AİHM-in Azərbaycanla bağlı qərarları – aylıq (sentyabr) icmal

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) sentyabr ayında Azərbaycanla bağlı elan etdiyi qərarlar üzrə şikayətçilərə ümumilikdə 150 min manatdan artıq təzminat ödəniləcək. Məhkəmə sentyabrda Azərbaycandan göndərilmiş 13 ərizə üzrə 7 qərar və qərardad elan edib.

Əliyeva və 6 başqa ərizəçi Azərbaycana qarşı işində ərizəçilər mülkiyyət hüququnun pzountusunu mübvahisələndirmişdlər. Səbail rayon sakinləri olan Ərizəçilərin mənzilləri 10 il əvvəl Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, sökülmüşdü. Ərizəçilərə hər kv.m üçün 1500 manat məbləğində təzminat ödənilmişdi, ancaq onlar, kompensasiyalara əlavəni ala bilməmişdilər. Yerli məhkəmələr də onların şikayətlərini təmin etməmişdi. AİHM əlavə kompensasiyanın ödənilməməsini mülkiyyət hüququnun pozuntusu hesab etdi.

Məmmədov, Quliyeva Azərbaycana qarşı işlərində də məhkəmə mülkiyyət hüququnun pozuntusunu tanıdı. Məmmədov işində ərizəçi vicdanlı alıcı olaraq, kafe satın almışdı. Ancaq həmin kafe Bakı Metropolitenin iddiası üzrə qanunsuz tikili sayılıb, sökülmüş, ərizəçiyə isə təzminat ödənilməmişdi. Quliyeva A.na qarşı işinin məzmunu budan ibarət idi ki, ərizəçinin 0,3 hektar torpaq sahəsi müvafiq qərarla əlindən alınmışdı. Ərizəçi inşa etdiyi kənd təsərrüfatı təyinatlı tikilidən və ev-dən məhrum olmuşdu. Ona təzminat ödənilməsini nəzərdə tutan qərar isə icra olunmamışdı. Bu işdə də mülkiyyət hüququnun pozuntusunu tanıyan Avropa Məhkəməsi maddi tələblər üzrə tərəflərə anlaşmaq üçün vaxt verdi. Mülkiyyət hüququ ilə bərabər ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunun da mübahisələndirildiyi Xavər Əlibəyova Azərbaycana qarşı işində isə Məhkəmə daxili müdafiə vasitələrinin tükəndirilməməsinə görə ərizəni qəbuledilməz saydı.

Əlisa Həsənov Azərbaycana qarşı işində mübahisə mövzusu azadlıq və toxunulmazlıq hüququnun pozuntusu idi. Ərizəçi Saatlı rayonunda piketdə tutulub, 7-8 saat polisdə saxlanılmışdı. Avropa Məhkəməsi 3 saatdan artıq polisdə saxlanılmasını pozuntu kimi qəbul edən ərizəçini haqlı saydı. Məhkəmə müəyyən etdi ki, ərizəçinin polsidə saxlanılması sənədləşdirilməyib, qeydiyyatı aparılmayıb, bu, Konvensiyanın azadlıq hüququ ilə bağlı ən önəmli təminatlarının tamamilə rədd edilməsidir.

8 il əvvəl inzibati qaydada cəzalandırılmış müxalif siyasi fəal Tural Abbaslının işində ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu məsələsi qaldırılmışdı. Hökumət qərardan öncə ərizəçiyə təzminat ödəməyə razı olduğundan, bu işdə tərəflər dostca anlaşdılar.

Beləlikdə, AİHM sentyabrda ümumilikdə Azərbaycandan göndərilmiş 13 ərizə ilə bağlı 7 qərar və qərardad elan etdi. Məhkəmə 9 ərizəçiyə münasibətdə mülkiyyət hüququnun, 1 ərizəçiyə münasibətdə azadlıq və toxunulmazlıq hüququnun, 1 işdə fərdi şikayət hüququnun pozuntusunu tanıdı. 1 işdə ərizə qəbuledilməz sayılıb, 1 iş isə dostca anlaşma ilə başa çatıb. 1 işdə ərizəçi şikayətini geri götürüb.