Fevral ayında Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş 40 ərizə əsasında 15 qərar və qərardad elan edib. Məhkəmənin 27 ərizə üzrə qərarı mahiyyəti üzrə verilib. Mahiyyəti üzrə qərarlardan yalnız birində məhkəmə pozuntu tapmayıb.
Sərdar Əlibəyli Azərbaycana qarşı işinin məzmunu jurnalist olan ərizəçinin cinayət məsuliyyətinə cəlb olunması haqda idi. Məhkəmə jurnalsitin yazılarına görə, azadlqıdan məhrum edilməsinin ifadə azadlığı hüququnu pozduğu qənatəini təkrarlayıb.
Dinc toplaşmaq hüququndan yararlanması kontkestində müxalif partiya fəalının saxlanılması, sonra isə xuliqanlıqda ittiham edilib azadlıqdan məhrum edilməsindən bəhs edən Elnur Məcidli Azərbaycana qarşı işində Avropa Məhkəməsi ərizəçi haqda məhkəmələrin ədalətsiz olmasəına qərar verib. 18 ərizənin birləşdirildiyi Aynurə İmranova və başqalarının işində Azərbaycanda QHT-lərə açılmış cinayət işi çərçivəsində bütün ərizəçilərin bank hesablarına həbs qoyilmasının qanunsuzluğundan – ərizəçilərin mülkiyyət hüququna əsassız müdaxilə baş verməsindən şikayət olunurdu. Ərizəçilərin arqumentlərini əsaslı sayan məhkəmə, Qarayev Azərbaycan qarşı işində də eyni pozuntunun tanınmasına qərar verib. İlkin Rüstəmzadə Azərbaycana qarşı işində ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarının pozuntusunu təsbit edən Məhkəmə, QHT-lərin qeydiyyatından imtina edilməsi ilə bağlı olan Emin Bəşirli və başqaları Azərbaycana qarşı, Qubad Bayramov və Rəcəb İmanov Azərbaycana qarşı, Aynurə İmranova və Asya Əhmədova Azərbaycana qarşı və Yaşar Ağazadə və başqaları Azərbaycana qarşı işlərində bütün ərizəçilərə münasibətdə Konvensiyanın 11-ci maddəsinə əməl edilmədihyi qənaətinə gəlib. Mahiyyəti üzrə çıxarılan qərarlardan İbrahimbəyov və başqaları Azərbaycana qarşı işində ərizəçinin mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pountusu iddialarını qəbul edilməz sayıb. Bu məhkəmə işində mərhum kinorejissor Rüstəm İbrahimbəyov ona məxsus olan torpaq sahəsinin sənədlərinin Dövlət Neft Şirkətinin tələbi ilə ləğv edilməsinin qanunsuz olduğunu iddia edirdi.
8 ərizənin birləşdirildiyi Cabbar Cabbarov və başqaları Azərbaycana qarşı işi hökumətin birtərəfli bəyannaməsi əsasında başa çatıb. Hökumət bu işdə “Nardaran hadisələri” zamanı həbs edilib, məhkum olunan ərizəçilrin iddia etdikləri pozuntuları tanıyıb, onlara təzminat ödəmək öhdəliyi götürüb.
Müxalif partiya fəalının azadlqıdan məhrum edilməsinin qurama ittihamlara söykənməsi iddiaları ilə bağlı olan İlqar Rzayev Azərbaycana qarşı işi, eləcə də mülkiyyət hüququnun pozuntusu mübahisə edilən Zöhrə Hacıyeva Azərbaycana qarşı işində tərəflər hökumətin təzminat ödəmək öhdəliyinə qarşılıq olaraq dostca anlaşıblar.
Fevralda iki iş Qafqaz Media Araşdırmaları Mərkəzi Azərbaycana qarşı işi və Ağaliyevin işi məhkəmə tərəfindən qəbul edilməz sayılıb. Hökumət Avropa Məhkəməsinin yanvarda elan etdiyi qərarlar üzrə ərizəçilərə ümumilikdə, 175 min avrodan artıq təzminat ödəməlidir.