Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabr ayında Azərbaycandan göndərilmiş 11 ərizə üzrə yekun qərar və qərardad elan edib. Qərarların 2-si mahiyyəti üzrə çıxarılıb.
Mustafa Hacılı və başqa 6 ərizəçinin işlərində İctimai Palata adlı müxalif siyasi birliyin üzvləri olan 6 ərizəçi Bakıda etiraz aksiyası keçirmək üçün üç dəfə icra hakimiyyəti orqanların amüraciət etsələr də hər dəfəsində rədd cavabı almışdılar. Onlar məhkəmə qarşısında iddia edirdilər ki, sərbəst toplaşmaq azadlıqlarına müdaxilə baş verib. Məhkəmə ərizəçilərin iddiasını əsaslı hesab edib, dinc aksiyanın keçirilməsinə icazə verilməsindən imtina olunması haqda qərarların zəruri olmadığı qənaətinə gəlib. AİHM 6 ərizə üzrə 3 qərar qəbul edib.
İfadə azadlığı hüququnun pozuntusu mübahisələndirilən “Xural” qəzeti və Zeynalov Azərbaycana qarşı işində mahiyyəti üzrə qərarında məhkəmə ərizəçinin iddialarını qəbuledilməz sayıb. Məhkəmə işi Xural qəzetində dərc edilmiş məqalələrlə bağlıydı, həmin məqalələrdə yüksək rütbəli dövlət məmuru olan Ramiz Mehdiyevin parlament seçkilərinə müdaxilə etməsindən bəhs edilirdi. Məqalədə adı keçən şəxs qəzeti və onun redaktorunu məhkəməyə verib, məlumatın yalan olduğunu və onun nüfuzuna xələl gətirdiyini iddia etmiş, yerli məhkəmələr ərizəçilərin üzərinə üzr istəmək, təkzib dərc etmək və 10 min manat təzminat ödəmək vəzifəsi qoymuşdular.
Mübahisəli məqalələrin ictimai müzakirələrə töhfə verə bilən məzmunda olduğunu qeyd edən məhkəməyə görə, məqalədəki iddialar Ramiz Mehdiyevin nüfuzuna zərər verə bilərdi, çünki, yayılmış məzmun siyasi xadimin Konvensiyanın 8-ci maddəsi ilə qorunan nüfuzuna zərər verməyə yetəcək qədər ciddilik səviyyəsundə idi. İfadələrin məzmunu və formasına gəldikdə, “Məhkəmə, sözügedən məqalələrdə əksini tapan mübahisəli ifadələrin əksəriyyətində konkret tarixlər, şəxslər və hadisələrdən bəhs olunduğunu qeyd etdi, ərizəçinin iddiasının əksinə həmin ifadələri “qiymətləndirici mülahizə” yox, faktiki iddialar saydı. Onu da əlavə etdi ki, ərizəçi daxili məhkəmələrə və Avropa Məhkəməsinə mübahisəli ifadələrin faktual əsaslarını göstərən hər hansı sübut təqdim edə bilməyib. Ərizəçinin bir media olaraq, ictimai məsələlər haqda məlumatlar verməklə ictimai “nəzarətçi” funksiyasına malik olduğunu qəbul edən məhkəmə xüsusi vurğuladı ki, “ictimaiyyəti maraqlandıran mövzularda xəbərləmə ilə bağlı jurnalistlərə Konvensiyanın 10-cu maddəsinin verdiyi təminatlar, onların jurnalistika etikasına uyğun olaraq dürüst və etibarlı məlumat vermək üçün vicdanla hərəkət etmələri şərtinə bağlıdır”. Məhkəmə yekunda hesab etdi ki, bu işdə ərizəçi, məqalənin dərc edilməsindən əvvəl dürüst və etibarlı məlumat vermək üçün vicdanla hərəkət etdiyini göstərə bilməyib və bununla, 10-cu maddədə nəzərdə tutulmuş “vəzifə və məsuliyyətlərini” yerinə yetirməyib. Məhkəmə, ərizəçinin ifadə azadlığına müdaxilənin “demokratik cəmiyyətdə zərurilik” testinə də uyğun olduğunu vurğuladı və Konvensiyanın 10-cu maddəsinin pozulmadığı nəticəsinə gəldi.
Heydərzadə və başqa 3 ərizəçinin işlərində tərəflər dostca anlaşıblar. Bu işlərdə azadlıq və toxunulmazlıq hüququnun, borca görə azadlıqdan məhrum etmənin yolverilməzliyi haqqı mübahisələndirilmişdi. Bu işlər üzrə qərardadlar hökumətin ərizəçilərə təzminat ödəməsini nəzərdə tutur.
Oktyabrda elan edilmiş qərarlar üzrə ərizəçilərə ümumilikdə 30 min avrodan artıq təzminat ödənilməlidir.