AİHM-in Azərbaycanla bağlı qərarları – aylıq (iyun-avqust) icmal

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yay (iyun-avqust) aylarında Azərbaycandan göndərilmiş 31 şikayət üzrə 16 qərar elan edib. Həmin qərarlardan 8-i mahiyyəti üzrə olub, əksəriyyəti jurnalistlərin şikayətləri ilə bağlıdır.

Elnur Məmmədov və İdrak Abbasov Azərbaycana qarşı işində hər iki ərizəçi jurnalist idi. 2009-cu ildə “Milli yol” qəzeti redaksiyasında polis axtarışı zamanı ərizəçilərin çəkiliş aparmalarına imkan verilməmiş, onlar qaba rəftarla üzləşmiş, çəkiliş apardıqları peşə alətləri əllərindən alınmışdı. Ərizəçilərdən Elnur Məmmədov isə saxlanılıb, bir saat sonar buraxılmışdı. AM vurğuladı ki, jurnalistlərin peşə alətlərinin əllərindən alınması, onlardan birinin azadlığının polis maşınında saxlanılmaqla 1 saatlığa məhdudlaşdırılması, onların informasiya əldə etmə və yayma hüququndan yararlanmalarını ciddi şəkildə məhdudlaşdırıb. Bu müdaxilə, hər hansı qanuni məqsəd güdməyib, demokratik cəmiyyətdə zəruri olmayıb. Jurnalistlərə rəsmilərin müdaxiləsini ifadə azadlığı hüququnun pozuntusu sayan AİHM 1 saat saxlanılmış ərizəçiyə münasibətdə həm də azadlıq və toxunulmazlıq hüqunun pozuntusunun baş verdiyi qərarına gəldi.

Azər Əhmədov Azərbaycana qarşı işində xüsusi xidmət orqanları “Azadlıq” qəzetinin direktoru olan ərizəçinin telefon danışıqlarını onun journalist həmkarının bıçaqlanması olayının istintaqı çərçivəsində dinləmişdilər. Ərizəçi iddia edirdi ki, telefon danışıqlarının dinlənilməsi onun Konvensiyanın 8-ci və 10-cu maddələri ilə təminat altına alınan şəxsi həyata hörmət və ifadə azadlığı hüquqlarına müdaxilə məzmununda olub. AİHM bu işdə ərizəçiyə münasibətdə şəxsi həyata müdaxilə hüququnun pozuntusuna yol verildiyi qənaətinə gəldi. Əli Həsənov Azərbaycana qarşı işində də AM ifadə azadlığı hüququnun pozulduğuna qərar verdi. Bu işdə journalist olan ərizəçi müəllifinin kimliyi mübahisəli olan məqaləyə görə, təhqir ittihamı ilə 6 aylığa azadlıqdan məhrum edilmişdi.

Rövşən Mahmudov və Yaşar Ağazadə Azərbaycana qarşı işində journalist olan hər iki ərizəçi Azərbaycanın tanınmış siyasi xadimlərindən birinin xüsusi ittiham qaydasında şikayəti üzrə, böhtana görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, 7 ay sonra president tərəfindən əfv edilmişdilər. AİHM hesab etdi ki, jurnalistlərin yazılarına görə azadlqıdan məhrum edilməsi onların ifadə azadlığı hüququna müdaxilə təşkil edib. AİHM iyulda Müsavat Partiyası təmsilçisi Tofiq Yaqublunun iki şikayəti üzrə qərarını elan edib. Bu işdə ərizəçi 2012-ci ilin may ayının 24-də və 25-də polislər tərəfindən iki dəfə saxlanılması və inzibati məsuliyyətə cəlb edilməsindən şikayət etmişdi. İddia edirdi ki, saxlanılması və inzibati məsuliyyətə cəlb edilməsi üçün heç bir qanuni əsas olmayıb. AİHM-in yekdilliklə qəbul etdiyi qərara əsasən, ərizəçiyə münasibətdə azadlıq və toxunulmazlıq və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusu baş verib.

Kərimov və başqaları (daha iki nəfər) Azərbaycana qarşı işi 3 ərizəçinin pul borcunu geri ödəmədiklərinə görə, həbs edilmələri ilə bağlıydı. Bu işdə AİHM ərizəçilərə münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına qərar verdi. Emin Ələkbərov və başqaları Azərbaycana qarşı işi Səid Nursi dini təriqətinin 7 təmsilçisinin onların azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və dini etiqad azadlığı hüquqların müdaxilə iddiaları ilə bağlı idi. Bu işdə ərizəçilər 2015-ci ildə Gədəbəy rayonunda dini toplantı zamanı polislər tərəfindən saxlanılmış, polisə aparılmış və yekunda ictimai qaydanı pozmaq əsası ilə inzibati qaydada cərimə edilmişdilər. Bu işdə AİHM hesab etdi ki, ərizəçilərin saxlanılıb polisə aparılmaları üçün qanuni və legitim əsaslar mövcud olmayıb, onların azadlıq və toxunulmazlıq hüququnun müdaxilə baş verib.

AİHM iyulda qəbul etdiyi Badalyan Azərbaycana qarşı qərarında Azərbaycan-Ermənistan sərhəddində tutulmuş, 22 ay Azərbaycanda saxlanılmış ərizəçinin Konvensiyanın 3-cü və 5-ci maddələri ilə təminat altına alınan hüquqlarının pozulduğu rəyinə gəlib.

Mahiyyəti üzrə qərarlardan başqa 5 şikayətdə tərəflər – hökumət və şikayətçilər hökumətin təzminat ödəməsi qarşılığında dostca razılaşıblar.

Haqqında bəhs etdiyimiz işlərdən başqa, AİHM yay aylarında Azərbaycandan göndərilən daha 3 şikayəti qəbul edilməz elan edib.

Beləliklə, AİHM iki ayda Azərbaycanla bağlı elan etdiyi qərarlarında 10 ərizəçiyə münasibətdə azadlıq və toxunulmazlıq, 5 ərizəçiyə münasibətdə ifadə azadlığı, 4 ərizəçiyə münasibətdə isə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb. Məhkəmə 1 ərizəçinin işgəncəyə məruz qalmamaq, daha bir ərizəçinin isə şəxsi həyata hörmət hüququna müdaxilənin baş verməsi qənaətinə gəlib. Hökumət Ərizəçilərə ümumilikdə 122 min avrodan artıq təzminat ödəyəcək.