AİHM-in Azərbaycanla bağlı qərarları – aylıq (yanvar) icmal

Avropa Insan Haqları Məhkəməsi (AİHM) yanvarda Azərbaycanla bağlı ümumilikdə 33 şikayət üzrə qərar və qərardadlarını elan edib. Yalnız Haşemi və başqları Azərbaycana qarşı işi üzrə qərar mahiyyəti üzrə olub.

“Əcnəbilərin Azərbaycanda doğulmuş, rəsmi qurumlar tərəfindən doğum haqqında şəhadətnamə verilmiş övladlarına vətəndaşlığın verilməsindən imtina olunması onların şəxsi həyata hörmət hüququnu pozur”. Haşemi və başqalarının işinin ümumi nəticəsi belədir. AİHM bu qərarını Azərbaycanın 2014-cü ilə qədər qüvvədə olan uyğun qanunvericiliyinin işığında qəbul edib. Bu işdə Azərbaycan vətəndaşı olmayan 7 əcnəbi ərizəçi Azərbaycan torpaqlarında doğulmuş, doğum haqda şəhadətnamələri olan övladlarına ölkə vətəndaşlığının verilməsindən imtina olunmasının şəxsi həyata hörmət hüququnu pozduğunu iddia edirdi. AİHM bu iddiaları əsaslı hesab etdi.

AİHM-in digər qərardadları hökumətin təqdim etdiyi birtərəfli bəyannamələrə və dostca anlaşma haqda bəyannamələrə əsaslanır.

Seçki hüququnun pozuntusunun qaldığrıldığı Balakişiyev, Surxayev və başqa 14 ərizəçinin işi, Qeyri hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından imtina ilə bağlı olan Akif Nəsirli və başqaları Azərbaycana qarşı işi və yerli məhkəmə qərarlarının icra olunmaması ilə əlaqəli Cəlilov və başqalarının işi hökumətin təqdim etdiyi birtərəfli bəyannaməyə əsasən başa çatıb. Bu işlərdə ərizəçilərə təzminat ödəniləcək.

Mülkiyyət hüququnun pozuntusunun mübahisələndirildiyi Mehman Ağayevin və ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət və ifadə azadlığı hüquqlarının pozuntusunun qaldırıldığı Tural Cəfərovun işində tərəflər dostca anlaşıblar. Bu işlərdə də ərizəçilərə təzminat ödəniləcək.

Seçki hüququnun pozuntusundan şikayət edilən İqbal Ağazadənin işində isə ərizəçi ərizəsini geri götürüb.
Hökumət yanvarda elan edilmiş qərar və qərardadlar üzrə, ərizəçilərə ümumilikdə 126 min avrodan artıq təzminat ödəməlidir.