AİHM: Meydan TV-nin əməkdaşlarının ölkədən çıxışına qadağa qoyulması qanunsuz olub

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sentyabr ayının 21-də Azərbaycandan göndərilmiş 44 ərizə üzrə 7 qərar və qərardadını elan edib. Qərardadların əksəriyyəti hökumətin təqdim etdiyi təktərəfli bəyannamələrə əsasən, çıxarılıb.

Aynur Qənbərova, Natiq Cavadlı və Aytac Əhmədova Azərbaycana qarşı

Bu məhkəmə işi tanınmış jurnalist olan ərizəçilərin ölkədən çıxışlarına qadağa qoyulması və onların hava limanında sərhədçilər tərəfindən saxlanılması ilə bağlıdır.

Mərkəzi ofisi Azərbaycandan kənarda olan Meydan TV-nin əməkdaşı olan ərizəçilər xaricə səyahət edərkən hava limanında saxlanılıblar. Ölkədən çıxışlarına qadağa qoyulması əsası ilə saxlanılan ərizəçilərə izah edilib ki, bu qadağa onların əməkdaşlıq etdiyi Meydan TV-yə prokurorluqda cinayət işinin açılması ilə bağlıdır. Ərizəçilər ölkədən çıxışına qadağa tətbiq edilməsinin qanunsuzluğunu məhkəmələr qarşısında mübahisələndirsə də məhkəmələr onların şikayətini mahiyyəti üzrə araşdırmaqdan imtina edib.

Ərizəçilər AİHM qarşısında iddia ediblər ki, ədalətli məhkəmə araşdırması, hərəkət azadlığı, ifadə azadlığı və effektiv hüquqi müdafiə imkanlarına sahib olmaq hüquqlarına müdaxilə baş verib. Ərizəçilər həmçinin, onlara tətbiq edilmiş məhdudiyyətlərin Konvensiyada nəzərdə tutulanlardan fərqli məqsədlərə (18-ci maddə) xidmət etdiyini iddia edirdilər. Bu işdə ərizəçilərdən A. Qənbərova həm də axtrışa məruz qalmışdı, o, həm də axtarışa məruz qalmasının qanunsuz olduğunu (8-ci maddə) iddia edirdi.

Avropa Məhkəməsi bu işdə ərizəçilərin hamısına münasibətdə hərəkət azadlığı və effektiv müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusuna qərar verib, digər iddiaları incələməyə ehtiyac görməyib. Qərara görə, hökumət ərizəçilərin hər birinə mənəvi zərər əvəzi 5000, xərc və məsrəflərə görəsə 500 avro ödəməlidir.

Murad Muradov Azərbaycana qarşı

Bu iş ərizəçinin etiraz nümayişi zamanı həbs edilməsi və sonradan İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən (polis əməkdaşının qanuni əmrini yerinə yetirməmək) inzibati qaydada məhkum edilməsi ilə bağlıdır. Daxili məhkəmələr ona on sutka inzibati həbs cəzası vermişdi. Ərizəçi Konvensiyanın 6 və 11-ci maddələrinə əsaslanaraq, daxili məhkəmələrin öz qərarları üçün əsaslar təqdim etməməsindən, inzibati məhkumluğunun onun sərbəst toplaşmaq hüququna qanunsuz və əsassız müdaxiləni təşkil etməsindən şikayət edib. Ərizəçi bundan başqa ona münasibətdə 7 Saylı Protokolun 2-ci maddəsinin pozulduğunu iddia edir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi onun şikayətinə gec, on sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra baxıb.

Bu işdə tərəflər dostca anlaşıblar. Həmin anlaşmaya əsaslanan qərardad ərizəçiyə və onun vəkilinə 3500 avro təzminatın ödənilməsini nəzərdə tutur.

İlham Əliyev və Sərdar Babayev Azərbaycana qarşı

Bu iş ərizəçilərin məhkəməyə qədər həbs edilməsi ilə bağlı məhkəmə qərarlarının əsaslandırlmaması iddiaları ilə bağlı idi.

Avropa Məhkəməsinin qərarına görə, hər iki ərizəçiyə münasibətdə məhkəməyə qədər həbs qərarları əsassız olduğundan, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulub. Hökumət İ.Əliyevə 3500, S.Babayevə isə 5000 avro təzminat ödəməlidir.

