Avropa İnsan Haqları Məhkəməsi (AIHM) mart ayında Azərbaycandan göndərilmiş 8 ərizə üzrə 5 yekun qərarını elan edib. Mahiyyəti üzrə verilmiş qərarlardan 3-də iddia olunan pozuntuları tanıyıb, 1 ərizəni qəbuledilməz hesab edib. Qərarlardan biri dostca anlaşma ilə başa çatıb.
Mülkiyyət hüququnun pozuntusu iddia edilən Rəbiyyə Məmmədova Azərbaycana qarşı işində AİHM daxili müdafiə vasitələri tükəndirilmədiyindən ərizəni qəbuledilməz sayıb. Taci Şəntürk və başqaları (İsa Özdəmir, Ayhan Səfəroğlu və Ərdoğan Taylan) Azərbaycana qarşı işində isə iddia olunan pozuntular tanınıb. Bu iş Azərbaycandakı türk litseylərinin müəllimləri və iş adamları olan ərizəçilərin Türkiyədəki 15 iyul 2016-cı il olaylarından sonra Türkiyənin istəyi ilə saxlanılması, Türkiyəyə məcburi geri təhvil verilmələri ilə bağlı idi. AİHM hesab edib ki, ərizəçilərin Azərbaycandan Türkiyəyə verilməsi qeyri-qanuni olub, onlar özbaşına geri verilmə ilə bağlı Avropa Konvensiyası və milli qanunvericilikdə təsbit olunmuş effektiv müdafiə təminatlarından məhrum ediliblər, yerli qurumlar ərizəçilərin Türkiyəyə qaytarıldıqlarında pis rəftarla üzləşib-üzləşməyəcəyini çək-çevir etməyiblər. Məhkəmə ərizəçilərin hər birinə münasibətdə işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq hüquqlarının pozulması qənaətinə gəlib.
Konvensiyanın 3-cü, 5-ci və 6-cı maddələrinin pozuntusu iddia edilən Vidadi İsgəndərov Azərbaycana qarşı işində AİHM yalnız 5-ci maddənin pozuntusunu tapıb.
“Azadlıq” qəzetinin redaktorunun xuliqanlıqda ittiham olunaraq azadlıqdan məhrum edilərkən, həbsxanada yazdığı kitabın əlyazmasının götürülməsi və məhv edilməsi ilə bağlı olan Zayidov (Qənimət Zahid) Azərbaycana qarşı işində AİHM, ərizəçinin ifadə azadlığı, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilənin baş verməsi qənaətinə gəlib.
Natiq Cəfərov Azərbaycana qarşı işində ərizəçi məhkəməyə qədər həbs edilməsinin qanunsuzluğunu mübahisələndirmişdi. Kommunikasiyası zamanı tərəflər məhkəməyə dostca anlaşma təqdim ediblər. Anlaşmaya əsasən, hökumət ərizəçiyə təzminat ödəmək, ərizəçi isə iddialarını geri çəkmək öhdəliyi götürüb. Anlaşmanı nəzərə alan məhkəmə, şikayəti baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.
AİHM-in mart ayında çıxardığı qərarlar üzrə ərizəçilərə ümumilikdə, 51500 avro təzminat ödənilməlidir.