AİHM mərhum jurnalistin şikayəti üzrə qərarını elan edir

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi gələn həftə, dekabrın 5-də mərhum yazıçı-jurnalist Rafiq Tağı ilə bağlı qərarını açıqlayacaq. Söhbət mərhum yazıçı-jurnalistin və onun həmkarı Samir Sədaqətoğlunun 2006-cı ildə bir məqaləyə görə azadlıqdan məhrum edilmələri üzrə göndərilmiş şikayətdən gedir.

R.Tağı 2006-cı ildə “Sənət” qəzeti ilə əməkdaşlıq edirdi. Samir Sədaqətoğlu isə “Sənət”in baş redaktoru idi. Həmin il qəzetdə R.Tağının “Avropa və Biz” sərlövhəli məqaləsi yayıldı. Məqalədə İslam və Xristianlıq dini əxlaq və humanizm kontekstində müqayisə edilmişdi.

Yazının yayılmasından sonra qəzetçilərə basqılar başladı, İranda hansısa dini xadimin yazı müəllifinin ölümünə fətva verməsi haqda xəbərlər yayıldı. Ardınca, jurnalistlərə məqaləyə görə cinayət işi açıldı, istintaq dövründə həbs edildilər. 2007-ci ilin mayında isə Səbail Məhkəməsi R.Tağını 3, S.Sədaqətoğlunu isə 4 il azadlıqdan məhrum etdi. Onlar dini nifrət və düşmənçiliyi təşviq etməkdə günahkar bilindilər. 2007-ci ilin sonunda Azərbaycan prezidenti hər iki jurnalisti əfv etdi, onlar azadlığa çıxdılar.

Onların vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə 2011-ci ildə müraciət etmişdilər.

Şikayətdə iddia edilir ki, dövlət onların din azadlığı və ifadə azadlığı hüququna müdaxilə edib. Şikayətdə həmçinin qanunda nəzərdə tutulmayan cəzanın yolverilməzliyi hüququna müdaxilə edilməsi də mübahisələndirilib.