Avropa Məhkəməsi iyun-iyul aylarında Azərbaycandan göndərilmiş 28 şikayət üzrə 16 qərar elan edib. İddia edilən pozuntuların əksəriyyətinın tanındığı həmin qərarlara görə, ərizəçilərə ümumilikdə 90 min avrodan artıq təzminat ödənilməlidir.
Avropa Məhkəməsi Rövşən Əhmədli, Adil Dadaşov və Tural Hacıbəyli Azərbaycana qarşı işlərində azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşırması hüququnun pozuntusunu tanıyıb. İnzibati qaydada həbs edilən Rövşən Əhmədlinin işində milli məhkəmə qərarlarının əsaslandırlmadığı qənaətinə gələn Məkəmə, bu qənaətini Dadaşov və Hacıbəyli Azərbaycana qarşı qərarlarında da təkrarlayıb. Məhkəmə üstəlik, inzibati qaydada həbs edilən Dadaşov və Hacıbəyliyə münasibətdə azadlıq və toxunulmazlıq hüququnun da pozulduğuna qərar verib. Məhkəməyə qədər həbs qərarlarının qanunsuzluğu məsələsi qaldırılan Fikrət İbişbəyli Azərbaycana qarşı işində də AİHM milli məhkəmələrin həbsin zərurliyini əsaslandıra bilmədiyi, azadlıq və toxunulmazlıq hüququnu pozduğu qənaətinə gəlib.
Azadlıq qəzeti və Qənimət Zayidov Azərbaycana qarşı işində ifadə azadlığı hüququnun pozuntusu mübahisələndirilmişdi. Bu iş yayılmış məqalələrə görə, ərizəçilərin mülki qaydada cəzalandırlması – cərimə edilməsi ilə bağlı idi. Mübahisəyə səbəb olmuş məqalələrdə yükəsk rütbəli məmurun və onun qohumlarının əmlaklarından bəhs edilir, həmin əmlakların korrupsiya yolu ilə əldə edildiyi iddia olunurdu. Ərizəçilər təxminən 15 il əvvəl həmin məqalələrə görə, 65 min manat cərimə edilmişdilər. AİHM bunun ərizəçilərin ifadə azadlığı hüququna müdaxilə təşkil etməsi, müdaxilənin əsaslandırılmaması və qeyri-mütənasib olması qənaətinə gəlib.
Babayev və başqaları Azərbaycana qarşı işi 3 ərizəçinin 2012-ci ildə baş vermiş yürüş zamanı zorakılıqla saxlanılmasının qanunsuzluğu iddiaları ilə bağlı idi. Həmin vaxt ərizəçilər inzibati qaydada cəzalandırlmışdılar. Ərizəçilərdən ikisinin şikayəti milli müdafiə vasitələrini tükənirmədiklərinə görə qəbul edilməz sayılıb. 3-cü ərizəçiyə münasibətdə isə AİHM toplaşmaq azadlığı hüququnun pozuntusunu tanıyıb. Məhkəmə vurğulayıb ki, dinc eksiya iştirakçısının saxlanılması və cəzalandırlması bu hüququn təməl prinsiplərinə uyğun gəlmir.
Ramiz Cəfərov Azərbaycana qarşı işi “ağlabatan müddət” testinin aydınlaşdırlması baxımından diqqət çəkir. Bu işdə ərizəçi əvvəllər prokurorluq, sonra məhkəmə sistemində çalışmışdı. O, xüsusi pensiya təyin edilməməsinin qanunsuzluğunu, daxili məhkəmə icraatlarının həddən artıq uzun olmasını mübahisələndirmişdi. Ərizəçinin xüsusi pensiya tələbinin qanuni əsaslara söykənməməsi qənaətinə gələn Avropa Məhkəməsi milli məhkəmələrdəki icraatların 10 il sürməsini pozuntu hesab etdi. Məhkəmə öz qərarında vurğuladı ki, bu mübahisəyə milli qurumlarda baxılması 10 il ərizndə davam edib. Halbuki, işin pensiya mübahisəsinə aid olması xüsusi diqqət tələb edən məsələ idi… Ona görə, Məhkəmə bütövlükdə məhkəmə prosesinin uzunluğunun həddən artıq olması, ağlabatan müddət testinə cavab verməməsi və 6-cı maddənin 1-ci bəndinin pozulması qənaətinə gəlib.
Tağıyeva Azərbaycana qarşı işində ərizəçi mərhum tanınmış yazıçı və köşə yazarı Rafiq Tağının həyat yoldaşı Mailə Bulud qızı Tağıyeva idi. Onun şikayəti Rafiq Tağının 19 noyabr 2011-ci ildə bıçaqlanmasından sonra ölümünün effektiv araşdırılmaması ilə bağlıydı.
