AİHM-in Azərbaycanla bağlı qərarları – aylıq (yanvar, 2023) icmal

Yanvar ayında Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş 25 şikayətə baxılmasını yekunlaşdırıb. Məhkəmə bu şikayətlər üzrə ümumilikdə 8 qərar və qərardad elan edib.

Jurnalistlərlə bağlı olan iki işdə – Xural qəzeti və Əvəz Zeynalov, eləcə də Qənimət Zayidov Azərbaycana qarşı işlərində məhkəmənin çıxardığı mahiyyəti üzrə qərarlarda jurnalistlərin iddia etdikləri pozuntular tanınıb. Xural qəzeti və Əvəz Zeynalovun işində mübahisə predmeti qəzetdə KİV Dövlət Dəstəyi Fondunun sabiq rəhbəri haqqında yayılmış məqalə idi. Həmin məqalədə dövlətin KİV-ə dəstək məqsədilkə ayırdığı vəsaitlərin mənimsənildiyini iddia edən müəllif Fondun rəhbərini “mətbu qəssab” adlandırmışdı. Yerli məhkəmələr buna görə, qəzeti və onun baş redaktorunu 5 min manat cərimələmişdilər. Avropa Məhkəməsi bu işdə ərizəçinin ifadə azadlığı hüququna müdaxilənin baş verdiyi qənaətinə gəldi, hesab etdi ki, ərizəçinin ifadə azadlığına müdaxilə demokratik cəmiyyətdə zəruri olmayıb.

Zayidov Azərbaycana qarşı işində isə məhkəmə ərizəçiyə münasibətdə ədalətli məhkəmə raşdırması hüququnun pozulduğuna qərar verdi. “Azadlıq” qəzetinin redaktoru olan Zayidov illər öncə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq ittihamı ilə azadlıqdan məhrum edilmişdi. Ərizəçi ittiham və məhkum edilməsinin quruma olduğunu, tənqidi düşüncələrinə görə cəzalandırldığını iddia edirdi. Avropa Məhkəməsi onun iddialarını əsaslı hesab edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycana qarşı işində isə Avropa Məhkəməsi QHT və onun təsisçiləri olan ərizəçilərin birləşmək hüququnun pozuntusu iddialarını tanıyıb. Bu işdə Ədliyyə Nazirliyi ərizəçi QHT-nin dövlət qeydiyyatına alınmasından imtina etmişdi.

Yanvarda Avropa Məhkəməsinə göndərilmiş 12 ərizəyə baxılması tərəflərin dostca anlaşması ilə başa çatıb. 11 ərizənin birləşdirildiyi Miriyev və Başqaları Azərbaycana qarşı işi milli məhkəmə qərarlarının icra edilməməsindən, Səmədov Azərbaycana qarşı işində isə dinc nümayiş iştirakçısı olan ərizəçiyə qeyri-mütənasib tədbirlərin tətbiqindən şikayət edilmişdi. Hökumət dostca anlaşmanın şərtələrinə uyğun olaraq, bütün ərizəçilərə təzminat ödəyəcək.

Avropa Məhkəməsi həmçinin 1 ayda Azərbaycandan göndərilən 10 ərizəni qəbul edilməz sayıb. 8 ərizənin birləşdirildiyi Günel Yusifli və Başqaları Azərbaycana qarşı işi dövlət əmlakının özəlləşdirilməsi kontekstində iddia olunan pozuntular haqda idi. Azər Mehtiyev və Yaşar Ağazadənin işlərində isə ərizəçilər dövlət qurumlarına göndərdikləri informasiya sorğusuna cavab verilməməsinin onların ifadə azadlığı hüququnu pozduğunu iddia edirdilər.

Hökumət Avropa Məhkəməsinin yanvarda elan etdiyi qərarlar üzrə ərizəçilərə ümumilikdə, 45 min avrodan artıq təzminat ödəyəcək.