Avropa İnsan Haqları Məhkəməsi (AIHM) fevral ayında Azərbaycandan göndərilmiş 6 ərizə üzrə 4 yekun qərarını elan edib. Qərarlardan biri mahiyyət üzrə verilib. 2 işdə tərəflər dostca anlaşıblar, 1 qərar hökumətin birtərəfli bəyannaməsi nəzərə alınaraq qəbul edilib.
Mahiyyəti üzrə qərar Azərbaycan Beynəlalq Bankının həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin şikayəti üzrə çıxarılıb. Bu işdə məhkəməyə qədər həbs edilmiş ərizəçi yerli məhkəmələrin öz qərarlarını əsaslandıra bilməməsindən şikayət etmişdi. O, azadlıq və toxunulmazlıq hüququna müdaxilənin baş verdiyini iddia edirdi.
Öz qərarında Fərhad Əliyev Azərbaycana qarşı, İsayeva Azərbaycana qarşı, Zayidov Azərbaycana qarşı işlərinə istinad edən Avropa Məhkəməsi vurğuladı ki, işlərin halları oxşardır. “Məhkəmə ona təqdim edilmiş bütün materialların işığında, bu şikayətin qəbuledilənliyi və mahiyyəti ilə bağlı fərqli nəticəyə gəlməyə razı sala biləcək hər hansı fakt və ya arqument aşkar etmədi. Uyğun presedent hüququnu nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işdə daxili məhkəmələr ərizəçinin məhkəməyəqədər həbsinin zəruriliyini əsaslandıra bilməyiblər. Buna görə də şikayət qəbulediləndir və Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozuntusu baş vermişdir”.
Əmrah Salmanov Azərbaycana qarşı, Ülvi Nuriyev və Coşqun Salahov Azərbaycana qarşı işlərində tərəflər dostca anlaşıblar. Birinci iş oğurluqda iştirakda şübhəli bilinərək həbs edilmiş yetkinlik yaşına çatmayan ərizəçi haqda həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı idi. İkinci işdə isə mübahisənin mövzusu hər iki ərizəçinin 22 sentyabr 2013-cü il tarixdə müxalif qüvvələrin icazəli dinc aksiyasında saxlanılması, inzibati qaydada həbs edilmələri idi. Dostca anlaşmalara əsasən, hökumət ərizəçilərin hamısına mənəvi zərər əvəzi təzminat ödəyəcək.
Məhəmməd Mustafayev və Ceyhun Süleymanov Azərbaycana qarşı işində isə yekun qərar iddia olunan pozuntuları etiraf edən hökumətin kommunikasiya mərhələsində təqdim etdiyi təktərəfli bəyannaməyə əsasən çıxarılıb. Bu işdə də ərizəçiyə təzminat ödəniləcək.
Fevralda çıxarılan qərarlar üzrə Hökumət, ərizəçilərə ümumilikdə, 47500 avro təzminat ödəməlidir.