AİHM qərarı: Hökumət Natiq Cəfərliyə təzminat ödəyəcək

Press-reliz:

Bu gün, noyabrın 7-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha bir şikayət üzrə qərarını elan edib. Söhbət REAL Partiyasının rəhbərlərindən Natiq Cəfərlinin şikayətindən gedir.

AIHM hesab edib ki, hökumət Natiq Cəfərliyə münasibətdə Avropa Konvensiyasının 3-cü (işgəncəyə məruz qalmamaq), 5-ci (azadlıq və toxunlumazlıq) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozuntusuna yol verib. Qərara görə, hökumət siyasətçiyə mənəvi zərər əvəzi 17 min avro təzminat ödəməli olacaq.

İş haqda detallı

Bu şikayət 2014-cü ilin aprel ayında N.Cəfərliyə cinayət işi açılması, hüqu-mühafizə qurumlarında dəfələrlə sorgu-sual edilməsi, 2016-cı ilin avqust ayında həbs olunması ilə bağlı idi. Həmin vaxt N.Cəfərliyə qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətləri üzrə ittiham irəli sürülmüş, məhkəməyə qədər 4 aylıq həbs edilmişdi. Rəsmi ittihamda iddia edilirdi ki, o, aldığı fərdi qrantın qanuni qeydiyyat prosedurlarını pozub, Ədliyyə Nazirliyinə bəyan etməyib.

N.Cəfərli həmin il sentyabrın 9-a kimi həbsdə tutulmuş, həmin tarixdə prokurorun müraciəti əsasında azadlığa buraxılmışdı. AİHM-ə şikayətdə iddia edilirdi ki, ona cinayət işi açılması kontekstində baş verən proseslərdə Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq), 5-ci (azadlıq və toxunlumazlıq), 11-ci (birləşmək), və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri ilə təminat altına alınan hüquqlarına müdaxilə olunub.

Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni