AİHM-in Azərbaycanla bağlı qərarları – aylıq (mart, 2023) icmal

Avropa Məhkəməsi mart ayında Azərbaycandan göndərilmiş 39 ərizə üzrə 11 qərar və qərardad elan edib. Mahiyyəti üzrə çıxarılan 5 qərarin hər birində məhkəmə azı 1 pozuntu tapıb.

Vüqar Abışovun işində ərizəçi iddia edirdi ki, tutularkən döyülüb, polisdə saxlanarkən etirafedici ifadələr verməsi üçün kobud rəftara və hədə-qorxuya məruz qalıb, müxtəlif bədən xəsarətləri alıb. Hər hansı qanun pozuntusuna görə yox, məhz tənqidi düşüncələrinə görə saxlanılıb həbs edildiyini bildirən ərizəçi həmçinin polisdə qanunla müəyyən edilmiş müddətdən artıq saxlanıldığını, öz seçdiyi vəkilə çatımına imkan verilmədiyini də iddia edirdi. Bu işdə AİHM iddia olunan pozuntuların əksəriyyətini əsaslı sayıb – ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü maddəsi həm prosessual, həm də maddi baxımdan pozulub.

Əyyubzadə Azərbaycana qarşı və Əfqan Muxtarlı və Gülağa Aslanlı-nın işində azadlıq və toxunulmazlıq hüququnun pozuntusu iddia edilirdi. Əyyubzadə işində müxalif fəal olan ərizəçi saxlanılması və məhkəməyə qədər həbs edilməsinin, Muxtarlı və Aslanlı isə etiraz aksiyasından əvvəl inzibati məsuliyyətə cəlb edilmələrinin qanunsuzluğunu qaldırmışdılar. Məhkəmə hər iki işdə Konvensiyanın 5.1-ci maddəinin pozulmasına qərar verib. Muxtarlı və Aslanlının işində ədalətli məhkəmə araşdırması və birləşmək azadlığı hüququnun pozuntusu da tanınıb.

İREX Azərbaycana qarşı işində ərizəçi beynəlxalq humanitar təşkilat idi, həmin təşkilatın ofisində yerli QHT və beynəlxalq təşkilatların nümayəndəliklərinə qarşı başlanmış cinayət işi çərçivəsində axtarış aparılmış, bütün sənədləri və kompüterləri götürülmüş, bank hesabına həbs qoyulmuşdu. Avropa Məhkəməsinə görə, ərizəçinin bank hesablarına həbs qoyulması ilə onun mülkiyyət, ərizəçinin ofisində axtarış və götürmə aparılması ilə şəxsi həyata hörmət hüququ pozulub.

Fədayə Qayıbova Azərbaycana qarşı işində ərizəçi kürəkəninə açılmış cinayət işi çərçivəsində onun mənzilində axtarış aparılmasının, ona məxsus pul və əşyaların götürülməsinin qanunsuzluğunu qaldırmışdı. Məhkəmə bu işdə həm şəxsi həyata hörmət, həm də mülkiyyət hüququnun pozuntusunu tanıyıb.

Mart ayında Azərbaycandan göndərilmiş 32 ərizə dostca anlaşma ilə başa şatıb. Həmin işlərdə ərizəçilər siyasi aktivistlər, müxalif partiya fəalları idi. Onlar birləşmək məhkəmə qarşısında birləşmək, ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntusunu qaldırmışdılar. Dostca anlaşma ilə bitən bütün işlərdə hökumət ərizəçilərə təzminat ödəyəcək. Martda 2 ərizəyə baxılması hökumətin təqdim etdiyi təktərəfli bəyannamə əsasında başa çatıb. Həm Rahim Şaliyev, həm də Ərəstun Baxşəliyev Azərbaycana qarşı işlərində hökumət iddia olunan pozuntuları etiraf edib.

Mart ayı ərzində elan edilən qərar və qərardadlar hökumətin ərizəçilərə ümumilikdə 140 min avrodan artıq təzminat ödəməsini nəzərdə tutur.