiyanın iştirakçısı olan dövlətlərə və Avropa Şurasının Baş Katibinə göndərir.