AİHM-in mülahizələr təqdim etmək hüququnun pozulması barədə şikayətləri araşdırma qaydası – AİHM bələdçisi

(a) Şəxsin işinə aid bildiyi sübutları məhkəməyə təqdim etmək hüququnun pozulması barədə şikayətlər

Xatırladaq ki, şəxsin işinə aid bildiyi sübutları (o cümlədən şahidləri) məhkəməyə təqdim etmək hüququ məhdudlaşdırıla bilər. Məsələn, bu və ya digər sübutun araşdırılması (o cümlədən şahidin dindirilməsi) barədə vəsatəti məhkəmə rədd edə, yaxud təqdim olunmuş sübutu (o cümlədən şahid ifadəsini) nəzərə almaqdan imtina edə bilər. Həmin məhdudlaşdırmanın Konvensiyanın 6-cı maddəsinə zidd müdaxilə olub-olmadığını araşdırarkən Avropa Məhkəməsi öz qarşısında bu üç sualı qoyur (bax:Murtazaliyeva Rusiyaya qarşı, Böyük Palata; Abdullayev Azərbaycana qarşı):

Ərizəçi sübutun ölkədaxili məhkəmə tərəfindən araşdırılması (o cümlədən hər hansı şahidin dindirilməsi) barədə vəsatətini (xahişini) kifayət qədər əsaslandırıbmı?
Şəxs bu və ya digər sübutun araşdırılması (o cümlədən hər hansı şahidin dindirilməsi) barədə vəsatətini (xahişini) kifayət qədər əsaslandırmalıdır. O, ölkədaxili məhkəmə qarşısında qaldırdığı vəsatətində (xahişində) göstərməlidir ki, təqdim etdiyi sübut (o cümlədən hər hansı şahidin dindirilməsi):

– işə aiddir və

– işdə onun pozisiyasını gücləndirə bilər.

Əsaslandırmanın kifayət qədər olub-olmadığını müəyyənləşdirmək üçün Avropa Məhkəməsi konkret işin bütün hallarını gözdən keçirir (daha ətraflı müzakirə üçün “Əsaslandırımlış məhkəmə qərarı” mövzusuna bax).

Ölkədaxili məhkəmələr sübutun (o cümlədən şahid ifadəsinin) işə aid olub-olmadığını araşdırıbmı və həmin sübutu araşdırmaqdan imtina edərkən kifayət qədər əsas gətiribmi?
Xatırladaq ki, Konvensiyanın 6.1-ci maddəsi ölkədaxili məhkəmənin üzərinə tərəflərin bütün mülahizələrinə cavab vermək öhdəliyini qoymur.

Ölkədaxili məhkəmələrin qərarlarında gətirəcəyi əsaslar şəxsin vəsatətində (xahişində) gətirdiyi əsaslandırmaya mütənasib (adekvat) olmalıdır. Yəni şəxsin ortaya qoyduğu əsaslandırma nə qədər çox təfərrüatlı və tutarlıdırsa, məhkəmənin gətirdiyi əsaslandırma da bir o qədər güclü olmalıdır (daha ərtaflı müzakirə üçün “Əsaslandırımlış məhkəmə qərarı” mövzusuna bax).

Ölkədaxili məhkəmələrin sübutu (o cümlədən şahid ifadəsini) araşdırmaması prosesin ümumilikdə götürüldükdə ədalətliliyini pozubmu?

Avropa Məhkəmə ölkədaxili məhkəmələrin sübutu (o cümlədən şahid ifadəsini) araşdırmaqdan imtina etməsinin məhkəmə prosesinin ümumilikdə götürüldükdə ədalətliliyinə necə təsir göstərdiyini araşdırır. Çünki məhkəmə araşdırmasının Konvensiya baxımından ədalətli olub-olmamasını müəyyən etmək üçün ölkədaxili prosesin yalnız bir aspektini, proses boyu baş vermiş bir insidenti əsas götürmək olmaz, prosesin ümumilikdə gedişatı nəzərə alınmalıdır (daha ərtaflı müzakirə üçün “Əsaslandırılmış məhkəmə qərarı” mövzusuna bax).

