Avropa İnsan Haqları Məhkəməsi (AIHM) may ayında Azərbaycanla bağlı ümumilikdə, 7 ərizə üzrə 3 qərar elan edib. Qərarların hamısı hökumətin təqdim etdiyi təktərəfli bəyannamə və dostca anlaşmalar əsasında çıxarılıb.
Hümeyir Əhmədov Azərbaycana qarşı işi ərizəçinin ölkədən çıxışına hüquq mühafizə orqanları tərəfindən qadağa qoyulması ilə bağlı idi. Ərizəçi AİHM qarşısında iddia edirdi ki, ölkədən çıxışına qadağa qoyulması onun Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi ilə təminat altına alınan hərəkət azadlığı hüququnu pozub. Tərəflərin dostca anlaşdığı bu işdə hökumət ərizəçiyə təzminat ödəmək öhdəliyi götürüb.
Rəşad Niftəliyev və başqaları (daha 4 ərizəçi) Azərbaycana qarşı işində ərizəçilər “Yehova Şahidləri” dini icmasının üzvləri olub. Şikayətdə ərizəçilərin dini ayin zamanı saxlanılıb, polisə aparılmasının, ardınca, məhkəmə qarşısına çıxarılaraq, inzibati qaydada cəzalandırlmalarının şəxsi həyata hörmət, dini etiqad azadlığı, toplaşmaq azadlığı və ayrıseçkiliyin qadağan olunması hüquqlarına zidd olduğu iddia edilirdi. Ərizənin kommunikasiyası zamanı hökumət iddia olunan pozuntuları tanıyıb, mənəvi zərərə və xərclərə görə ərizəçilərə təzmint ödəmək öhdəliyi götürüb.
Yerli məhkəmələrin qərarlarının icra edilməməsindən şikayət edilən Hüseynov və Mirqasımova Azərbaycana qarşı işində tərəflər dostca anlaşma bağlayıblar. Anlaşmaya əsasən, hökumət yerli məhkəmələrin qərarlarının icrasını təmin etmək və ərizəçilərə təzminat ödəmək öhdəliyi götürüb.
May ayında elan edilmiş qərarlar üzrə ərizəçilərə 27200 avro təzminat ödənilməlidir.