AİHM-in Azərbaycanla bağlı qərarları – aylıq (noyabr-dekabr, 2022) icmal

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabr-dekabr aylarında Azərbaycandan göndərilmiş 100-dən artıq ərizə üzrə yekun qərar və qərardadlarını elan edib. Həmin ərizələrin 90-dan çoxunda mülkiyyət hüququnun pozuntusu mübahisələndirilmişdi. Həmin ərizələr üzrə mahiyyəti üzrə 2 qərar qəbul edilib.

Ələsgər Ələsgərov və başqaları, eləcə də İsmayıl Bağvanov və başqaları Azərbaycana qarşı işlərində ərizəçilərə məxsus olan Mehdabad qəsəbəsində və Qış Parkının yerləşdiyi ərazilərdəki əmlaklar dövlət orqanlarının sərəncamlarına əsasən və ya hər hansı sərəncam olmadan müxtəlif əsaslarla özgəninkiləşdirilmişdi. Ərizəçilərin bəzilərinə müəyyən məbləğdə təzminatlar da ödənilmişdi. Hər iki işdə AİHM mülkiyyət hüququnun pozuntusunu tanıyıb. Məhkəmə eyni zamanda qərarında qeyd edib ki, ərizəçiərə ədalətli təzminatların ödənilməsinə qərar verməyə hazır deyil.

Mahiyyəti üzrə verilmiş Savalanlı və Başqaları Azərbaycana qarşı qərarında AİHM azadlıq və toxunulmazlıq hüququnun pozulmasına qərar verib. Bu işdə ərizəçilər 4 müxalif gənc idi. Onlar narkotik cinayətlərinə görə saxlanılmış, evlərində axtarış aparılmış, məhkum edilmişdilər. Ərizəçilər iddia edirdilər ki, ittihamlar qurama olub, müxalif mövqelərinə görə, qurama sübutlar əsasında saxlanılıb, həbs ediliblər. Məhkəmə bu işdə bütün ərizəçilərə münasibətdə Konvensiyanın 5.1 və 5.4-cü maddələrinin pozulduğu, yerli məhkəmələrin qərarlarının əsaslandırılmadığı qənaətinə gəlib.

2 ayda 3 iş tərəflərin dostca anlaşması ilə başa çatıb. Həmin işlərdən Elman Ağayev Azərbaycana qarşı işində “Nardaran hadisələri” zamanı saxlanılmış, daha sonra müxtəlif cinayətlərdə təqsirli hesab edilmiş ərizəçi həbs edilən zaman pis rəftara məruz qaldığını iddia edirdi. Cavid Məmmədov Azərbaycana qarşı işində azadlıq və toxunulmazlıq hüququnun pozuntusu mübahisələndirilmişdi. Leonid Moroz və Başqaları Azərbaycana qarşı işində isə “Yahova Şahidləri” dini icmasının təsisçiləri olan ərizəçilər din və birləşmək azadlığı hüquqlarının pozuntusunu qaldırmışdılar.

Noyabr-dekabr aylarında elan edilmiş qərarlar üzrə ərizəçilərə ümumilikdə 60 min avrodan artıq təzminat ödənilməlidir.