Rafiq Tağı xüsusilə İslam dini ilə bağlı tənqidi fikirləri ilə tanınırdı. Onun müəllifi olduğu “Şərq-Qərb araşdırmaları” adlı silsilə məqalələrin dərc olunmasından sonra 2006-cı ildə İranda barəsində dini ölüm fətvası verilmişdi.
R.Tağının qətli ilə bağlı istintaq 2013-cü ildə cinayətkarların müəyyən edilməsi mümkün olmaması əsası ilə dayandırılmışdı. Milli məhkəmələr ərizəçinin istintaqın dayandırlması ilə bağlı qərardan verdikləri bütün şikayətləri rədd etmişdilər. Ərizəçi Konvensiyanın 2, 10 və 13-cü maddələrinə əsaslanaraq, dövlətin onun həyat yoldaşının yaşamaq hüququnu qorumamasından, qətl edilməsi ilə bağlı cinayət araşdırmasının səmərəsiz olmasından və ərinin məhz nəşrlərinə görə hədəfə alınmasından şikayət etmişdi.
Avropa Məhkəməsi qərar verdi ki, Konvensiyanın 2-ci maddəsi (yaşamaq hüququ) prosessual baxımdan pozuntusu baş verib.
Məhkəmə qərarında R.Tağının ölümü ilə bağlı cinayət araşdırmasının effektivliyini incələyib.
“Məhkəmə bir sıra istintaq hərəkətlərinin uyğun və vaxtında həyata keçirildiyini müşahidə edir və iş materiallarından görünür ki, istintaq qurumları ərizəçinin ərinin öldürülməsinin arxasındakı müxtəlif mümkün motivləri, o cümlədən, bunun onun nəşrləri ilə əlaqəli ola biləcəyi ehtimalını incələyiblər. Bu durumda Məhkəmə, yerli qurumlar tərəfindən həyata keçirilmiş istintaqın ümumi yetərliliyini şübhə altına alacaq hər hansı əksiklik görmür”.
Bununla belə, Avropa Məhkəməsi zərərçəkmiş kimi tanınmış ərizəçinin haqlarının istintaq zamanı pozulduğunu ifadə edir.
“İstintaq zamanı ərizəçiyə zərəçəkmiş status verilməsinə rəğmən, istintaq qurumlarının onun işin sənədlərinə çatımını dəfələrlə əngəllədiyi görünür. Məhkəmə, istintaq orqanlarının bu duruma haqq qazandırmaq üçün daxili qanunvericiliyə istinad etməsini qəbul edə bilməz… Məhkəmə, bu məsələnin Azərbaycana qarşı əvvəlki məhkəmə işlərində də vurğulandığını müşahidə edir. Daxili qanunvericiliyin durumunun nəticəsi olaraq, ərizəçi davam edən cinayət istintaqı ilə bağlı müvafiq sənədlərin təqdim edilməsini dəfələrlə xahiş etsə də, onun tələbləri diqqətə alınmayıb və ya rədd edilib. Bu durum ərizəçini qanuni maraqlarını qorumaq imkanından məhrum edib və istintaqın ictimaiyyət tərəfindən yetərincə müzakirə edilməsini əngəlləyib. Məhkəmə, bu məsələdə vurğulayır ki, mərhumun ailə üzvlərinin və ya onların qanuni nümayəndələrinin istintaqda iştirakı və məlumatların onlara verilməsi, habelə, onlara digər sübutlar təqdim etmək imkanının yaradılması vacibdir… Yuxarıda vurğulanan mülahizələr Məhkəmənin, ərizəçinin ərinin ölümü ilə bağlı aparılan araşdırmanın, ölən şəxsin ailəsinin qatılımı kimi önəmli bir təminatdan məhrum olması səbəbindən səmərəsiz olması qənaətinə gəlməsi üçün yetərlidir… Beləliklə, ərizəçinin istintaqa qatılma çərçivəsi ilə əlaqədar olaraq, Konvensiyanın 2-ci maddəsi prosessual baxımdan pozulub…”
Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 12 min, xərc və məsrəflərə görə 2 min avro ödəməlidir.
Qeyd edilən işlərdən başqa Avropa Məhkəməsi Əliyev və 4 başqa ərizəçinin işində şəxsi həyata hörmət hüququnun pozuntusuna qərar verib. Bu məhkəmə işi ərizəçilərin hərbi xidmət zamanı dövlət hesabına verilmiş mənzilləridən çıxarılmaları ilə bağlıydı.
İyun-iyulda 2 iş qəbuledilməz sayılıb, 14 şikayət üzrə icraat isə tərəflərin dostca anlaşması ilə başa çatıb. Dostca anlaşma ilə bitən işlərdə hökumət ərizəçilərə təzminat ödəyəcək.