AİHM qərarlarının icra durumunun müzakirəsi başlayır

Sabah, noyabrın 30-da Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 1419-cu görüşü başlayır. Görüşdə Avropa Məhkəməsinin qərarlarının icra durumu müzakirə ediləcək. 3 gün davam edəcək toplantının yekununda Nazirlər Komitəsi müzakirə edilən qərarların icra durumu ilə bağlı qətnamələrini elan edəcək. İcra durumu müzakirə ediləcək qərarlar Azərbaycan, Ermənistan,Bosniya, Bolqarıstan, Xorvatiya, Finlandiya, Fransa, Gürcüstan, Macarıstan, İtaliya, Litva, Makedoniya, Polşa, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və Böyük Britaniya ilə bağlıdır.

Toplantıda Azərbaycanla bağlı Mahmudov və Ağazadə, Məmmədli, Muradova, Məmmədov (Cəlaloğlu), Məmmədov Qruplarına daxil olan qərarların, eləcə də Qafqaz Məmmədov Azərbaycana qarşı qərarının icra durumu müzakirə olunacaq.

Mahmudov və Ağazadə qrupunda AİHM-in Azərbaycanla bağlı 4 qərarının (Tağıyev və Hüseynov Azərbaycana qarşı, Fətullayev Azərbaycana qarşı, Mahmudov və Ağazadə Azərbaycana qarşı, Əli Həsənov Azərbaycana qarşı) icrasına nəzarət edilir. Bu qərarlar ifadə azadlığı hüququnun pozuntusu, böhtan və təhqirə görə cinayət cəzalarının tətbiqi ilə bağlıdır.

Məmmədli işi qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar Anar Məmmədli, Həsənov və Başqaları, İ.Əliyev, İbrahimov və Məmmədov, X.İsmayılova (2), Arif və Leyla Yunuslarla bağlıdır. Bu qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

Muradova, Məmmədov (Cəlaloğlu), Məmmədov Qrupları çərçivəsində AİHM-in Azərbaycanla bağlı 20-dən artıq qərarının icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçilərin qohumlarının ölümləri, ərizəçilərin hüquq-mühafizə orqanlarında işgəncə və ya pis rəftara məruz qalmaları ilə bağlı səmərəli araşdırmanın aparılmaması, tibbi yardıma çatım haqqının pozulması, həbslərin qanunsuzluğu, cinayət prosesinin həddən artıq uzanması, jurnalistlərə güc tətbiq edilməsi, dinc toplantıların dağıdılması, vəkilə çatım haqqının təmin edilməməsi ilə əlaqəlidir.

Qafqaz Məmmədov Azərbaycana qarşı qərarı isə siyasi müxalifət tərəfindən planlaşdırılıb, təşkil edilən, ictimai asayiş baxımından heç bir təhlükə doğurmayan icazəsiz dinc etiraz aksiyasının dağıdılması və ərizəçinin sərbəst toplaşmaq azadlığına çoxsaylı aşırı müdaxilələrin edilməsi ilə bağlıdır.

AŞ NK AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.

AŞ NK-nın son bilgilərinə görə, indiyə qədər Avropa Məhkəməsinin Azərbaycanla bağlı 300-dən artıq qərarının icrası nəzarətə götürülüb. Həmin qərarlardan 44-nün icrasına nəzarət qapadılıb. 265 qərarın icrasına nəzarət davam etdirilir.