AİHM: Jurnalistə münasibətdə hərəkət azadlığı, azadlıq və toxunulmazlıq hüquqları pozulub

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabr ayının 9-da Azərbaycandan göndərilmiş 3 işlə bağlı yekun qərarlarını elan edib.

Kamran Mahmudov Azərbaycana qarşı

Tanınmış jurnalist olan ərizəçi axşam saatlarında Azərbaycandan Gürcüstana səfər edərkən sərhəddə saxlanılmışdı. Daha sonra yaxınlıqdakı polis idarəsinə aparılmışdı. Ərizəçiyə ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.

Ərizəçi AİHM qarşısında saxlanılmasının və ölkədən çıxışına qadağa qoyulmasının onun azadlıq və toxunulmazlıq, eləcə də hərəkət azadlığı hüquqlarını pozduğunu iddia edirdi. Məhkəmə qarşısında həmçinin, effketiv müdafiə vasitələrinə malik olmaq (Konvensiyanın 13-cü maddəsi) və ifadə azadlığı hüququnun (Konvensiyanın 10-cu maddəsi) pozuntuları da mabahisələndirilmişdi.

AİHM bu işdə jurnalistə münasibətdə yanlışlığın baş verdiyini və dərhal aradan qaldırldığını iddia edən hökumətin ərizənin baxılacaq işlərin çıxarılması barədə təqdimatını rədd edib. Qərar verib ki, K. Mahmudova münasibətdə həm azadlıq və toxunulmazlıq, həm də hərəkət azadlığı hüquqlarını pozuntusu baş verib.

Əbdül Əbilov və Ömər Məmmədov Azərbaycana qarşı

Bu işdə ərizəçilərdən Əbdül Əbilov blogger idi, sosial şəbəkələrdə hökuməti tənqid edən müxtəlif yazıları və tənqidi məzmunlu səhifəsi ilə tanınan ərizəçi, 2013-cü ildə Bakı şəhərindəki evlərinin yaxınlığında mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılmışdı. Polislər onu sürüyərək “Hundai Sonata” markalı avtomobilə mindirmiş və axtarış üçün evinə aparmışdılar. Axtarış ərizəçinin anasının və həyat yoldaşının iştirakı ilə aparılmışdı. Ərizəçi iddia edirdi ki, polis əməkdaşları onun qonaq otağında olan pencəyinin cibinə narkotik maddə qoymaq istəyiblər, ancaq bunu görən anası onlara mane olub. Bununla belə ərizəçinin gödəkçəsindən narkotik maddə tapılmışdı. Polis əməkdaşları axtarış zamanı ərizəçinin şəxsi kompüterini də götürmüşdülər.

Axtarışdan sonra ərizəçi qaynı ilə birlikdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, orda ərizəçinin üzərinə yenə baxış keçirilmiş, şalvarının cibindən narkotik maddə aşkar edilmişdi. Həmin gün ərizəçinin şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunmuş, barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, əldə etmə, daşıma və satma) maddəsi ilə cinayət işi başlanılmışdı. Həmin gün Nərimanov Rayon Məhkəməsi ərizəçinin məhkəməyə qədər üç ay müddətinə həbs olunması haqda qərar çıxarmışdı. Məhkəmə həbs qətimkan tədbirinin tətbiqini ittihamın ağırlığı və azadlıqda olacağı təqdirdə ərizəçinin istintaqdan yayına və istintaqa mane ola biləcəyi ehtimalı ilə əsaslandırmışdı. Həmin qərardan verilən şikayətlər rədd edilmiş, ərizəçinin həbs müddəti sonrakı mərhələlərdə yenidən artırılmışdı. Ərizəçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə məhkəməyə müraciətləri də rədd edilmişdi.

Ərizəçi AİHM-ə şikayətində azadlıq və toxunulmazlıq hüququnun pozulduğunu iddia edirdi.

NİDA vətəndaş hərəkatının üzvü olan, Kiprdə təhsil alan digər ərizəçi, tənqidi məzmunlu “AZTV-dən seçmələr” və “Heydər Əliyev adına səhifə” adlı iki məşhur Facebook səhifəsinin administratorlarından olub. Onun atası 2013-cü ildə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub və orada oğlunun fəaliyyəti ilə bağlı sorğu-sual edilib. Atası polisdə olarkən, polislər ərizəçiyə zəng edib və ondan “AZTV-dən seçmələr” səhifəsini qapatmağı, NİDA hərəkatını tərk etməyi tələb ediblər. Əlavə ediblər ki, Bakıya qayıdanda onunla görüşəcəklər. Bu söhbətdən təxminən bir həftə sonra ərizəçi “AZTV-dən seçmələr” səhifəsinin idarəçiliyindən kənarlaşıb, NİDA hərəkatı ilə də əlaqəsini də dayandırıb.

31 dekabr 2013-cü il tarixdə ərizəçinin atası yenidən polisə aparılıb, ona oğlunun sosial şəbəkədə ölkə başçısını təhqir etməsi haqda məlumat verilib. Ərizəçi 20 yanvar 2014-cü il tarixdə Bakıya qayıdıb. Ertəsi gün atası ilə polisə çağırılıb, sorğu-sual olunub. Ərizəçidən sosial mediadakı fəaliyyətini dayandırması tələb olunub.

3 gün sonra ərizəçi polislər tərəfindən saxlanılıb, Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb. İdarədə üzərində axtarış aparılan və narkotik maddə aşkar olunan ərizəçiyə Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, əldə etmə, daşıma və satma) maddəsi ilə cinayət işi açılıb. Ərizəçi üç ay müddətinə məhkəməyə qədər həbs edilib. Həmin qərardan verilmiş şikayətlər təmin edilməyib.

Ərizəçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə məhkəməyə müraciətləri də rədd edilib. İkinci ərizəçi də azadlıq və toxunulmazlıq hüququnun pozulduğunu iddia edirdi. 

Bu ərizənin kommunikasiyası zamanı Hökumət məhkəməyə təktərəli bəyannamə təqdim edib, ərizəçilərin iddia etdikləri pozuntuları etiraf edərək onların hər birinə 8 min avro (mənəvi zərər (6500) və xərc, məsrəf əvəzi (1500)) təzminat ödəməyi təklif edib. AİHM bəyannaməni qəbul edib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Azərbaycana qarşı

Ərizəçi 2006-cı ildə dövlət qeydiyyatından keçmiş və Bakıda iqamət edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi idi. Ərizəçi 2010-cu ildə Nazirlər Kabinetinə informasiya sorğusu göndərərək, Nazirlər Kabinetinin tarixi dəqiq göstərilmiş Sərəncamının surətinin təqdim edilməsini xahiş etmişdi. Ancaq sorğuya cavab verilməmiş, ərizəçinin məhkəməyə müraciətləri də rədd olunmuşdu. Ərizəçi birlik AİHM qarşısında ona münasibətdə Konvensiyanın 6 (ədalətli məhkəmə araşdırması) və 10-cu (ifadə azadlığı) maddələrinin pozulduğunu iddia edirdi.

Məhkəmə bu ərizəni qəbuledilməz elan edib.