(b) Şəxsin işinə aid bildiyi digər mülahizələri məhkəməyə təqdim etmək hüququnun pozulması barədə şikayətlər

Avropa Məhkəməsi şəxsin işinə aid bildiyi digər mülahizələri (yəni arqumentləri, etirazları (o cümlədən bu və ya digər sübutun istifadəsinə qarşı etirazları), müxtəlif hərəkətlərin edilməsi barədə vəsatətləri) məhkəməyə təqdim etmək hüququnun pozulması barədə şikayətləri yuxarıda göstərilmiş qaydaya oxşar tərzdə araşdırır (həmçinin “Əsaslandırımlış məhkəmə qərarı” mövzusuna bax).

Məsələn, Məhkəmənin presedentlərinə əsasən, şəxsə bu və ya digər sübutun mötəbərliyini sual altına almaq və həmin sübutun işdə istifadəsinə etiraz etmək imkanı verilməlidir (bax: Jalloh Almaniyay qarşı, Böyük Palata; Bykov Rusiyaya qarşı, Böyük Palata; İlqar Məmmədov Azərbaycana qarşı (no. 2); Cənnətov Azərbaycana qarşı; və s.).

Sübutların mötəbərliyi və ya keyfiyyətinə qarşı şəxsin qaldırdığı etirazları ölkədaxili məhkəmə rədd edibsə:

Avropa Məhkəməsi birinci növbədə həmin etirazların nə dərəcədə ciddi (əsaslandırılmış) olmasını araşdırır. Məhkəmə bu və ya digər “sübutun keyfiyyəti, o cümlədən həmin sübutun əldə edilmə şəraiti onun etibarlılığına və ya dəqiqliyinə həqiqətən şübhə oyadırmı?” sualını qarşısına qoyur.
Sonra Məhkəmə şəxsin qaldırdığı etirazları rədd edərkən ölkədaxili məhkəmələrin qərarlarını kifayət qədər əsaslandırıb-əsaslandırmadığını araşdırır.

Sonda isə Məhkəmə ölkədaxili məhkəmə prosesinin ümumilikdə götürüldükdə ədalətli olub-olmadığını analiz edir.

Məsələn, Sakit Zahidov Azərbaycana qarşı işdə ərizıçi yalnız üzərində tapılmış maddi sübut (narkotik vasitə) əsasında təqsirli bilinib. Avropa Məhkəməsi həmin maddi sübutun əldə edilməsi şəraitinin onun mötəbərliyinə şübhə yaratdığı nəticəsinə gəlib. Xüsusilə ona görə ki, ərizəçi üzərində axtarış aparılması üçün başqa yerə aparılıb, onun tutulması və üzərində axtarış aparılması arasında müəyyən vaxt keçib və həmin vaxt ərzində ərizəçi polislərin kontrolu altında olub, axtarış keçirilən zaman ərizəçinin hüquqşünası yanında olmayıb və sair. Beləliklə, sözügedən maddi sübutun ərizəçinin cibinə atılaraq onun şərlənməsinə dair əsaslı şübhə yaranıb (həmçinin bax: Layıcov Azərbaycana qarşı).

Cənnətov Azərbaycana qarşı işdə ərizəçinin təqsirli bilinməsi qərarı ərizəçinin, onun qardaşının və digər bir şahidin istintaq zamanı verdikləri ifadələrə əsaslanıb (həmin ifadələr həlledici xarakter daşıyıb). Məhkəmə prosesi zamanı ərizəçi və sözügedən şahidlər əvvəlki ifadələrindən imtina ediblər. Onlar iddia ediblər ki, istintaq zamanı pis rəftara məruz qalaraq həmin ifadələri verməyə məcbur ediliblər. Ölkədaxili məhkəmələr ərizəçinin və şahidlərin məhkəmə prosesi zamanı verdiyi ifadələri kifayət qədər əsas gətirmədən rədd edərək, istintaq zamanı verilmiş ifadələri istifadə edib. Avropa Məhkəməsi bu işdə istifadə olunmuş şahid ifadələrinin şübhəli olduğu nəticəsinə gəlib. Xüsusilə ona görə ki, işdə həmin ifadələri təsdiqləyə biləcək başqa sübutlar olmayıb.

Sadalanan işlərdə ölkədaxili məhkəmələr ərizəçilərin sübutlara qarşı qaldırdığı konkret arqumentlərini cavablandırmaq əvəzinə heç bir əsas gətirmədən və ya sadəcə şablon şəkildə həmin arqumentləri rədd edib. Avropa Məhkəməsi belə nəticəyə gəlib ki, ərizəçilərə işdə istifadə olunmuş sübutlara qarşı effektiv etiraz etmək imkanı verilməyib.

©legallibrary.org