Laçın Vəliyev Azərbaycana qarşı

Bu iş də ərizəçinin məhkəməyə qədər həbs edilməsi ilə bağlı məhkəmə qərarlarının əsaslandırlmaması iddiaları ilə bağlı idi. Kommunikasiya zamanı hökumət iddia olunan pozuntuların etiraf olunduğu təktərəfli bəyannamə təqdim edib. Avropa Məhkəməsinin qərardadı həmin bəyannaməyə əsasın çıxarılıb. Qərara görə, ərizəçiyə və təmsilçisinə 3500 avro təzminat ödəniləcək.

Zaur Məmmədov və başqaları (daha 7 ərizəçi) Azərbaycana qarşı

Bu işdə ərizəçilər inzibati qaydada cəzalandırılıblar. Siyasi baxımdan müxalif mövqeli olan ərizəçiləri polis əməkdaşları evlərdinən polis bölməsinə aparıb. Onlar sonradan polisin qanuni tələbinə əməl etməmək əsası ilə inzibati məsuliyyətə cəlb olunublar. Ərizəçilər məhkəmə qarşısında iddia edirdilər ki, onlar hər hansı pozuntuya yol vermədikləri halda cəzalandırlıblar. Məhkəmələrinin ədalətsiz olduğunu, istədikləri vəkilə çatımlarının təmin edilmədiyini, barələrindəki məhkəmə qərarlarının heç bir hüquqi əsasının olmadığını bildirən ərizəçilər AİHM qarşısında Konvensiyanın 5-ci və 6-cı maddələrinin pozuntusunu qaldırmışdılar.

Bu işdə AİHM ərizəçilərin hamısına münasibətdə 6-cı maddənin pozulmasına qərar verib. Qərara görə, hökumət ərizəçilərin hər birinə 1250 avro (mənəvi zərər əvəzi 1000, hüquqi xərc əvəzi 250 avro) ödəməlidir.

(Ərizəçilər: Zaur MƏMMƏDOV; Xalid QARAYEV; Razim RZAYEV; İsmayıl RƏSULOV; Ruslan QARAYEV; Amid SÜLEYMANOV; Samir HƏSƏNOV; Qədir AĞAKİŞİYEV)

Samir Babayev və 20 başqa ərizəçi Azərbaycana qarşı;

Bu işin halları Məmmədov və başqaları Azərbaycana qarşı işinin halları ilə oxşardır. Əsasən, müxalif fəallar olan ərizəçilərin hamısı inzibati qaydada cəzalandırılıblar.

Kommunikasiya zamanı Hökumət təktərəfli bəyannamə təqdim edərək, ərizəçilər haqda inzibati prosesin ədalətsiz olduğunu etiraf edib, onlara təzminat ödəməyi təklif edib. AİHM-in qərardadı həmin bəyannaməyə əsaslanır. Qərardada görə, hökumət ərizəçilərin hər birinə 1250 avro (mənəvi zərər əvəzi 1000, hüquqi xərc əvəzi 250 avro) ödəməlidir.

(Ərizəçilər: Samir BABAYEV; Emin Əliyev; Yaşar FƏRAZİ; Keşiş SƏLİMOV; Rabil QURBANOV; Hüseyn MƏLİKOV; Elnur YUSUBOV; Sübhi HƏSƏNOV; Sərdar CƏFƏROV; Alxan RƏCABOV; Nicat ABDULLAYEV; Ramid NAQİYEV; Ramid NAQİYEV; Saqif QURBANOV; Paşa UMUDOV; Amil MƏMMƏDZADƏ; Emil SƏLİMOV; Şakir MƏMMƏDOV; Orxan SƏLİMZADƏ; Hüseyn MƏLİKOV; Niyazi QURBAN)

Samir Aşurov və 7 başqa ərizəçi Azərbaycana qarşı;

Bu iş də müxalif fəallar olan ərizəçilərin inzibati qaydada cəzalandırılmalarının qanusnzluğu iddiaları ilə bağlı idi.

Kommunikasiya zamanı Hökumət təktərəfli bəyannamə təqdim edərək, ərizəçilər haqda inzibati prosesin ədalətsiz olduğunu etiraf edib. AİHM-in həmin bəyannaməyə əsaslanan qərardadına görə, hökumət 7 ərizəçinin hər birinə 1250 avro (mənəvi zərər əvəzi 1000, hüquqi xərc əvəzi 250 avro) ödəməlidir. Ərizəçilərdən Ceyhun Məmmədliyə mənəvi zərər əvəzi 2000, hüquqi xərc əvəzi 250 avro ödənilməlidir.

(Ərizəçilər: Samir AŞUROV; Ceyhun MƏMMƏDLİ; Ramin ƏHMƏDLİ; İlqar MAHMUDOV; Nazim HƏSƏNLİ; Tural ATAKİŞİYEV; Rövşən HÜSEYNOV; Rəşad AXUNDOV)