AİHM-in Azərbaycanla bağlı qərarları – aylıq (dekabr) icmal

Avropa Insan Haqları Məhkəməsi (AİHM) dekabr ayında Azərbaycandan göndərilmiş 9 şikayət üzrə 5 qərar və qərardad elan edib. Məhkəmə bir işdə birləşmək, bir işdə isə ifadə azadlığı hüququnun pozuntusuna qərar verib. Digər işlər dostca anlaşma ilə başa çatıb və ya qəbul edilməz sayılıb.

AİHM Seçkilərin Monitorinq Mərkəzi və başqaları Azərbaycana qarşı işində Avropa Konvensiyasının 11-ci maddəsi ilə təminat altına alınan birləşmək hüququnun pozulmasına qərar verib. Bu iş QHT-lərin qeydiyyatı ilə bağlı idi. Ərizəçi təşkilat və onun təsisçiləri Anar Məmmədli, Bəşir Süleymanlı mərkəzin 2006-08-ci illərdə dövlət qeydiyyatına alınmasının yubadılmasının, ardınca isə, qeydiyyatın ləğv edilməsinin qanunsuzluğundan şikayət etmişdilər. AİHM öz qərarında həm SMM-in qeydiyyatının yubadılmasının, həm də qeydiyyata alındıqdan sonra ləğv edilməsini birləşmək hüququnun pozuntusu hesab etdi.

Məhkəmə dekabrda Azərbaycana münasibətdə ilk dəfə journalist sorğusuna cavab verilməməsini ifadə azadlığı hüququnun pozuntusu saydı. Rövşən Hacıyev Azərbaycana qarşı işi journalist olan ərizəçinin sorgusuna Səhiyyə Nazirliyinin və Nazirlər Kabinetinin cavab verməməsi, yerli məhkəmələrin isə buna haqq qazandırması ilə bağlı idi. AİHM bu işdə ictimai maraq kəsb edən məlumatların qapalı tutulmasını, sorğu ilə belə verilməməsinin ifadə azadlığı hüququnun pozuntusunu təşkil etdiyi qənaətinə gəldi.

Mahiyyəti üzrə iki qərardan başqa Məhkəmə 7 şikayətlə bağlı 3 qərardad elan etdi. İcazəsiz aksiyada iştirak etmələrinə görə saxlanılıb inzibati qaydada həbs olunmalarından şikayət etmiş Tariyel Şirinli və Heybət Əmrahın işində hökumət ərizəçilərin azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilənin baş verdiyini etiraf etmiş, onlara təzminat təklif etmişdi. Ərizəçilər bununla razılaşmasalar da AİHM hökumətin birtərəfli bəyannaməsini qəbul edib, şikayətləri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verdi.

Yerli məhkəmələrin çıxardıları qərarlar icra edilməməsindən şikayət edilən Mirzəbəyov və başqları Azərbaycana qarşı işində isə tərəflər dostca anlaşdılar. Mülkiyyət hüququnun pozuntusunun mübahisələndirildiyi Əsgərov Azərbaycana qarşı işində isə məhkəmə şikayəti qəbuledilməz saydı.

Dekabrda elan edilmiş qərar və qərardadlar üzrə hökumət ərizəçilərə ümumilikdə, 29 min avrodan artıq təzminat ödəməlidir.